Modern.az

SSRİ-nin bərpasını istəyənlərin menyusuna

22 Aprel 2020, 09:54

Firuz Mustafa


Mən də birliyin tərəfdarıyam. Amma SSRİ birliyinin yox, Avropa Birliyi formatında olan birliyin.

Qısa yazacam. Ötən il Rusiyanın ucqar şəhərlərindən birində yerləşən teatrda pyesimin tamaşası idi. Həm para qıtlığından, həm də yolboyu mənzərələri seyr etməkdən dolayı avtobusla səfərə çıxmağı qərara aldım. Bir sözlə, həm gedəndə, həm də gələndə minik vasitəm avtobus oldu. Cəmi 4 min km. yol qət etdim.

Sözüm onda deyil. Geri qayıdanda yanımdakı səfər yoldaşım bir Dağıstan ziyalısı idi.

Avtobusu az qala hər addımda saxlayırdılar. Sərnişinləri yol boyu bəlkə də 7-8 yerdə “süzgəcdən” keçirir, pasport yoxlanışına cəlb edirdilər. Hətta, sözə baxmayan adamları zəif oxuyan şagirdsayağı “üzüdivara” qoyurdular.
Düzü, bu yoxlanışı aparan əsgər və milislər mənə çox da “ilişmirdilər”. Bu, görünür həm mənim xarici ölkə vətəndaşı olmağımla, həm də yaşımla bağlı idi...

Uzun sözün qısası, yanımdakı dağıstanlı qardaş axırda dözə bilməyib dedi:

- Bax görürsüz başımıza nə oyun açırlar? Bəyəm bu bizə lazımdır? Sonra da deyirlər ki, xalqlar niyə müstəqillik istəyir?.. Siz xoşbəxt millətsiz. Müstəqillik gözəl nemətdir.

Əlbəttə, mənim rus xalqına, rus mədəniyyətinə rəğbətim böyükdür. Elə SSRİ-nin müsbət cəhətlərini də inkar etmək olmaz.

Bu günlərdə Rusiya prezidenti cənab Putin yenidən SSRİ-nin bərpa ehtimalı və arzusunu dilə gətirmişdi.

Hansı birlikdən söhbət gedə bilər? Tarixən mövcud olmuş “birliyin” adı çəkiləndə bizim gözümüz önündə həm də sürgün yolları, QULAQ, qırmızı terror, saxta plandoldurmalar, müharibələr, Çexiya, Polşa, Macarıstan, Tiflis mayı, Bakı yanvarı canlanır...

Şəxsən mən özüm birlik tərəfdarıyam. Amma... Amma SSRİ və Rusiya tipli sistemlərlə yox, Avropa Birliyi formatında olan insani, bəşəri dəyərlərə yüksək qiymətin verildiyi birliyin.

Yəqin ki, çoxları belə düşünür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi