Azərbaycan təhsilə beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi yanaşır. Bu siyasətin əsas mexanizmlərindən biri əcnəbi tələbələr üçün həyata keçirilən qrant proqramlarıdır.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş “Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans”da çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 2018-2023-cü illərdə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün xüsusi təhsil qrantı proqramları həyata keçirilib. Bu proqramlar çərçivəsində 200-ə yaxın əcnəbi tələbə Azərbaycanda ali təhsil almaq imkanı əldə edib.
E.Əmrullayev bildirib ki, bu təcrübə əsasında 2023-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə daha genişmiqyaslı təşəbbüs - Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramı təsis edilib.
Proqram beş il müddətinə nəzərdə tutulub və bu müddət ərzində 500 əcnəbi tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı yaradılacaq.
Nazir qeyd edib ki, proqramın ilk icra ilində 35 ölkədən 100 tələbəyə qrant verilib. Növbəti ildə isə proqramın əhatə etdiyi ölkələrin sayı 51-ə çatdırılıb.
“Bu göstəricilər vacibdir, lakin belə proqramların dəyərini yalnız rəqəmlərlə ölçmək mümkün deyil”, - deyə Emin Əmrullayev bildirib.