Modern.az

Onların “lobbi”si kim olsun bəs?!

8 Noyabr 2017, 17:04

Vəfa Allahverdiyeva


Milli Məclis kürsüsü, millət vəkili mikrafonu ictimai nəzərləri üzərində daşıyan, yəni, xalqın iki gözü də ona dikilən əsas dövlət tribunasıdır.

Camaata çox maraqlıdır, burdan xitab edilən hər çağırış, səslənən hər tənqid, edilən hər bir giley, qaldırılan hər hansı sosial bəla.   

İclaslar başlar-başlamaz sürətli qiymət artımına adekvat olmayan mövcud  əmək haqlarının azlığına etiraz  içdə boğulub qalmadı; Cəsarətli olanlar dillərinin altındakını ortaya tökə bildilər...

Doğrudan da, millət vəkili yaxşı kostyum geyinməli, yaxşı dincəlməli, uşaqlarının ehtiyaclarını təmin edə bilən ata olmağı bacarmalı, toylardan, el-oba hüzüründən qalmamalıdır.

Amma bunların başında yüksək təminat gəlir ki, millət vəkili sərbəst qiymət siyasəti ilə ayaqlaşmaq üçün  birinci özünün məsələsini müzakirəyə təklif etməli idi.  Edildi də. Necə deyərlər, özünə umac ova bilməyənlər başqasına əriştə kəsə bilməz. Əvvəl evin içi, sonra çölü...olsun.  

Elm adamlarının günü neçə illərdir, solğundur. Onların adı-sanı var; hörmətli bir binadan girib-çıxırlar; libasların gözəl olması şərt, üstəlik, yaxşı yerlərdə istirahət haqqı...həm də yaxşı qidalanması vacib ki, düşünən beyin elmə töhvə verə bilsin. Millət vəkilləri iclaslarda onların yerinə də haray çəkirlər...

Müəllimlərin məsələsi biliklərin qiymətləndirilməsi siyasətinin işləkliyinə qədər ön plandan çıxmırdı ki, həkimlərin vəziyyəti aktual müstəviyə gəlsin.

Nəhayət, çönüb həkimin maaş kartındakı rəqəmlərə də baxan bir nəfər tapıldı. Onların da əmək haqqısına əlavə təklif verildi.

Bunlar hamısı hələlik təklifdir, təbii ki. Son bəlli deyil. Reallıq necə mənzərə ortaya qoyacaq, cavab tezdir. Nə yaxşı ki, haqqını istəmək, başqasını da düşünmək kimi bir pozitiv keyfiyyət, yaxşı bir mənzərə var ortada.  

Amma ortada, həm də yaxşı olmayan, ədalətsiz bir tablo var. Maraqlıdır- bu Milli Məclis, həm də zavodda işləyən, tikintidə ustalıq, qara fəhləlik edən, ayrı-ayrı dövlət, qeyri- dövlət qurumlarında xırda-para işlərin sahibi olan insanların da Milli Məclisi deyilmi?!  

Bahalı marketlər, dolub-daşan yüksək qiymətli bazarlar cəmiyyətin kübarını, savadlı, taleyimizlə məşğul olan qatını  yandırıb-yaxırsa, qəpik-quruşa işləyəni daha betər edir axı-öldürüb-dirildir.

Cəmiyyətin içində bir  market, bazar qorxusu yaşanır.

Ödəniş kassalarının qarşısında çatmaz deyə, əli-ayağı titrəyən daha az təminatlı təbəqədir, nəinki şagird hazırlığından, xəstə əməliyyatından, elm işlərindən, şəxsi biznesindən əlavə yaşam qaynağı əldə edə bilənlər.   

Birgünlük alış-veriş 50 manata gəlib çatırsa və  bir müdir sürücüsü, bir rəhbər köməkçisi, bir tar, kamança, fortepianino müəlliminin...kartındakı vəsait uzağı bir həftəyə yetəcək maliyyədən ibarətdirsə, bu, yaşamaq uğrunda mübarizənin çətinliyi üzərinə düşən parlaq işıqdır, bu parlaq işığı kimsənin görməməsi mümkünsüzdür. 

Fəqət acı gerçək böyük qapılardan içəri keçmir. Millət vəkilinin ürəyini titrətmir, dilinə cəsarət vermir. 

Ya da titrədir, cəsarət verir, sadəcə, əsas təbəqənin dolanışığını düşünmək vacib şərtdir, o biri təbəqə sürünə-sürünə yaşasa da olar!..      

Ali təhsil bəhanəsiylə onları taleyin, kapitalizm deyib qəddar kapitalistin ixtiyarına buraxmaq olmaz.  Bazar münasibətləri də ölkənin qanunları ilə idarə olunur.

Ən aşağı işdə çalışan da bir canlıdır-yeməyə və geyimə ehtiyacı var.

Sən hakimiyyət budaqlarından birisən deyə, dövlətin kisəsindən yeyənlərə “lobbi”çilik edir, kapitalistlə işləyənin əmək istismarını, ehtiyac səbətinə zidd qazancını görmür, yaxud, ayrı-seçkiliklə dövlətin ən aşağı maaş alanını gözdən çıxarır, onun harayına güc qatmaq  istəmirsənsə, bu, ədalət anlayışının  yalan üzüdür.  

O mikrofon, həm də belələrinin sözü üçündür...

Onların “lobbi”si kim olsun bəs?!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var