Vəfa Allahverdiyeva
Xanım olan bir kəsin ərsiz qalaraq, çağdaş kapitalizm şərtləri altında ev, uşaq yükünə çiyinlərini qoyması olduqca çətindir.
Hələ o xanım xəstə övlada özünün xəstə halıyla sahib çıxmaq məsuliyyəti altındadırsa, bu, lap dəhşətdir.
Könül Xasıyevanın ilk dəfə efirdən gördüyümüz qüssəli halı, heç qurumayan göz yaşları, dərdli, aciz görkəmi onun muğamda göstərdiyi hünərə və qüdrətli ifaçı imicinə, üstəlik, sənət cameəsinin sərvətə rahat əli çatdığı bir gerçəklikdə bir az zidd görünmüşdü ki, əslində hər çür müqayisədə, onu ani anlamamaqda bir tələskən, təhlilsiz düşüncə var idi.
Halbuki o, yalnızca səsi ilə pul qazana bilən kateqoriyanı təmsil edib, hər zaman.
Sənətdəki abrı-həyası olmayan fironlar kimi qadınlığını da natəmiz üsullarla sərvət toplamaq vasitəsinə çevirmirdi, axı.
Nə olsun ki, neçə illər sənətdə istedadı ilə at oynadıb.
Tək sənətlə qazanılan pullar güclü klinikaların qapısını açmağa kifayət etməz.
200 minlik modern maşınlar, 500 minlik mənzillər olmalıdır, biri satılmaqla, Səni düşdüyün dərdin əlindən salamat çıxarsın; hörmətli bir statusu olan Səni cəmiyyətə aciz görkəmdə təqdim edib, sındırmasın...
Könül Xasıyevanın adının üzərindəki muğam kəlməsi onun qaralmış taleyini ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın şəfqətli əlində həll edəcək.
Dünən həyata, yaşamağa stimul verən addımlardan vacibi atılıb. Şəhərin mərkəzində komfort mənzillə təmin edilib. Bircə balasının müalicəsi üçün satdıqlarının maddi olaraq yeri dolub; həm də mənəvi güc qazanıb.
Bu diqqət öz ardını gətirən və xanım ifaçını övladı ilə birgə sağlamlığına qovuşduran müalicəyə qədər humanist xarakterli geniş bir qərarı əhatə edir, əminik. Könül Xasıyeva öz acısında qovrulanlardan olmayacaq.
Amma...
Amması budur ki, niyə belə müşküllərdə həmişə birinci xanım araya girməlidir?!
Söhbət başqa isimdən-filandan da getmir, yox, qoy, daşları sındıran muğam daş ürəkləri sındırmasın heç. Çünki insanın başqasına möhtaclıq hiss etməsi onu şəxsiyyət kimi sındırır.
Söhbət məhz sənətin özündən, konkret muğamdan gözlənilən təmənnadan gedir!
Adamın birdən möhtəşəm Muğamın özünə da üsyan etməsi gəlir: ezaskarsan, amma sənin fəlsəfəni, gücünü açana, təqdim edənə yüngül musiqinin yüngül musiqiçiyə qazandırdığı böyük imkanları verə bilmirsən!
Səni yaşadıb qərinələrə daşıyanı Sən cismən yaşada bilmirsən!
Fenomensən!
Unikal bir möcüzəsən!
Mədəniyyətin zirvəsi, adı, hörməti, hər şey Sənsən, halbuki!
Bu tənqidi, acıqlı ritorikanın ünvanı zövqünü itirmiş cəmiyyət, pullarını layiqsizlərə səpələyən, yüngüllük arxasınca qaçan karlı tamaşaçıdır, əslində.
Muğam burada qəzəbi, iradı, sadəcə, fenomen gücünə görə öz üzərinə almalı olur!
Arsızların, şərəfsizlərin kölgəsində qalanda, layiqli olduğun halda yerini tuta bilməyəndə, insanın bəzən özünə elan etmək istədiyi üsyan kimi.
Zövqü çirklənmiş cəmiyyətə güc çatmayanda, günahsız muğamın yaxasından yapışmaq da belə bir çarəsizlikdir.
Könül Xasıyeva aylardır, pul sarıdan kömək gözləyəndən, muğam aciz görünməyə başlayırdı.
Varlı adamların şəxsi sərvəti ara müğənnilərinin, sənətə kafe və barlardan gələn əməkdar artistlərin cibinə axır, gün kimi aydın. Onların toylarında balaca bir muğam parçası, ya var, ya yoxdur.
Ya da bütöv bir toyu idarə edən estrada, meşşan məzmunlu mahnı yanrı qədər hörmətli olub, saatlar ala bilmir.
Uzağı yarım saat. Dəyəri isə yüngül ifaçıların, bəsit nəğmələrin dəyərindən dəfələrlə aşağı.
Görünüşü, vulqar ifadələrlə sənətçi adı qazananlar Moskvaya qədər bahalı toy qamarlayanda, müxtəlif diaspor təşkilatlarının maraq dairəsində olanda, muğam ifaçıları abrından, muğamın adından, çəkisindən utanıb, vətəndaşa yüksək qiymət təklif edə bilmir, Azərbaycan sərhədlərindən kənara bəxti açılmır.
Zənginlərin uşaqlarına isə qəm, düşüncə nəğməsi yox, sümüyə düşən gurultulu mahnılar, onların siyasətçidən, millət vəkilindən populyar ədalı-yaraşıqlı ifaçıları lazımdır deyə, varlı xəzinəsindən bu tip sənətçilər qazanc əldə edə bilir. Könüllər deyil...
Demək ki, muğam ifaçısının bazarı çoxdan ölmüş bazardır. Muğama ilbəil rəsmi səviyyədə qayğı və diqqət olsa da. Muğam populyarlıq qazansa da. Muğam sənət varisləri yetişdirsə də.
Könül Xasıyevanın aylardır kömək istəyən dilinə səbəb bu reallıqdır.
Bu, dövlət qulluğunda yerləşmək istəyib, yolu əngəllənən bir gəncin durumu ilə eyni məsələ deyil.
Bu, dayday tələb edən məsələ də deyil. Xalis sənət elə bir sahədir ki, orda qəyyumlar, arxalar çox şey edə bilmir.
Orda hər şeyi istedad özü həll edir. Könülün qabiliyyəti həll etdiyi kimi. Di gəl ki...
Muğama mənəvi tələbatın aşağı səviyyəli acı mənzərəsi, cəmiyyətin bəsit zövqü, ciddilik, sanbal, dərin gözəllik istəməyən ruhu ilə bağlı məsələdir.
Muğam üçün toylarda tökülən pullar yüngül ifalara, ifaçılara tökülən pulların üçdə biri də deyil. Düşük mahnıların ifaçılarının qazandığı sərvətin yarısı ciddi musiqi arxasınca gedənlərdə yoxdur.
Ağır, ciddi və gözəl üslublar dura-dura cırıq və kirli görünüşlü cins geyimlərə az qala kütləviləşmiş meyl nədirsə, bəsit, gurultudan, söz yığınından ibarət mahnılara, onların göbələk kimi artan ifaçılarına düşkünlük də elə odur-xarab olan zövqümüz, aşağı düşən sanbalımız...
KÖNÜL bir mərhəmətli, MEHRİBAN əldə ovundu. Həyatın qəddar labirintindən çıxmağa etibarlı təsəlli aldı.
Aciz Könül olmadı, Muğam oldu...