Modern.az

Türkiyənin dünyanı işğal düsturu...

6 Sentyabr 2016, 14:44

Vəfa Allahverdiyeva  

 

Bu qədər fəlakətin, acıların, sistemli terrorun, ard-arda itkilərin içərisində dönüb insanlıq və mərhəmət haqqında düşünmək, daxildə FETÖ-nün cinayətləri ucbatından qalaqlanmış problemlər bir yana, müxtəlif coğrafiyalarda minlərlə insanın qapısını şəfqətli əllə döymək heç bir dövlətin siyasət modelində yoxdur.

Türkiyə Cümhuriyyəti düşdüyü hər qaranlıq tunelin bağrını səxavət və yardım vəd edən arzularla yararaq, işığa sarı yolunu tapıb, dövlətə içdən, kənardan qəsd etmək istəyənləri, fitri düşmənlərini özünün yüksək fəzilətiylə yenir.

Getdikcə daha kəskin zombiləşən, insanı bir heç sayan qəddar, şərbazlıqla məşğul ikiüzlü  dünyaya, yaxınlaşan bu müqəddəs Qurban bayramı üzərindən, sanki qəsdən özünün təpərini, bitməyən qüvvəsini, tükənməyən iqtisadi xəzinəsini, başlıcası, xeyirxahlıq dolu xarakteristikasını   təqdim edir.

Bu günlərdə dünyanın yeddi coğrafiyasına Türkiyə tərəfindən dağıdılan Qurbanlıq payları hər ölkəyə 1500 baş heyvanın ayrılması ilə nota alınır.

Prezident Rəcəb Tayyib Ərdoğan Orta Asiya türklərini, İndoneziya, Monqolustan, Şimali Afrika, fələstinli müsəlman qardaşların qayğılarına yüngüllük gətirən insani yardım qərarlarının altını şəxsən imzalarkən, Aralıq dənizinin Suriya fəlakətindən yaranan kədərini qucaqlayan, “mənəm-mənəm”- deyən Avropadan ürəkli çıxan kövrək və əliaçıq  Türkiyənin ənənəvi simasını bir az da ülviləşdirmiş oldu.



Qurbanlıq payları ilə paralel Qəzzaya məktəb çantası, velosiped və zəruri qida ehtiyaclarını bəşəriyyətin zavallı, talesiz uşaqlarına çatdırmaq, əslində terrorun, çevrilişin vurduğu zərərə görə  böyük ziyan yaşayan bir məmləkətin durumu ilə ziddiyyət təşkil edərdi.  Lakin bu paradoksallıq Türkiyə üçün dünya insanına qəyyumluq ideyasının gündəmini dəyişmir.  

Heç bir dövlətin dünyaya göstərə biləcəyi belə  böyük bir  “qəlbi” yoxdur. Nə İran, nə varlı-hallı Səudiyyə Ərəbistanı, nə Qərb ölkələrinin siyasətində belə saf, dinamik humanizm prinsipləri mövcuddur. Lakin Türkiyə öz problemləri altında əzilə-əzilə özgələrin qayğılarına məcun olan sərəncamlara imza qoyur.   

Elə məsələnin cazib və diqqətəlayiq tərəfi də buradadır. Yoxsa ki, Türkiyə  yardımsevər bir imiclə dünya insanının qəlbində öz yerini onsuz da  çoxdan tapmışdı.  Onun humanizm  idealı, insanlıq üslubu hərdəmxəyal dəsti-xətt deyil, stabil mənəvi-ideoloji seçimdir.
 

Amma bir var kefinin kök, başının dinc  vaxtı Somalinin ac övladlarını  doyurursan, Fələstin məzlumlarına sahib çıxırsan, Aralıq dənizində ölümlə pəncələşən müsəlmanları xilas edirsən,  bir də var özün bəd ayaqda ola-ola, Suriya sərhəddində terror təşkilatları ilə müharibə apararkən, min cür total hücumlar məngənəsində maddi vəsaitə, humanitar dəstəyə özün daha çox ehtiyaclıykən, planetin hər yerində can verən insanlığa əlini uzadırsan.

Özü də eyni vaxtda yeddi coğrafiyaya. Böyük sayda Qurbanlıq mal-qara ilə. Əlavə zəruri əşya və vacib qida ilə.  

Türkiyəni fenomenal edən, nə onun NATO-dakı güclü ordusu, nə iqtisadi potensialıdır;  insanlıq, humanizm prinsiplərinin dövlətin leytmotivinə çevrilməsi, dünyadakı acılara güclü instinkti onu fövqəladə bir güc sahibliyinə hazırlayır.

Bu güc heç bir ərazi ilhaqını sxemləşdirmir. Osmanlı sərhədlərinə xiffət və nostalgiya ilə gedib çıxmağı hədəfləmir. Silahın, texnikanın hesabına gerçəkləşən bütün fəthləri çağdaş zəmanədə şirin dilin, şəfqətli əlin, yumuşaq qəlbin, vicdan səsinin ixtiyarına verir.

Türkiyə dünyanı mənəvi işğal edir-insanlıq jesti milyonlarla dünya vətəndaşını Türkiyənin fanatına çevirir və onun getdiyi hər yerdə sərhədlər tikansız məftillərlə Türkiyənin sərhədlərinə bağlanır.

Ac qarınları müqəddəs bayramlarda doydurmaqla dünyanın yeddi nöqtəsində bir Türkiyə yaranır. Türkiyə Osmanlı torpaqlarına hərbi gücünü xərcləmədən, sevgi və mərhəmət hissi ilə geri dönür.

Qurbanlıq bayramı üzərindən dolayısı anladılan siyasi doktrina ondan ibarətdir ki, konfliktlər, beynəlxalq ədavətlər, soyuq və isti müharibələr  dünyanın sərhədlərini əbədilik dəyişə bilmir. Türkiyə dünyanı yaxşı mənada işğal etmək, yəni ömürlük qazanmağın, özünə sıx tellərlə bağlamağın silahsız-sursatsız, topsuz-tüfəngsiz  düsturunu insanlıq, mərhəmət, yaradılanı yaradandan ötrü sevmək  modelində  bütün dünyaya təqdim edir.    

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır