Türkiyənin Milli Müdafiə Nazirliyi Rusiyanın İstanbulda imzalanan taxıl müqaviləsindən çıxmasına münasibət bildirib.
Modern.az-ın xəbərinə görə, Rusiya taxıl sazişində iştirakını müvəqqəti olaraq dayandırdığı barədə Türkiyəyə məlumat verib.
Açıqlamada bildirilib ki, İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzində çalışan Rusiya heyəti hələ də Türkiyədədir və problem tam olaraq həll olunana qədər Ukrayna limanlarından çıxan gəmilərin taxıl dəhlizi üzrə hərəkəti dayandırılacaq, eyni zamanda, İstanbul ətrafında gözləyən taxıl gəmilərinin yoxlanılması bu gün və sabah davam edəcək.
Nazirlik qeyd edib ki, Türkiyə tərəfi danışıqların davam etdirilməsinin və mənfi təsir göstərəcək hər hansı təxribatın qarşısının alınmasının tərəfdarıdır.
“Türkiyə Cümhuriyyəti indiyə qədər olduğu kimi bölgədə sülhün və humanitar yardımın təmin edilməsində üzərinə düşəni etməyə davam edəcək”, - nazirliyin açıqlamasında vurğulanıb.
Qeyd edək ki, Rusiya taxıl müqaviləsindən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır.
Rusiya tərəfi iddia edir ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Ukrayna isə deyilənlərin tamamilə yalan olduğunu açıqlayıb.