Modern.az

Ölkədən çıxmaq NİYƏ?

22 Dekabr 2017, 15:03

Vəfa Allahverdiyeva


Zaman-zaman gördüklərimiz düşüncəmizə hopdurub ki, yekə bir adam vəzifəsindən çıxarılıbsa, ya ölkəni tərk edəcək, ya da hansısa Asiya, MDB ölkəsinə səfir göndəriləcək.

İstər problemlı Şərq mühitində, onun ən geri qalmış dövlətlərində olsun, istər Avropaya çox az oxşayan  keçmiş sovet məkanında-buralarda səfirlik etmək, istənilən sabiq məmur üçün  ideal variantdır; səhvləri olubsa əgər, bu, ən yaxşı əfvdir.  

Amma ölkəni tərk planı  qədər axmaq bir fikir ola bilməz...

Məmur, oliqarx  obrazında olmuş insan ölkəsini hansı halda tərk edər? 

Ya arxada elə bağışlanmaz qəbahətlər, bilinən-bilinməz cinayətlər  qoyub ki, qaçmaq istəyər. Halbuki ədalət mühakiməsindən qaçmaq mümkün deyil. “MTN” işinə aid böyük başlar qaça bildilərmi?  

Ya qeyri-qanuni elə həcmdə kapital toplayıb ki, o sərvəti xilas etmək, uzaqlara daşımaq qərarına düşər. Halbuki haramı gizlinlərə çəkib aparmaq qeyri-mümkündür. Kim çəkib apara bildi ki?!  

Ya da əlindən çıxan mövqeyi, aşağı düşən nüfuzu üçün incikdir, küsüb gedər. Halbuki dövlət işlərində küsmək kəlməsi, hərəkəti  olduqca gülünc və qüsurludur. Küsənlərin taleyi ortadadır.

Başqa sözlə, vəzifəsizlik dərdini öz çevrəsində, vətənində çəkmək ağırdır, kimsə ilə göz-gözə gəlmək istəməz. Hansı ki vəzifə əlimizin içindəki sonsuz tale xətti, əbədi şans  deyil.  Kreslo kimin ovucunda qalır ki?! 

Hətta bu da var ki, sən xarakter etibarilə o qədər təhlükəli birisən ki, sənin getməyin, ümumiyyətlə, hamı üçün arzuolunan və xeyirlisidir. Axı potensial xainlər, böyük koorrupsionerlər fəlakətdən başqa bir şey vəd etmir; Əsla islah olunmur.   

Fəqət bu nədənlərlə sərhədləri yer, göy nəqliyyatı ilə adlayıb, dörd tərəfə üz tutmaq asan ola bilər. Geri gəlməksə yox!

Rəsul Quliyev kimi.

Ayaz Mütəllibov kimi.

Bir fəlakət, dəhşətli bir kədər üçun bir gün qayıtmaq zorunda utanıb-qızaran, yalvaran  sən olarsan, çünki.

Çünki uzaqlar daimi mənzil deyil; Vətən anlayışı heç deyil.

Ölüm günü möhtac olacağın yer yalnız öz Vətənindir!..Qayıtmağa üzün olmalıdır!..     
  

İctimai rəy keçmiş vergilər naziri Fazil Məmmədovun bundan sonrakı yolunu bu iki istiqamətdə arayır və prezident sərəncamından bəri mövzu elə məhz budur.  

Mətbuat bir şeylər araşdırmağa çalışır; yazır. Bəlkə etibarlı mənbələrdən bilgilər var-bilmirik. Fikrimiz sırf Fazil Məmmədovu hədəfə alıb, müzakirə etmək də  deyil, çünki ortada getməyə və qalmağa dair bir sübut yoxdur, hələlik.  

Hədəfdə olmalı qüsurlu cəhət illərlə formalaşmış  stereotiplərdir, əslində. 

Niyə hər istefada, hər vəzifə itkisində aktuallaşır, qabarır. Niyə daşlaşır, nümunəyə çevrilir, kürsüdən düşənin ağlını oğurlayır, onun qarşısındakı ən yaxşı yollardan birinə çevrilir. Başqa yol yoxmuş kimi...    
  

Bildiyimiz bir şey var ki, vəzifə yoxdursa, şöhrət əldən çıxıbsa, özünü kinə, hikkəyə təslim edib, baş götürüb buralardan getmək lazımdır düşüncəsi siyasi mədəniyyətin çatışmazlığı,  ictimai əxlaq yetərsizliyi, şəxsiyyət natamamlığı, görəvə, məqama qeyri-sağlam münasibətlə bağlıdır.

Bu, gəzmək deyil, geri qayıdan günün bəlli olsun, səbrin olsun. Bu, ağır ictimai töhmət, ictimai qınaq altında  ömürlük özünü qürbətin soyuq üzünə, geridönüşü çətin bir  yola  həbs etdirmək, fərari damğasını kürəyinə almaqdır.

Bütün şüuraltı qərarlar sonradan peşmançılıq yaradır.

Misir Məmmədovla  Ziya Məmmədovun timsalında da alternativ bir nümunə var. Sübut etdilər ki, uduzmaq da olar, maddiyən itirmək də, ölkədə sona kimi qalmaq da.

Hətta o boyda vəzifələrdən sonra səsi-küyü olmayan elm ocağında, ev sükunətində ömrün davamını yaşamaq da  mümkündür.

Bəd ayaqda başı dinc, qulağı sakit, siravi vətəndaşsan. Keçmiş nazir Ziya Məmmədovun dediyi kimi...

Bundan yaxşısı nə ola bilər ki-mənəvi rahatlıq da, iqbal da Vətənin içindədir.      

Kim olursan, ol, bundan ideal əxlaqi düstur yoxdur: uduz, itir, barış və öz ölkənə buxovlanıb qalmağı bacar. Fazil Məmmədovun da götürməli olduğu nümunə budur!

Mövcud stereotipin ləğvinə, yanlışlığına  xidmət elə, çünki hər kəsin-küsənin də, inciyənin də, vəzifəsizliyi “həzm” edə bilməyinin də, kinlinin də, sərvətini kənarda yeməyə çalışanın da bir gün dönüb, dolanıb, qayıdacağı son dayanacaq yenə də  öz eli, öz Yurdudur!   

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var