Modern.az

Qazax sakinləri 4 kəndin qaytarılacağına tam əmindirlər! - Deputatdan AÇIQLAMA

Qazax sakinləri 4 kəndin qaytarılacağına tam əmindirlər! - Deputatdan AÇIQLAMA

Ölkə

29 Mart 2024, 14:00

Son günlər Qazaxın işğal altında olan 4 kəndinin geri qaytarılması məsələsi aktiv şəkildə gündəmdədir. Söhbət Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndlərindən gedir.

 

Ermənistan Baş naziri bu ərazilərin Ermənistana aid olmadığını bildirib. Bu ölkənin parlament sədri Alen Simonyan da 4 kəndin qaytarılması ideyasını dəstəkləyib.

 

Bəs hazırda kəndlərin qaytarılması ilə bağlı Qazax sakinləri arasında ab-hava necədir? Onlar kəndlərin qaytarılacağına inanırlarmı?

 

Modern.az məsələ ilə bağlı Milli Məclisin Qazaxdan olan deputatı Səməd Seyidovla əlaqə saxlayıb.

 

Milli Məclisin komitə sədri Səməd Seyidov saytımıza açıqlamasında bildirib ki, Qazax sakinləri bu 4 kəndin qaytarılacağına tam əmindir:

 

"Bu 4 kənd mütləq Azərbaycana qaytarılmalıdır. Bunu mən öz fikrim olaraq demirəm. Mən Qazaxın deputatıyam. Qazaxlılarla tez-tez görüşmə imkanına malik bir insan kimi onların fikirlərini çatdırıram. Qazaxlılar sözügedən 4 kəndin qaytarılacağına inanırlar. Ona görə ki, dövlətimizin apardığı siyasət artıq buna tam əminliklə "hə" demək imkanı verir. Sadəcə erməni tərəfi prosesi uzadır. Prosesin uzadılması onların özlərinə ziyan gətirir. Çünki zaman Azərbaycanın xeyrinə işləyir. Düşünürəm ki, bu kəndlər azad olunacaq. Azərbaycanın masaya qoyduğu məsələlər yalnız Ermənistan yox, dünya tərəfindən də qəbul olunacaq. Erməni lobbisi məsələlərin onların istədiyi şəkildə cərəyan etməsi üçün əlindən gələni edir. Bu isə mümkün olmayacaq. Azərbaycan xalqı 4 kəndin qaytarılması məsələsində israrlıdır".

 

Bəs beynəlxalq arenada məsələyə yanaşma necədir?

 

Suala cavabında Səməd Seyidov deyib ki, beynəlxalq qanun Azərbaycanın tərəfindədir.

 

"Heç kim bu məsələni başqa cür yoza bilməz. Elə Ermənistanın özü də. Məlum olduğu kimi Baş nazir Paşinyan özü də çıxışlarında bu 4 kəndin Ermənistanın olmadığını deyib. Bəli, Ermənistanda da,  beynəlxalq səviyyədə də revanşistlər, münaqişə istəyən qüvvələr var. Amma beynəlxalq qanun beynəlxalq qanundur. Heç kəs beynəlxalq qanuna qarşı nəsə edə bilməz.Ona görə də 4 kəndin qaytarılması məsələsi tez-gec öz həllini tapacaq", - o bildirib.

 

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir