Modern.az

Hansı partiyalar seçkilərdə iştirak edəcək? - "Qərar gözlənilməz oldu"

Hansı partiyalar seçkilərdə iştirak edəcək? -

Ölkə

7 Dekabr 2023, 15:02

Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Seçkilər fevralın 7-nə təyin edilib. Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib.

 

Bəs hansı partiya kimi namizəd göstərəcək?

 

Modern.az partiyalar arasında sorğu keçirib.

Saytımıza açıqlamasında Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli seçki ilə bağlı yaxın günlərdə toplantı keçirəcəklərini bildirib:

 

“REAL Partiyası istənilən seçkilərdə iştirakın tərəfdarıdır. İstənilən halda seçkilərdən kənarda qalmayacağıq. Amma hansı formada iştirakımız yaxın gün və ya saatlarda Siyasi Komitənin toplantısında veriləcək qərardan asılıdır. Siyasi komitənin toplantısından sonra alınan qərarı KİV-lə bölüşəcəyik”.

AĞ Partiyasının sədri Tural Abbaslı seçki ilə bağlı qərarın gözlənilməz olduğunu deyib:

 

“Buna görə də seçkidə hansı formada iştirak etməklə bağlı indi nəsə deyə bilmirik. Bu gün partiyanın növbədənkənar toplantısı keçiriləcək və idarə heyəti müəyyən qərar qəbul edəcək. Günün sonuna qədər ictimaiyyətə, KİV-ə məlumat veriləcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə Məşvərət Məclisinin alacağı qərardan sonra seçkidə iştirak edib-etməmək barədə yekun rəy formalaşdıracaqlarını söyləyib:

 

“Sabah partiyanın idarə heyətinin iclası keçiriləcək. İdarə heyətinin qərarından sonra nəticələri mətbuata açıqlayacağıq. Məşvərət Məclisinin qəbul edəcəyi qərardan sonra biz seçkilərdə iştirak edib-etməmək barədə yekun rəyimizi formalaşdıracağıq. Hesab edirəm ki, Azərbaycan Respublikasının  “Siyasi partiyalar haqqında” Qanunu siyasi partiyaların üzərinə seçkilərdə iştirakla bağlı bir öhdəlik qoyur. Hər halda bu da nəzərə alınacaq”.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli seçkidə iştirak edib-etməməklə bağlı bu gün qərar verəcəklərini deyib:

 

“Prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar gözlənilməz oldu. Bu ərəfədə siyasi kuluarlarda referendum keçirilməsi barədə danişılırdı. İndi cəmiyyətin və siyasi partiyaların buna uyğunlaşması lazımdır. Ədalət partiyası demokratik dəyərlərin qorunması və inkişafı üçün hər zaman seçkilərdə iştirakın tərəfdarı olub. Lakin gələn il keçiriləcək prezident seçkiləri ilə baglı qərar bu gün verildiyindən bununla bağlı partiyamızdə hər hansı müzakirə olmayıb. Məsələnin hərtərəfli araşdırılmasından və səlahiyyətli qurumların müzakirəsindan sonra mövqeyimizi açıqlaya bilərik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək