Modern.az

Bir hərfin min dərdi... - “Azərbaycan gəncləri”ndə aləm necə qarışdı...

25 May 2020, 09:31

Firuz Mustafa

“Azərbaycan gəncləri” qəzetinin Cəfər müəllim adlı əməkdaşı vardı. Boy-buxunlu, cüssəli, gülərüz, mehriban bir adamdı. Korrektor işləyirdi. Əslində qəzetdə ondan başqa Vəkil adlı digər bir korrektor da vardı.

80-ci illərin əvvəlləri, L.İ.Brejnevin Baş katib olan vaxtları idi. Redaktor Cəfər müəllimə xüsusi bir tapşırıq vermişdi:

“Sənin başqa materiallarla işin olmasın. Qalan materialların korrektə işlərinə Vəkil baxacaq. Sən qəzetdə əsasən Brejnev yoldaşın ad-familiyasına diqqət yetir. Səhv getsə, başımız ağrıyacaq. Əsas işin isə L nöqtə İ nöqtənin (yəni L.İ.) yerli-yerində işlənməsinə nəzarət etməkdir”.

Cəfər müəllim verilən tapşırığa layiqincə əməl edir, həftədə üç dəfə çıxan qəzetdə L və İ hərflərini “güdürdü”. Hətta, bəzən dəhlizdə belə dodaqalti “L nöqtə İ nöqtə Brejnev” deyirdi.

Bu məsuliyyətli adamın ürəyində müəyyən problem vardı və çox vaxt əli sinəsinin üstdə olardı. Qəzetin əməkdaşı, təbiətən zarafatcıl olan və üstəlik də Cəfərin orta məktəb dostu şair Tofiq Mütəllibov arada həmkarımıza söz atırdı:

“Cəfər, bax ayıq-sayıq ol ha... Birdən Brejnev sözündən əvvəl L.İ. yox, L.N. gedər, əziz Leonid İliçin yanında biabır olarıq...”

Bir gün qəzet çap olunub abunə və satışa gedəndən sonra redaksiyada aləm bir-birinə dəydi. Komsomolun MK-sından zəng vurub bildirdilər ki, qəzetdə çox biabırçı, bağışlanmaz, kobud bir səhv gedib. Sən demə, Baş katibin familiyasının qarşısındakı hərflərdən biri Cəfər müəllimin gözündən “yayınmış”, nəticədə qəzetdə “L.İ. Brejnev” əvəzinə “L.N. Brejnev” gedibmiş.

Təbii ki, Cəfər müəllimə töhmət verildi. Və bizim korrektor dostumuz bir müddət Tofiq müəllim ilə küsülü oldu.

Səbəbini isə özü belə izah edirdi: “Tofiq, sənin L.İ. əvəzinə L.N. deməyin çaşdırdı məni”...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı