Modern.az

Bunu unutmayaq...

8 Noyabr 2019, 11:56

Elçin Alıoğlu


Depressiyanın nə olduğunu hamımız bilirik. Ruh düşkünlüyü, qəmginlik, ümidsizlik, əsəb, nevroz. Hamısı bir yerdə.

Depressiyada olan insana əsla deyilməyəsi sözlər var. Əslində bu kəlmələr xoş məramla deyilir. Fəqət, onlar depressiyada olan adama ünvanlanıbsa, çox təhlükli ola bilər, zərər vura bilər.

Bu səbəbdən də depressiyaya qapılmış insana əsla deyilməyəcək sözlərin və ifadələrin siyahısını sizə təqdim edirəm.

1. "Hər şey normaldır, fikir vermə, hamıda depressiya olur". Gerçək odur ki, hamıda depressiya olmur. Əlbəttə, insanlar bəzən qəmlənir, kədərlənir, qüssələnirlər. Lakin qüssə və qəm hissdir, depressiya isə xəstəlikdir. Onlar fərqlidir. Çox fərqli.

Niyə? Çünki depressiya xroniki xəstəlikdir. Qüssə, kədər və qəm isə müvəqqətidir, keçib gedir. Kədər və qüssənin həmişə səbəbləri var. O səbəb həmişə xarici olur.

Depressiyanın simptomları kənar amillərdən asılı olaraq güclənə bilər. O amillər öz-özlüyündə depressiyaya səbəb olmur. Depressiya xəstəlikdir. Orqanizmdəki kimyəvi, bioloji, ekoloji və ya genetik amillərdən yaranan nasazlıqdır.

2. "Sadəcə, gülümsə və özünü əla hiss edəcəksən". Xərçəng xəstəsinə gülümsəyərək mərəzə qalib gəlməyi məsləhət görərdiniz? Bəs ayağı sınmış adama sınığı bağlayıb sevinməyi və ya sınığa baxıb gülümsəməyi deyərsiniz? Təbii ki, yox.

Absurddur və hamı da dərk edir. Travmalar, sınıqlar və xəstəliklər həkim müdaxiləsini tələb edir. Yaraları və sınıqları sadəcə, iradə ilə müalicə etmək olmur.

Problem odur ki, depressiya psixonevroloji xəstəlik olduğundan çoxları onu şüur və ya iradə nəsnəsi sayırlar. Çoxları düşünür ki, seçim məsələsi və ya iradə gücü problemidir. Sən demə, depressiyanı unutmaq da olarmış.

Depressiya belə deyil. Onunla nə qədər sərt və qətiyyətlə mübarizə aparırsansa, hisslərinlə nə qədər çarpışıb gülümsəməyə çalışırsansa, özünü o qədər pis hiss edirsən. İnanın, hər şey belə asan olsaydı, depressiyadakı insanlar daim gülümsəyərdilər.

3. "Niyə belə qəmlisən? Niyə depressiyaya qapılıbsan?" Sarsaq suallardır. Adam niyə qəmləndiyini bilmir ki. Daha doğrusu, çox istərdi səbəbini desin, amma bacarmır.

Depressiya da başqa mərəzlər təki xəstəlikdir. Təbii, bu mərəzə tutulan "Niyə mən?!" soruşa bilər. Amma lütfən, insanı bu suala vadar etməyin. Sual insanı sağaltmır, daha şən etmir.

4. "Hər şey daha pis ola bilərdi". Hə, təbii ki, ola bilərdi. Depressiya var, ya yox - hər şey pis ola bilərdi. Depressiyanın ağırlığı kənar amillərlə ölçülmür. Hansısa biliklər, depressiya barədə məlumatlar insanı əzabdan xilas etmir.

5. "İdmanı, meditasiyanı, duaları sınamısanmı? Bəlkə pəhriz saxlayasan? Ya ot çayları?" Alternativ təbabətin və ya praktikaların əleyhinə deyiləm.

Əslində, bütün bunlar depressiya ilə mübarizə aparana simptomların öhdəsindən gəlməyə yardım edə bilər. Eynən xroniki xəstəliyin tutmalarının öhdəsindən gəlmək istəyən bir başqa birisinə də. İdmanla məşğul olmaq insanı depressiyadan xilas etmir, edə də bilməz.

Səbəb - depressiya bioloji əsaslıdır. Səbəbi də kimyəvi disbalansdır. Depressiya tibbi müdaxilə tələb edən xəstəlikdir. Şəkərli diabet və ya ürək çatışmazlığı kimi.

6. "Sevinməli və minnətdarlıq etmək gərəkdiyin o qədər nəsnə var ki... Niyə bədbinsən?!" Bu da "hər şey daha pis ola bilərdi" kimi səslənir. Hə, depressiyadakı insanın gözəl övladları, yaxşı işi, dostları ola bilər. Amma minnətdarlıq və ya şükranlıq əfsuslar olsun ki, xəstəliyi müalicə etmir.

7. "Depressiyalı insana bənzəmirsən". Fotonuzu çəkəndə və ya çəkdirəndə nə edirsiniz? Əlverişli rakurs arayır, gülümsəyir, yoxsa absurd mimika ilə kameraya baxırsınız? Bəlkə o fotolar arasından yalnız ən yaxşıları seçib sosial şəbəkələrdə paylaşmırsınız? Belə edirsiniz.

Əla.

İndi deyin: axı nədən ən yaxşı fotoları paylaşırsınız? Çünki hamınını sizi belə görməsini irstəyirsiniz, belə qəbul etmələrini arzulayırsınız. Depressiyalı insanlarda da eyni vəziyyətdir. Bundan başqa, depressiyalı insanlar arasında az adam var ki, telereklamlardakı "depressiyalı insan" obrazına bənzəsin.

8. "Hamısı beynindədir, rahat ol". Bu ifadə tamamilə yanlışdır, pisdir, təhlükəlidir. Çünki ifadənin mənası odur ki, depressiyadan əziyyət çəkən insanın xəstəliyi üzərində nəzarəti olmalıdır. Yəni o, xəstəliyinə xəstə olduğuna görə yox, iradəsiz olduğuna və ya istəmədiyinə görə nəzarət edə bilmir.

Belə düşüncə tərzi çox təhlükəlidir. "Depressiyadan niyə qurtula bilmirəm? İradəsizəm, zavallayım. Yəqin ağlımı itirirəm. Həyatımın öhdəsindən gələ bilmirəm. Aman, Allahım..."

Depressiyadakı insan üçün ya hər şey var, ya heç nə yoxdur. İfrata varmaq var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU