Modern.az

Zəlzələni deputatlar da hiss edib: "Qardaşım rayondan zəng elədi ki, vəziyyət necədir?"

Zəlzələni deputatlar da hiss edib:

Parlament

7 Dekabr 2023, 12:28

Bu gün Azərbaycanda güclü zəlzələ baş verib. Təkanlar Bakı ilə yanaşı, bəzi rayonlarda da qeydə alınıb. Yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınan zəlzələ Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.

 

Zəlzələ bir çox insan tərəfindən hiss edilib, xüsusilə Bakı və Sumqayıtda təşviş yaranıb, insanlar yaşadıqları binaları tərk ediblər.

 

Bəs, Milli Məclisin deputatları zəlzələni hiss ediblər? Panika yaşayıblarmı?

 

Modern.az deputatlar arasında sorğu keçirib.

 

Milli Məclisin Aqrar komitəsinin sədri Tahir Rzayev saytımıza açıqlamasında zəlzələni hiss etmədiyini bildirib:

 

“Daha çox 18-20 mərtəbəli binalarda zəlzələlər hiss olunub. Mən beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayıram. Ona görə də nə mən, nə də həyat yoldaşım zəlzələni hiss edib. Yaxınlarım hündürmərtəbəli binada yaşayırlar. Onlar hiss ediblər.Həmən zəng edib, dəhşətli an yaşadıqlarını bildirdilər. Bu,təbii fəlakətdir. Heç kəs bundan sığortalanmayıb. Lakin buna qarşı biz əvvəlcədən qabaqlayıcı tədbirlər görməliyik. Sözsüz ki, müvafiq orqanlar vaxtaşırı müəyyən maarifləndirici tədbirlər aparırlar. Həyəcan keçirməyə dəyməz. Allah xalqımızı qorusun”.

 


Milli Məclisin deputatı Ceyhun Məmmədov isə zəlzələni hiss etdiyini və dərhal məhəlləni xəbərdar etdiyini söyləyib:

“Hər bir Bakı sakini kimi mən də zəlzələni hiss etdim. Səhər tezdən iş masasında əyləşib bəzi sənədlərə baxırdım. Yazıları yazırdım. Anidən oturacağın silkələndiyini gördüm.Əvvəl nə baş verdiyini anlamadım. Sonra gördüm ki, çilçıraq da titrəyir. Məhəllədəkiləri də xəbər verdim ki, belə bir məsələ var, heç kəs narahat olmasın. Biz prosesi izlədik. Şükür ki, təhlükəsiz formada bu zəlzələni də atlatdıq. Biz Türkiyədə baş verən zəlzələnin hansı fəsadları törətdiyinin şahidi olduq. O mənada, həqiqətən də, çətin prosesdir. Şükür ki, salamatçılıqdır, güclü bir dağıntı yoxdur. İnsanlara da panikaya düşməməyi, təmkin qalmağı tövsiyə edirəm. Aidiyyəti qurumlar lazım olan bütün addımları atırlar. Sadəcə panikaya düşməməli və səbirli olmalıyıq. İnanıram ki, bu məsələni də biz dəf edəcəyik. İnsanlarımız tam rahat olacaqlar”.

 


Deputat Naqif Həmzəyev daha çox məktəbli övladları üçün narahat olduğunu deyib:

“Bugünkü zəlzələni mən də hiss etdim. Bu günə qədər bir neçə zəlzələ hadisəsinin canlı şahidi olmuşam deyə bu zəlzələ məndə o qədər də təşviş yaratmadı. İstənilən halda insan narahat olur. Övladlarımın orta məktəbdə necə olmaları məni narahat etdi. Sonra məlum oldu ki, təlimata uyğun olaraq məktəblililər də təhlükəsiz ərazilərə vaxtında çıxarıla biliblər. Bu, məni sevindirdi. Ümid edirəm ki, gələcəkdə də bu cür forsmajor hadisələrdə ictimai yerlərdə, təhsil müəssilərində təlimata uyğun olaraq təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Azərbaycan polisinin gücləndirilmiş iş rejiminə keçməsi və aidiyyəti qurumların məlumatları vaxtında vətəndaşlara çatıdırlması məni müəyyən qədər sevindirdi.  Ona görə sevindim ki, biz çətin anda vəziyyəti idarə edə bilirik .Binaların dözümlü olması və heç bir ciddi xəsarətin olmaması məni də sevindirdi. Tikinti işlərinə nəzarət edən, yeni qaydalara uyğun işləri həyata keçirən şəxslərə də təşəkkür edirəm. Onlar dözümlü binalar tikə biliblər. Biz ümid edək ki, zəlzələlər olmayacaq. Olacağı təqdirdə də artıq inam var ki, binalarımız yüksək zəlzələyə dözə biləcək. Hər ehtimala qarşı vətəndaşlarımız belə forsmajor hadisələrə hazır olmalıdır. Hər kəs zəlzələ ilə bağlı təlimatlara bir daha göz atsa, yaxşı olar”.

 


Parlamentari Aydın Mirzəzadə zəlzələ zamanı qardaşının ona zəng etdiyini deyib:

“Azacıq zəlzələni hiss etdim. Elə də güclü zəlzələ deyildi. Əlbəttə,bir qədər ehtiyyatlı olduq. Lakin həyətə düşmədik. Sonradan informasiyaları izlədim. İnsanlarımızda azacıq narahatlıq vardı. Tələfat və xəsarətin olmadığını öyrəndim. Bu, məni sevindirdi.  Hakimiyyət orqanlarının anidən reaksiya verməsi, metropolitendə işin qaydada olması, Daxili İşlər Nazirliyinin polisi gücləndirilmiş iş rejiminə keçirməsi, FHN-nin məlumatı hamısı bir yerdə göstərdi ki, təbii hadisələrə dövlətimizin çevik reaksiyası vardı. Qardaşım rayondan zəng eləyib,  vəziyyətin necə olduğunu soruşdu. Dedim ki, hər şey qaydasındadır”.

 


Milli Məclisin digər bir deputatı Fazil Mustafa da zəlzələni hiss etməyib:


“Bu barədə məlumat verdilər. Hətta məktəbdə belə olan yaxınlarımız həyətə tökülüblər. Onlar dərsdə iştirak etməyiblər. Mən o qədər də hiss etmədim. Ola bilsin ki, həyət evində o qədər hiss edilmir. Güclü təkan olduğunu başqa dostlarımız təsdiqlədi.  Hətta dedilər ki, 2001-ci ildəki zəlzələ səviyyəsində olub. Allah qorusun. Bu, həm də xəbərdarlıqdır. Bakıda zəlzələ gözləniləndir. Təkan Xəzər dənizinin dərinliyində olub ki, kənarda belə hiss olunub. Hər halda biz buna hazır olmalıyıq. Zəlzələ proseslərinin sağlam idarə olunması məsələsini gündəmə gətiməliyik. Bu, hamımız üçün bir təhlükədir. Allah millətimizi qorusun. Ən böyük təhlükə Bakıdadır. Çünki hündürmərtəbəli binalar ən çox Bakıdadır. Türkiyə nümunəsində də ciddi fəalliyyət istiqamətinə sahib olmağın nə qədər vacib olduğunu gördük”. 


Deputat Azər Badamov qohumlarının ona zəng edib məsləhət istədiyini bildirib:


“Zəlzələ aşağı balla olub. Zəlzələyə görə vahiməyə düşməyi düzgün hesab etmirəm. Çünki qurumlar da zəlzələ ilə bağlı fikirlərini açıqlayıblar. Böyük ballarla zəlzələnin gözlənmədiyini bildiriblər. Bakıda o cümlədən bütün ərazilərdə bpyük zəlzələ gözlənilmir. Bəli, qohumlarımdan zəng edənlər oldu. Zəlzələni güclü hiss etməyiblər. Onlara da narahat olmamalarını tövsiyə etdim".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi