Dünən AMEA-nın Ümumi yığıncağı keçirilib. Yığıncaqda AMEA-nın prezidenti İsa Həbibbəyli və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin fikirləri xeyli maraq doğurub. Ermənistan və Rusiyanın Yuxarı Lars keçidi ilə bağlı problemi ilə əlaqədar müxtəlif səviyyəli açıqlamaları gündəmdə idi. Bundan başqa, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin bu gün görüşəcəyi yerin bəlli olması, Ermənistan TŞ katibi Armen Qriqoryanın Gürcüstanda, XİN başçısı Ararat Mirzoyanın Şimali Makedoniyada Azərbaycanla sülh prosesi ilə bağlı apardığı müzakirələr, eləcə də Ermənistan baş naziri Nikol Paşinyanın separatizmi dirçəltmək istəyənləri məyus edən qərarı da dünənin maraqlı hadisələrindən idi. Azərbaycan Xarici İşlər Nazirliyində, eləcə də ölkənin Təhlükəsizlik Şurasında təyinatlar, Peskov və Zaxarovanın Paşinyanın Sankt-Peterburq görüşündə mümkün iştirakı ilə bağlı açıqlamaları, Milli Məclisdə keçirilən dinləmələr günün əsas xəbərlərindən sayıla bilər.
Modern.az 29 noyabr tarixini əhatə edən icmalını təqdim edir:
Türkiyədə 15 ölkənin iştirakı ilə “Nüsrət-2023” beynəlxalq hərbi təlimi keçirilir. Qeyd olunub ki, Çanaqqala və Saros körfəzində icra edilən manevr dekabrın 6-dək davam edəcək. Təlim çərçivəsində minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.
Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçular təminat xərcliyinin 60 faizini pensiya kimi alır. Qeyd edilib ki, yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqlar, bununla da pensiya təminatında hər hansı azalma olmayacaq. Hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq.
Ölkəmizdə seysmologiya üzrə doktorantura təhsili yoxdur. Bu məsələ çox önəmlidir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında deyib. O bildirib ki, Nazirlər Kabineti qarşısında seysmologiya üzrə doktorantura ixtisasının açılması barədə məsələ qaldırmaq yerinə düşər: "Ölkədə seysmologiya sahəsində alimlərimizin sayı barmaqla sayılacaq qədərdir. Belə getsə, bir müddətdən sonra bu sahədə alim tapılmayacaq".
"Azərsu"dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var. Bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın bu gün keçirilən ümumi yığıncağında deyib. Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı əvvəllər AMEA-nın tərkibində olsa da, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.
Son illərdə qəbul mərkəzləşdirilmiş qaydada aparılır. Lakin nə nazirliyin, nə də Məleykə xanım Abbaszadənin hansısa məsələni mərkəzləşdirməkdə heç bir marağı yoxdur. Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib. O bildirib ki, eyni proses müəllimlərin işə qəbulunda da yaşanır: "Biz bilirik ki, müəllimi işə direktor götürsə daha yaxşı olar. Amma görürük ki, bir az səlahiyyət verən kimi başqa mənzərə ortaya çıxır. Bu gün bizim doktoranturaya istedadlı insanları cəlb etməyimizlə bağlı ciddi problemlər var". Nazir qeyd edib ki, yaxşı bir alimə vəzifə, hansısa siyasi status verəndə onun elmlə məşğul olmağa vaxtı olmur: "Nobel mükafatçısı Əziz Sancar heç bir yerin direktoru deyil. Biz elə bir yerə gəlib çıxmalıyıq ki, alimlərimiz kənar statuslara, vəzifələrə meyl etmədən elmlə məşğul olsun. Biz alimin yerini vəzifəsi ilə deyil, ortaya qoyduğu nailiyyətlərlə ölçməyə başlasaq, daha yaxşı bir yerə gələcəyik".
Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. AMEA-nın 7 müəssisəsi bağlanır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutunun adı dəyişdirilib. AMEA-nın regional elmi bölmələrinə sədrlər seçilib.
"Sərhədin Gürcüstan və Rusiya tərəflərində - Yuxarı Lars yolunda 1700-dən çox Ermənistan mənşəli yük maşını keçmək üçün gözləyir". Bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan məlumat verib. “Gürcüstan ərazisində 800-ə yaxın, Rusiyadan isə 900 maşın gözləyir”, - Akopyan qeyd edib. Xatırladaq ki, artıq bir neçə gündür, Ermənistanın yük maşınları fitosanitar normaların pozulması əsas gətirilərək Yuxarı Lars keçid məntəqəsində gözlədilir. "Ermənistan və Rusiya Federasiyasının nümayəndələri bu həftə Avrasiya İqtisadi Komissiyası çərçivəsində Ermənistan məhsullarının Rusiyaya idxalı ilə bağlı problemi müzakirə edəcəklər". Bunu ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan parlamentdə bildirib. "Rosselxoznadzor"un Ermənistanın bitkiçilik məhsullarının tədarükündə pozuntular barədə dərc etdiyi məlumat yerli hakimiyyət orqanları tərəfindən yoxlanılır", - o əlavə edib. Qeyd edək ki, Ermənistan mənşəli yük maşınları bir neçə gündür, Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars yolunda fitosanitar normaların pozulması əsas gətirilərək gözlədilir.
Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin görüşəcəyi yer məlum olub. Noyabrın 30-da keçiriləcək görüşün sərhədin hansı hissəsində baş tutacağı açıqlanıb. Belə ki, sözügedən görüş İcevan və Qazax bölməsində keçiriləcək. Görüşdə Mher Qriqoryan və Şahin Mustafayevin təmsil olunması ilə dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar aparılacaq. Qeyd edək ki, Azərbaycan tərəfi vasitəçi olmadan birbaşa görüşün keçirilməsini təklif etmişdi. Ermənistan tərəfinin bu təklifi qəbul etməsindən sonra görüşün vaxtı - 30 noyabr tarixi açıqlanmışdı.
Xəzəri qidalandıran Volqada su ehtiyatı azalıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib. O bildirib ki, son on ildə Xəzərin suyunda 114 sm azalma olub: “Mövcud vəziyyət təkcə Xəzərin ekosisteminə deyil, eyni zamanda da limanların fəlaiyyətinə mənfi təsir edir. Bu problemlə mübarizə aparmaq üçün Xəzərin səviyyəsinin azalması problemi ilə bağlı işçi qrupunun yaradılması prosesinə başlanılıb. Desək ki, bu problemin qarşısını alacağıq, bu bir az müəmmalı ola bilər. Lakin qeyd edim ki, artıq problemlə bağlı 5 Xəzəryanı ölkə tərəfindən araşdırma aparılır”.
Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin sabiq prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın işi ilə bağlı yeni məlumat açıqlanıb. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, onun işi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib. Qeyd edək ki, Minasyan bir sıra maddələr üzrə ittiham olunur.
"İndi Putinlə Paşinyan arasında təmas planları yoxdur". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Bununla belə, Ermənistanın baş naziri MDB-nin Sankt-Peterburq görüşünə gəlsə, danışmaq imkanı olacaq", - deyə o qeyd edib. Xatırladaq ki, Ermənistan tərəfi ardıcıl olaraq MDB, KTMT və Aİİ-nin toplantılarına qatılmaqdan imtina edib. MDB-nin Sankt-Peterburq görüşünə gəlincə, məlumatlara görə, Ermənistan baş naziri Nikol Paşinyan hələlik iştirak edib-etməyəcəyi barədə yekun qərar verməyib. Bu vaxta kimi Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və digər rəsmi şəxslər Paşinyanın bu görüşə qatılacağına ümid etdiklərini bildirən açıqlamalar veriblər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 29-da keçirdiyi brifinqdə bu məsələyə toxunaraq, “Uşakovun açıqlaması Nikol Paşinyanın nəhayət Rusiyaya gələcəyinə ümid yaradırmı” sualına cavab verib. “Oh, mənə elə gəlir ki, burada hələ də ümidlərə deyil, konkret faktlara əsaslanmaq lazımdır. Və təbii ki, reallığa əsaslanaraq mövqe formalaşdırın. Gəlin konkret addımları gözləyək, sonra onlara münasibət bildirəcəyik”. Bundan əvvəl Ermənistan rəsmiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərində iştirakdan imtina ediblər.
Naxçıvanda inşa olunan binaların funksionallığı və memarlıq işi lazımi səviyyədə olmayıb. Bu nöqsanların aradan qaldırılması məqsədilə hazırda Naxçıvan şəhərinin baş planı hazırlanır.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. Görüş Qriqoryanın Gürcüstana səfəri çərçivəsində paytaxt Tbilisidə baş tutub. Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini müzakirə ediblər. Papuaşvili Gürcüstanın regionda sülhün bərqərar olmasına hazır olduğunu bildirib. Armen Qriqoryan onu Avropa Komissiyasının Gürcüstanın Aİ-yə üzvlüyünə verdiyi müsbət qiymətə görə təbrik edib.
Londonda Ermənistan və Böyük Britaniyanın Müdafiə Nazirlikləri arasında 2023-2024-cü illər üçün əməkdaşlıq planı imzalanıb. Ermənistan tərəfdən Levon Ayvazyan və Britaniya tərəfdən David Morqanın qatıldığı imzalama mərasimində tərəflər Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər. Rəsmilər hərbi sahədə təmasların gücləndirilməsi barədə razılığa gəliblər. Qeyd olunub ki, nümayəndələrin növbəti görüşü İrəvanda keçiriləcək.
"Dünən Ankaraya etdiyim gözəl səfərin ardınca Brüsselə geri qayıtdım". Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar X-də yazıb. "Ermənistan və Azərbaycan arasındakı sülh prosesi başda olmaqla, Cənubi Qafqaz bölgəsi ilə əlaqədar Aİ və Türkiyəni maraqlandıran ortaq mövzular müzakirə olundu", - deyə qeyd olunub.
Anar Nəcəfli XİN-in yeni protokol rəisi təyin edilib.
Ana və uşaq ölümləri ilə bağlı həyəcan təbili: Qarşısını almalıyıq! Erkən evlənənlərə axundlar kəbin kəsir - Heç kim cəzalandırılmır. Məktəbli uşaqların ölüm faktı artıb.
Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək. Məlumatda qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.
İldırım İmran oğlu Vəliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilib.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə Qarabağ erməniləri ilə iş üzrə ayrıca idarənin yaradılmasından imtina edib. Bunu özünü buraxmış qondarma rejimin keçmiş "TŞ katibi" və sabiq "müdafiə naziri" olmuş Samvel Babayan jurnalistlərə müsahibəsində deyib. Babayanın sözlərinə görə, Paşinyanın bu qərarının və imtinanın səbəbləri ona məlum deyil. O əlavə edib ki, Ermənistan baş naziri ilə bu məsələ ilə əlaqədar olaraq şəxsən əlaqə saxlamayıb. Xatırladaq ki, Babayan bu gün Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran komissiyası tərəfindən dindirilib. Komissiyanın səlahiyyət müddəti 3 dekabrda başa çatacaq.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Skopyedə ATƏT-in nazirlər konfransı çərçivəsində baş tutub. Tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər. Danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə istinad edilib.
İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu Nyu-Yorkda səfərdədir. Təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir. Məlumata əsasən, səfər çərçivəsində qrup üzvlərinin Çinin xarici işlər naziri Van İ və BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü olub. Görüş zamanı İsraillə Fələstin arasında baş verən son hadisələr və problemin həlli istiqamətində atılacaq addımlar nəzərdən keçirilib. Xatırladaq ki, noyabrın 11-də yaradılan təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri ilə yanaşı, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt də daxildir.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər yetirmək mümkündür: