Modern.az

8 kənd uğrunda müharibə hər an başlaya BİLƏR

8 kənd uğrunda müharibə hər an başlaya BİLƏR

Ölkə

6 Mart 2024, 17:42

Ötən gün Milli Məclisdə 8 kəndin qaytarılması ilə bağlı fikirlət səsləndirilib. Belə ki, deputat Fəzail Ağamalı 8 kəndin geri qaytarılması üçün hərbi əməliyyatlara başlamağı təklif edib.          

     

“Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq, onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistan hakimiyyətdə olanlardan sadə vətəndaşa qədər hamı revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadır. Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat keçirib işğalda olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik”,-o deyib.                            

 

Qeyd edək ki, 8 kənd dedikdə Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri nəzərdə tutulur.

 

Deputatın sözlərini Modern.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev Ermənistanın sülh şəraitində 8 kəndi qaytarmayacağı təqdirdə, hərbi yolla ərazilərin qaytarılması ideyasını dəstəklədiyini bildirib:

 

"Ermənistanın 4 il ərzində üzərinə götürdüyü öhdəlikləri, o cümlədən Azərbaycanın hələ də işğal altında qalan 8 kəndinin qaytarılması istiqamətində fəaliyyətləri hamımızı narahat edir. Bu, hər bir vətəndaşımız kimi, Fəzail müəllimi (Milli Məclisin deputatı Fəzail Ağamalı-red) də məsələ ilə əlaqədar narahatdır. Buna görə də Fəzail müəllimin səsləndirdiyi fikirlərdə qeyri-adi nəsə yoxdur. 

 

Ermənistan ağlabatan bir müddət ərzində bizə 8 kəndlə bağlı mövqeyini konkret ortaya qoymalıdır.  Əks halda Azərbaycan həmin kəndləri nəzarətimizə qaytarmaq imkanlarına malikdir. Bu məsələdə heç Ermənistanın özündə də şübhələr mövcud deyil. Odur ki, mən Fəzail müəllimin dediyini tamamilə dəstəkləyirəm".

 

Digər hərbi ekspert Elxan Şıxaliyev Milli Məclisdə 8 kəndin qaytarılması ilə bağlı müzakirələrin aparılmasının Ermənistan tərəfində çox ciddi təlaş yaratığını söyləyib:

 

"Azərbaycan tərəfi hər zaman Ermənistanın ən azından sülh sazişi  çərçivəsində sözügedən kəndləri geri qaytarmağa razılıq verməli olduğunu bildirirdi. Amma bunun qarşılığında Ermənistan tərəfindən bizə qarşı iddialar səsləndirilib. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın 31 kəndini nəzarətə almasına dair  kontr-arqumentlər dilə gətirilir. Bir sözlə, Ermənistanın bu kəndlər üzərindən Azərbaycanla siyasi münasibətlərini gərginləşdirdiyi dönəmə keçmişik. Ermənistandan gözləntimiz odur ki, anklavları qaytarsın. Lakin bunun əvəzində  kontr-arqumentlər səsləndirilməsi gələcəkdə kəndlərin geri qaytarılmasına əsas verir.  Bir sözlə, əgər anklavlarımız Ermənistan tərəfindən xoşluqla qaytarılmasa, təbii olaraq, Azərbaycan bu məsələni hərbi yolla həll edə bilər".

 

E.Şıxaliyev anklavlar məsələsində Azərbaycanın qərarlı olacağını bildirib:

"Ermənistan tərəfi 1994-cü ildən deyirdi ki, ərazilərimizi sülh yolla azad etsinlər. Bunu etmədilər, nəticədə müharibə oldu. Ondan sonra 19-20 sentyabr 2023-cü ilə qədər Azərbaycan tərəfi yenə də deyirdi ki, Qarabağın dağlıq hissəsindəki qeyri-qanuni silahlı birləşmələr ərazini tərk etsin. Buna da məhəl qoyulmadı. Nəticədə, birgünlük antiterror tədbirləri keçirildi və ərazilərimiz azad edildi. İndi 3-cü mərhələ, yəni 8 kəndin geri qaytarılmas məsələsi hələ öz həllini tapmayıb.Ermənistan buna ya sülh yolu ilə razılaşmalıdır,  ya da Azərbaycan yaxın vaxtlarda 3-cü məsələni də özü yoluna qoymadılar.  Ermənistan kəndləri sülh sazişi çərçivəsində Azərlbaycana təhvil vermiş olsa, karlı çıxacaq. Sadaladığım iki faktda olduğu kimi bu dəfə də Azərbaycanın istəkləri yerinə yetirilməsə,  Azərbaycan yenə də istəklərini birtərəfli qaydada qəbul etdirəcək. Azərbaycan bu məsələdə də qərarlı olacaq.  Bir sözlə, hərbi münaqişənin olub-olmaması Ermənistandan asılı olacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok