Dünən gündəm baxımından olduqca zəngin gün oldu. Əvvəlcə, paytaxt Bakıda da hiss olunan 5.6 ballıq zəlzələ baş verdi. Daha sonra 7 fevral 2024-cü il tarixinə növbədənkənar Prezident seçkilərinin təyin olunması ilə bağlı sərəncam imzalandı. Axşam saatlarında isə Azərbaycan və Ermənistan birgə açıqlama verərək sülh prosesinin tərkib hissəsi kimi tərəflər əllərində olan digər ölkənin bütün hərbçilərini azad etməyə razılaşıblar. Sülh sazişinə nail olmağa qarşılıqlı niyyət də açıqlamada ifadə olunub. Günün digər önəmli hadisələrinə gəldikdə, Rusiyada da Prezident seçkilərinin gününün bəlli olması, Azərbaycan Mərkəzi Bankında iqtisadçılarla görüş və doktorantlar üçün imtahanın keçirilməsi qeyd oluna bilər.
Modern.az 7 dekabr tarixini əhatə edən icmalını təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada deyilir: "Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir. Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar".
Azərbaycanda güclü zəlzələ baş verib. Yeraltı təkanlar Bakı ilə yanaşı, bəzi rayonlarda da qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ Azərbaycan ərazisində hiss olunub. İlkin məlumata görə, zəlzələnin episentri Xəzər dənizində olub və 5,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzi daha ətraflı məlumat veriləcəyini bildirib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dekabrın 7-də baş verən zəlzələni heç özünün də hiss etmədiyini bildirib. O, dünən keçirdiyi brifinqdə deyib, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur: "Bu gün heç özüm zəlzələni hiss etməmişəm. Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çilçırağa baxdım, amma heç nə hiss etmədim". Xəzərin Azərbaycan sektorunda baş verən 5.6 bal gücündə zəlzələ Ermənistanı da silkələyib. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmoloji Xidməti məlumat yayıb. Bildirilir ki, Tavuş rayonunun Noyemberyan, İcevan, Dilican və Berd şəhərlərində, həmçinin Açacur kəndində 3 bal gücündə hiss olunub.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Rusiyada da gələn il keçiriləcək prezident seçkilərinin tarixi təsdiqlənib. Rusiya Federasiya Şurası bu barədə qərar qəbul edib. Qərara əsasən, Rusiyada növbəti prezident seçkiləri gələn ilin 17 mart tarixində keçiriləcək. "Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilsin. Bu qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir", - qərarda deyilir. Rusiya Federasiyası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq prezidenti seçkilərinin təyin edilməsi Federasiya Şurasının müstəsna səlahiyyətidir. Rusiyanın həbsdə olan müxalif siyasətçisi Aleksey Navalnı ölkə vətəndaşlarını prezident seçkilərində Vladimir Putindən başqa istənilən namizədə səs verməyə çağırıb. Bu barədə onun teleqram kanalında həbsdən göndərdiyi müraciət yayımlanıb. “Seçki günü hamını seçki məntəqələrinə gedərək Vladimir Putinin əleyhinə səs verməyə çağırırıq. Bu, hər hansı digər namizədə səs verməklə edilə bilər”, - deyə qeyd olunub.
"Dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir". Bu barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn "X" hesabında paylaşım edib. Diplomatın sözlərinə görə, Bakıda müsbət və konstruktiv görüşlər oldu. "Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır və katib Blinken sülh danışıqları üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir", - O’Brayn bildirib. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə ifadə edib. "Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, - deyə məlumatda qeyd olunur.
Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında əldə edilən razılaşma ilə əlaqədar paylaşım edib. Paşinyan bildirib ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. "Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir", - paylaşımda deyilir. "Ermənistan dəfələrlə bəyan edib ki, sülh müqaviləsi üzrə görüşlərdən imtina etmir". Bunu isə Ermənistan parlamentinin spikeri Alen Simonyan ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Braynın bəyanatını jurnalistlərə şərh edərkən deyib. "Ümid edirik ki, real sülhə gətirib çıxaracaq əməli addım atılacaq. Mən artıq demişəm ki, 5-10 gün ərzində sülh müqaviləsi imzalana bilər. Təkliflərimizi mübadilə etdik, bu artıq altıncı mübadilədir. Əgər rəsmi Bakıdan yeni təkliflər olmazsa, mövcud variantda dəyişiklik edilməzsə, bunu bir neçə gün ərzində etmək olar", - spiker söyləyib. Qeyd edək ki, ABŞ rəsmisi Azərbaycan və Ermənistan XİN başçılarını Vaşinqtona danışıqlar aparmağa dəvət edib.
"Ermənistan və Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi, bunu alqışlayırıq". Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel X hesabında yazıb. O qeyd edib ki, Avropa İttifaqı saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayır. "Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi mən liderləri Ermənistan-Azərbaycan sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram", - deyə Şarl Mişel bildirib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel də Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb. Bu barədə o, özünün X hesabında yazıb. “Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, - Borel qeyd edib.
Azərbaycanın azad edəcəyi 32 erməninin siyahısı açıqlanıb.
Dekabrın 11-də Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə 2009-cu ildə “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin konfransı keçiriləcək. Tədbirdə “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən 6 dövlətdən 5-nin - Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanın xarici işlər nazirliklərinin rəhbərləri iştirak edəcək. Sanksiya altında olan Belarus tədbirə dəvət almayıb. İclasda nazirlər üzv dövlətlərin və tərəfdaş ölkələrin ehtiyaclarının ödənilməsini təmin etmək üçün Şərq Tərəfdaşlığı təşəbbüsünün necə davam edəcəyi, 2024-cü ildə birgə işin əsas prioritetləri, Şərq Tərəfdaşlığı ölkələri üçün İqtisadi və İnvestisiya Planının reallaşdırılmasının sürətləndirilməsi, Mərkəzi Asiya və Qərbi Balkan ölkələri ilə əməkdaşlığın artırılması və “Qara Dəniz Sinerjisi” təşəbbüsü kimi regional proqramlarla fəal işləmək məsələlərini müzakirə edəcəklər.
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Azərbaycanın azad edəcəyi erməni hərbçilər arasında Voskanyan Qagik Aşotoviç də var.
Mərkəzi Bankda iqtisadçı ekspertlərlə görüş keçirilib.
Dövlət İmtahan Mərkəzi dekabrın 10-da doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanını keçirəcək.
“Qarabağ hər zaman elm və təhsil ocağı olub. Qarabağ Universiteti bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq”. Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadə onu da vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir: “Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə sürətlə məskunlaşması üçün vacib önəmli faktordur. İşğaldan azad olunmuş yeni məktəblərdə doqquz və 11-ci sinif şagirdlər üçün imtahanlar aparılacaq”.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallarla da tanış olmaq mümkündür: