Modern.az

Tarix bərpa edilir: Xankəndi Pedoqoji İnstitutu necə yaradılmışdı..

Tarix bərpa edilir: Xankəndi Pedoqoji İnstitutu necə yaradılmışdı..

Qarabağ

29 Noyabr 2023, 11:10

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Universitetin yaradılmasında məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasıdır.

 

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

 

Xankəndi Pedaqoji İnstitutu hansı şəraitdə yaradılmışdı?

 

Modern.az institutun yaradılması tarixinə nəzər yetirib.

 

1921-ci ildə Bakıda ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edildikdən sonra Azərbaycanın pedaqoji kadrlara olan ehtiyacını ödəmək üçün daha bir pedoqoji yönümlü ali təhsil ocağının yaradılması planlaşdırılırdı. 1968-1969-cu tədris ilində Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı yaradıldı. Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 28 noyabr 1973-cü ildə bu şəhərdə Pedaqoji İnstitutun yaradılması haqqında Nazirlər Sovetinin sədri Ə.İbrahimov və Nazirlər Sovetinin İşlər müdiri C.Tatlıyevin imzası ilə 377 saylı qərar qəbul edilib:

 

Həmin qərarda qeyd edilirdi:

 

1. Respublikanın Dağlıq Qarabağ Muxtar Vilayətini və respublikanın ona yaxın rayonlarını ixtisaslı müəllim kadrları ilə təmin etmək məqsədilə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinə vəzifə olaraq tapşırılsın:

a) V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Xankəndi Pedaqoji İnstitutu təşkil etsin və burada tələbələrin təlimi rus, Azərbaycan və erməni dillərində aparılsın;

b) yeni açılan institutda normal təlim prosesinin aparılmasını təmin edən lazımi tədbirlər görsün.

 

Xankəndidə Pedaqoji İnstitutun yaradılması haqqında Azərbaycan SSR Nazirlər Sovetinin qəbul etdiyi həmin qərarın layihəsi 1973-cü il noyabrın 19-da Azərbaycan KP MK Bürosunda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilmiş iclasında baxılıb və layihə bəyənilib.

Beləliklə, 1969-cu tədris ilində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı artıq 1973-cü ildən etibarən filial kimi deyil, müstəqil ali təhsil ocağı kimi fəaliyyət göstərməyə başlayıb. İşğala qədər həmin institutda Azərbaycan və erməni sektoru fəaliyyət göstərirdi. İnstitut təşkil edilərkən burada üç dildə - Azərbaycan, rus və erməni dillərində ali pedaqoji təhsilli kadr hazırlığına başlanılıb.

 

Lakin fəaliyyətə başlamasından 19 il keçdikdən sonra daşnaklar tərəfindən Xankəndi şəhərində törədilən məlum özbaşınalıq və qanunsuzluqların ilk zərbələrindən biri məhz bu ali təhsil ocağının kollektivinə dəyib. 1988-ci il mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etməyə məcbur oldular. Bununla da, Xankəndi Pedaqoji İnstitutu özünün köçkünlük həyatını yaşamağa başladı.

 

1973-cü ildə Xankəndi Pedaqoji İnstitutunun yaranması haqqında qərarı Azərbaycanın Nazirlər Soveti verdiyi halda, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov tərəfindən 1988-ci ilin oktyabr ayında Xankəndi Pedaqoji İnstitutunun iki il müddətinə bağlanması haqqında qərar imzalandı. Həmin qərarda institutun Azərbaycan şöbəsinin Gəncəyə, erməni şöbəsinin isə Ermənistanın rayonlarına köçürülməsi bildirilirdi. Ermənilərin əsas məqsədi Xankəndi şəhərindən azərbaycanlıları, institutun azərbaycanlı kollektivini uzaqlaşdırmaq idi ki, buna da nail ola bildilər. Beləliklə,1988-ci ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirdi. Ermənilər nail olduqları qərarın özlərinə aid olan bəndlərinə əməl etməyərək təhsillərini Xankəndi şəhərində davam etdirdilər.

 

Gəncədə birillik fəaliyyətdən sonra institutun müəllim və tələbələri respublika rəhbərliyi və müvafiq qurumları qarşısında Xankəndi Pedaqoji İnstitutunun Qarabağ ərazisində, Şuşada fəaliyyətini davam etdirməsi ilə bağlı təşəbbüs qaldırdılar. Həmin təklif qəbul olunaraq institutun Şuşa şəhərində fəaliyyət göstərməsinə razılıq verildi. İnstitut üçün Şuşada yer ayrıldı, onun maddi-texniki bazasının yaradılmasına Nazirlər Soveti tərəfindən lazım olan vəsaitin ayrılması haqqında qərar verildi.

 

Lakin bu məsələdə müvafiq qurumlar tərəfindən növbəti bir yanlışlığa yol verildi. Həmin institut Şuşada Xankəndi Pedaqoji İnstitutu kimi deyil, Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı kimi fəalliyyət göstərməyə başladı. Bununla da Xankəndi Pedaqoji İnstitutunun adının üstündən sanki xətt çəkildi, Azərbaycan tərəfi rəsmi olaraq bu təhsil ocağını ləğv etdi. Ermənilər Xankəndi Pedaqoji İnstitutunun adını dəyişib, Artsax Dövlət Universiteti qoyduğu halda, bizim müvafiq təşkilatlar müstəqil institutu filiala çevirib, Xankəndi sözünü onun qarşısından götürdülər. 


Xankəndi Pedaqoji İnstitutu enişli-yoxuşlu yollar keçmiş, hətta filiala çevrildikdən sonra da Şuşada fəaliyyəti mümkünsüz olub. Şuşanın işğalından sonra növbəti məkanda, Ağcabədidə fəaliyyət göstərib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR