Sertifikasiya imtahanlarında bəzi fənlər üzrə sualların həddindən artıq asan olması və müəllim peşəsinə yanaşma təhsil ictimaiyyətində müzakirə mövzusu olaraq qalır.
Modern.az xəbər verir ki, təhsil eksperti Elmin Nuri bu fikirləri "Azedu Podkast" proqramında səsləndirib.
Ekspert bildirib ki, fiziki tərbiyə, texnologiya və təsviri incəsənət müəllimlərinin sertifikasiya imtahanlarında istifadə olunan sualların sadəliyi müəllimlərin özləri tərəfindən də etiraf olunub.
Onun sözlərinə görə, imtahandan sonra danışdığı müəllimlərin əksəriyyəti sualların "asan yox, həddindən artıq asan" olduğunu deyib.
"Müəllimlər deyirdilər ki, bu sualları mənim şagirdlərim də cavablandıra bilərdi. Bu, sualların kifayət qədər sadə səviyyədə tərtib olunduğunu göstərir", – deyə Elmin Nuri bildirib.
Ekspert hesab edir ki, bəzi fənlər üzrə məktəblərdə müəllim çatışmazlığı və rəqabətin zəif olması da imtahan suallarının hazırlanmasına təsir göstərən amillərdən biri ola bilər.
Elmin Nuri podkastda müəllimlərin maddi vəziyyəti ilə bağlı müzakirələrə də toxunaraq elm və təhsil naziri Emin Əmrullayevin "yazıq müəllim" yanaşmasının aradan qaldırılması ilə bağlı fikrini dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, müəllim peşəsinə aciz və imkansız peşə kimi yanaşmaq düzgün deyil.
"Artıq "yazıq müəllim" modeli aradan qalxmalıdır. Bu, ilk növbədə müəllimin özünə qarşı haqsız yanaşmadır. Son illərdə müəllimlərin əməkhaqları artıb və bu stereotiplər dəyişməlidir", – deyə ekspert vurğulayıb.
Bununla yanaşı, Elmin Nuri qeyd edib ki, müəllimlərin problemləri də diqqətdən kənarda qalmamalı, peşənin nüfuzu qorunmalı və cəmiyyətdə müəllim obrazına qarşı formalaşan mənfi stereotiplərin dərinləşməsinə yol verilməməlidir.