Modern.az

Ədəbsiz ərəbin gününə düşmək

6 Fevral 2018, 14:48

Vəfa Allahverdiyeva    

 

X saylı  musiqi məktəbində (ad çəkməyi məqbul saymırıq-müəl.) musiqi məktəbində hər gün  müşahidə edilən qərib və bir az da komik  mənzərənin, əslində isə ciddi problemin, bəlkə hər prospektdə, əhalinin gur olduğu  əksər yerlərdə analogiyası  var.

Günahkarı  yollarda ayaqyolu üçün çətin duruma düşənlər, qızara-qızara bu qapıdan izn alanlar deyil. Müasir tikintinin qüsurlu tərəfidir... 

Kim olsa, narazı düşər, kobudluq edər; axı bir məktəb kompleksi ona aid insanların istifadəsinə daxildir. Mahiyyəti bir şey olmayan bu bəsit yerə başqaların haqqı çatmır.   

Məktəb rəhbərliyi bundan xoşlanmasa da, son hökmü yenə də vicdan verir.

İnsanlıq narazılığı içdə boğur və balaca məktəbin tərtəmiz balaca  ayaqyolusu yoldan ötüb keçənlərə də xidmət göstərmiş olur.

Həm izn vermək, həm sərt baxışlı olmaq...

Təhsil vəzifəsini yerinə yetirən azyaşlı məktəblinin natəmizliyi yoldan keçən naməlum şəxslərin özündən asılı olmayan pintiliyinə qarışır, çünki.  Canları boğazlarına yığılıb, artıq. 

Düz-əməlli əmək haqqıya sahib olmayan xadimə özgələr üçün də səliqə-səhman yaratmaq məcburiyyətinə düşür. 

Üstəlik, axı Allahın suyu da  pulla və limitlə həll olunur! Yollarda sıxışıb qalanlara isə bu məcburi iznın heç bir qarşılığı yoxdur. 

Baxın: əvəzində bir mərhəmət və  qayğının yaratdığı sonuc nədir- əsəb!   

Eyni halı Yeni il vaxtı bulvardakı ictimai ayaqyolu erkən bağlandığından, McDonaldsa olan axında müşahidə etmişdik.

O boyda bulvara iki ayaqyolu, ikisi də lazımı  saatlarda bağlı.

McDonaldsdakı iki ayaqyolu kabinetinin qarşısındakı ucu görünməyən növbə küçələrdə sıxışıb buraya qaçanlar idi, buranın müştəriləri yox. 

Kütləvi əyləncə məkanında nəzarətçilərin ayırd edə bilmədiyi bir sui-istifadə.

Demək,  birinə yalvarıb, qızarıb, birinə aldadıb girmək!

Yalvarmasa, aldatmasa, keçən il şəkilləri sosial şəbəkəyə düşən ədəbsiz ərəb kimi küçələrin ortasında daha pis biabır olmaq vəziyyətinə düşən insanlar.

Halbuki yazıq ərəb də bu günə bizim səhvimizdən dolayı düşmüşdü; istədiyimiz qədər lağa qoyduq, daşladıq!

Gördüyümüz,  görmədiyimiz  mövcud  belə hallar könüllü seçim deyil, məcburi tərcihdir. 

Sən iri meqapolisə çevrilmiş,  turizm baxımından cazib bir yer olan şəhərə müasir infrastruktura yaradasan, ən vacib bölümü yaddan çıxarasan.

Halbuki yol mədəniyyətinin içərisində ən böyük və lazımlı mədəniyyət elə  budur; yanında bol suyu, təmizləyici vasitələri ilə.

Bələdiyyə institutu oturuşmuş və mükəmməl qurulmuş ölkələrdə ictimai ayaqyolu ideal səviyyədədir. İctimai ayaqyolunun yaxşı təşkili bu idarəçilik qurumuna hörməti artıran amillərdən biridir.    

Demoqrafik proseslərin sürətlə getdiyi bir vaxtda,  şəhərə kütləvi axının dayanmadığı bir gerçəkdə yeraltı keçidlərdə ictimai ayaqyolunun mümkünlüyünü unutmaq müasir arxitektura üçün kobud və bağışlanmaz bir səhvdir.

Kimə lazımdır, parıldayan mərmər daşlar,  əgər yanında rahat ayaqyolu xidməti tapılmırsa?.. 

Yeraltı piyada keçidləri nə qədər təhlükəsizlik üsuludursa, bir o qədər ictimai ayaqyolu üçün münasib və  optimal nöqtədir. 

Bunu isə professional memarlar, peşəkar arxitektorlar idrak edə bilərdi, görünür  ki, yeni inşaatda onların  isimləri və tövsiyyələri heç kəsə lazım olmayıb. 

Yeni inşaat tərzi bir gün haqlı bilinib tikilən, bütün aspektlər nəzərə alınmadığı üçün, az sonra yanlış bilinib sökülən inşaat olduğundan, istehzaya rəğmən, ictimai ayaqyolu probleminin çözüləcəyinə  ümidləri  hələ ki öldürmür- sökülər, tikilər...

Əks halda,  vicdanlının mərhəməti əskilər, səbri tükənər, qapını bağlayar bir gün; Ədəbsiz ərəb turistin halına hər gün düşən özümüz olarıq!

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var