Modern.az

Tarix müəllimləri niyə sertifikasiyada uğursuz oldu? – Ekspert

Tarix müəllimləri niyə sertifikasiyada uğursuz oldu? – Ekspert

Təhsil

Bu gün, 10:24

Sertifikasiya imtahanlarında tarix müəllimlərinin yüksək sayda uğursuz nəticə göstərməsi təhsil ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.

Modern.az xəbər verir ki, bu fikirləri "Azedu Podkast" proqramında təhsil eksperti Elmin Nuri səsləndirib.

Ekspert bildirib ki, şəxsi müşahidələrinə əsasən tarix müəllimləri ən hazırlıqlı pedaqoqlar sırasında yer alırlar və açıqlanan nəticələr onda ciddi suallar yaradıb.

"Mən tarix müəllimlərindən bu göstəriciyə inanmıram. Mənim tanıdığım 10 tarix müəllimindən doqquzu ən hazırlıqlı müəllimlərdəndir. Başqa fənn olsaydı, deyərdim ki, hazırlaşmayıblar. Amma tarix müəllimləri haqqında bunu deyə bilmərəm", – deyə o vurğulayıb.

Elmin Nurinin sözlərinə görə, tarix fənninin kurikulumu və məzmun standartları digər fənlərlə müqayisədə daha genişdir. Bu isə sertifikasiya imtahanında sualların daha mürəkkəb hazırlanmasına təsir göstərən əsas amillərdən biridir.

O qeyd edib ki, tarix müəllimlərinin sertifikasiya sualları ilə bağlı narazılığı əvvəlki illərlə müqayisədə daha geniş miqyas alıb və bu məsələ diqqətdən kənarda qalmamalıdır.

"Sertifikasiya bitdi, amma bu məsələ unudulmamalıdır. Mindən çox tarix müəlliminin 31 baldan aşağı nəticə göstərməsi o demək deyil ki, onların hamısı zəif müəllimdir. Burada araşdırılmalı və düzəldilməli olan başqa məsələlər də var", – ekspert bildirib.

Elmin Nuri hesab edir ki, tarix müəllimləri şagirdlərdə milli düşüncənin formalaşmasında xüsusi rol oynayırlar və onların peşəkarlığı ilə bağlı yaranan suallar obyektiv şəkildə araşdırılmalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR