Modern.az

Builki keçid balları: Hansı ixtisaslarda artım, hansılarda enmə gözlənilir? 

Builki keçid balları: Hansı ixtisaslarda artım, hansılarda enmə gözlənilir? 

Təhsil

Bu gün, 12:32

2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının əsas mərhələsi artıq yekunlaşmaq üzrədir.

Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında builki qəbul kampaniyası ilə bağlı proqnozlarını bölüşüb.

Ekspert bildirib ki, hazırda II və III ixtisas qrupları üzrə həm birinci, həm də ikinci cəhdin, I və IV ixtisas qrupları üzrə isə birinci cəhdin nəticələri məlumdur. Onun sözlərinə görə, qəbul imtahanlarının əsas mərhələsi başa çatsa da, apellyasiya prosesi davam edir və ayın sonunadək yekunlaşması gözlənilir.

Elçin Əfəndinin sözlərinə görə, aparılan müşahidələr və respondentlər arasında keçirilən sorğular göstərir ki, bu il I və II ixtisas qruplarında müsabiqəyə qatılan abituriyentlərin sayında artım var. Bu isə həmin qruplarda keçid ballarına təsir göstərəcək.

"III ixtisas qrupunda müsabiqəyə qatılan abituriyentlərin sayı ötən illə müqayisədə yüksək olaraq qalır və burada da müəyyən dəyişikliklər gözlənilir. IV ixtisas qrupunda müraciət sayı ötənilki səviyyədədir. V ixtisas qrupunda isə xüsusilə qabiliyyət tələb edən ixtisaslar üzrə keçid ballarında müəyyən enmə gözlənilir. Bunun əsas səbəbi buraxılış imtahanlarının nəticələrinə əsasən qəbul aparılması və bu il həmin imtahanda abituriyentlərin müəyyən çətinliklərlə üzləşməsidir", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, V ixtisas qrupunda qabiliyyət imtahanı tələb etməyən ixtisaslarda isə yüksək keçid balları qorunacaq.

Elçin Əfəndi hesab edir ki, bütün ixtisas qruplarında ingilis dilində tədris olunan proqramlara qəbul ənənəvi olaraq yüksək ballarla davam edəcək.

"I ixtisas qrupunda kənd təsərrüfatı və aqrar yönümlü, eləcə də bəzi texniki ixtisaslarda keçid ballarının əvvəlki illərdə olduğu kimi formalaşacağını gözləyirik", – o əlavə edib.

Ekspert II ixtisas qrupu üzrə biznes, marketinq, turizm, statistika, coğrafiya və hidrometeorologiya kimi ixtisaslarda ciddi bal artımı gözləmədiyini, digər əksər istiqamətlərdə isə keçid ballarının yüksələcəyini bildirib.

III ixtisas qrupu üzrə muzeyşünaslıq, dinşünaslıq, islamşünaslıq, sosial iş, tərcümə, xarici dillər, bədii yaradıcılıq, ekran dramaturgiyası, sənətşünaslıq, kino, teatr və rəssamlıq kimi ixtisaslarda ötən illə müqayisədə ciddi dəyişiklik proqnozlaşdırılmır.

Bununla yanaşı, ekspert pedaqoji istiqamətlər üzrə rəqabətin daha da artacağını düşünür.

"İbtidai sinif müəllimliyi, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi kimi pedaqoji ixtisaslarda keçid ballarında müəyyən artım gözlənilir", – deyə Elçin Əfəndi vurğulayıb.

IV ixtisas qrupu ilə bağlı danışan ekspert stomatologiya ixtisasında müəyyən bal enməsi gözlədiyini, tibb ixtisasında isə ciddi dəyişiklik proqnozlaşdırmadığını bildirib.

"Biotexnologiya, psixologiya, kimya və biologiya istiqamətlərində də keçid ballarında müəyyən azalma müşahidə oluna bilər", – deyə o qeyd edib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 2-ci paytaxtı darmadağın edildi: Alov bütün şəhəri bürüdü