Firuz Mustafa
O paltarlardan birincisini hər kəs əyninə geyir.
Bu paltar insanın bədənini hifz edir, qoruyur.
Bu paltar insanı abırlı, həyalı göstərir.
Bu paltarı soyunub ictimaiyyət içinə çıxanlara “utanmaz” deyirlər.
Bu cür paltarların gündə birini almaq, satmaq, geymək, dəyişmək, kənara atmaq mümkündür. Bu məsələdə hər kəsin tez-tez dəyişən zövqü və seçimi ola bilər...
İnsan digər bir “paltarı” isə daxilən geyir.
Həmin “geyimin” adı vicdandır.
Bu “geyim” də elə o birisi geyim kimi adamı abırlı, həyalı göstərir.
Adi gözlə görünməyən bu “iç paltarın” şəfəqləri adi gözlə görünən “üst paltarın” rənglərinin üstündən xətt çəkir. Bu paltar hər kəsə əzəmət verir.
Amma bu “iç geyimi” yalnız bir dəfə “əldə etmək”, bir dəfə “soyunmaq”, bir dəfə atmaq mümkündür.
Və bundan sonra onun yenisini, təzəsini əldə etmək mümkün olmur.