Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 21-də rəsmi səfərlə Londona gedib. Səfər çərçivəsində o, Böyük Britaniya kralı III Çarlzla görüşüb.
Görüş zamanı tərəflər Ukrayna-Böyük Britaniya münasibətləri və bölgədəki son hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Modern.az-ın məlumatına görə, Kral III Çarlz Ukrayna liderini Vindzor sarayında qəbul edib.
Protokol şəkillərində diqqət çəkən məqam isə Zelenskinin seçdiyi geyim olub. O, qara rəngli klassik üslubda pencək və şalvar geyinib. Ayaqqabısı da qara rəngdə olub. Britaniya kralı isə ənənəvi boz rəngli kostyum, ağ köynək və açıq tonlu qalstuk seçib.
Bu detal isə bir sıra Qərb və Rusiya KİV-lərində Zelenskinin üç ildən sonra ilk dəfə klassik kostyum geyinməsi kimi şərh edilib.
Lakin fotolardan aydın görünür ki, bu, tam klassik kostyum deyil - daha çox “business casual” üslubunu xatırladan qara pencək və şalvardır.
Zelenski müharibə başladıqdan bəri beynəlxalq tədbirlərdə, rəsmi səfərlərdə daim hərbi və ya rahat geyimə üstünlük verir. Tünd yaşıl və ya qara rəngli sviter və ya hərbi tərz köynəklərə üstünlük verən Ukrayna lideri bu geyim seçimi ilə ölkənin hələ də müharibə şəraitində olduğunu simvolik şəkildə xatırladır.