Modern.az

Unudulan deputatlar: Azərbaycanın bütün prezidentlərilə işləyən, Moskvanın yüksək vəzifələrindən imtina edən GENERAL - FOTOLAR

Unudulan deputatlar: Azərbaycanın bütün prezidentlərilə işləyən, Moskvanın yüksək vəzifələrindən imtina edən GENERAL - FOTOLAR

11 Avqust 2022, 11:50

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda haqqında danışacağımız növbəti sabiq deputat Vladimir Timoşenkodur. 
 

General-mayor Vladimir Timoşenko vaxtilə bitərəf deputat kimi iki çağırış Azərbaycan Milli Məclisinin üzvü olub. Amma daha əvvəl də Ali Sovetin deputatı seçilmişdi...

O, həm I çağırış (1995-2000), həm də II çağırış (2000-2005) parlamentdə Bakının Nəsimi rayonunu təmsil edib.

Vladimir Vasilyeviç Timoşenko 1942-ci il noyabrın 25-də Ukraynada – Atom Elektrik Stansiyasının qəzaya uğradığı məşhur Çernobıl vilayətində anadan olub. O, Vladiqafqazda Ali Hərbi Zenit-Raket Məktəbini və Moskvada Hərbi-Siyasi Akademiyanı bitirib.

1962-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrininin müxtəlif hərbi hissələrində xidmətdə olub. Hərbi xidmətə Bakıda kursant kimi başlayan Timoşenko 20 yaşında Hövsan qəsəbəsində təcrübə keçib. Sonralar Rusiyada, Ukraynada qulluq edib, general-mayor rütbəsinədək yüksəlib.

V.Timoşenko hərbi xidmətin son illərini Zaqafqaziya Hərbi Dairəsində korpusun siyasi şöbə rəisi vəzifəsində, ordu Hərbi Şurasının üzvü kimi başa vurub... və 1990-cı ildə ehtiyata buraxılıb.

O, “Qırmızı ulduz”, II və III dərəcəli “SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə” ordenləri və medallarla təltif olunub.

Vladimir Timoşenko 1990-cı illərdə hərbi xidmətini başa vurandan sonra ömürünün geridə qalan hissəsini Azərbaycanla bağlamaq qərarı verib.


General V.Timoşenko 1990-cı illərdə Azərbaycanda yeni yaradılmış “dövlət başçısının hərbi müşaviri” postuna dəvət olunanda, bunu tərəddüdsüz qəbul edərək işə başlamışdı. Daha sonra onun yolu parlamentdən keçdi...

Ukraynalı general müstəqil Azərbaycanın bütün 4 prezidentinin dövründə parlamentimizdə təmsil olunub.

Belə ki, o, hələ 1990-cı il sentyabrın 30-da - keçmiş SSRİ-nin süquta uğradığı ərəfədə Azərbaycan SSR-in XII çağırış Ali Sovetinə keçirilən seçkilərə qatılaraq deputat seçilib. O zaman Ali Sovetə 340 deputat mandat almışdı.

XII çağırış Ali Sovetin ilk iclası 5 fevral 1991-ci il tarixində prezident Ayaz Mütəllibovun iştirakı ilə keçirilmişdi.
Bu iclasda parlament ölkə üçün çox vacib bir məsələni müzakirə etmişdi. Və həmin müzakirənin sonunda Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilmişdi.

1990-ci ildə formalaşdırılan həmin Ali Sovet Azərbaycanın keçmiş SSRİ tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu. Belə ki, Ali Sovetin 1991-ci ilin fevral ayında fəaliyyətə başlamasından bir müddət sonra - 1991-ci ilin avqustunda Sovet İttifaqı dağıldı. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası reallaşdı.

1991-ci il noyabrın 26-da isə müxalifət və müstəqil deputatların təkidi ilə Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.

Beləliklə, Azərbaycan Ali Sovetinin nəzdində Milli Şuranın yaradılması barədə qərar qəbul edildi. Ali Sovetin 340 deputatı arasından 50 nəfər seçilməklə Milli Şura yaradıldı. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.


O zaman general Vladimir Timoşenko da Milli Şuranın 50 üzvündən biri oldu.

1992-ci il Xocalı soyqırımından sonra istefa verən prezident Ayaz Mütəllibovun ardınca Milli Şuranın sədri Elmira Qafarova da postunu tərk etdi (1992-ci ilin martında).


Milli Şura 1992-ci ilin may ayının 18-də Azərbaycan Respublikasının Milli Məclisi adlandırıldı.

1992-ci ilin 8 iyununda Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri Əbülfəz Elçibəyin qələbəsilə başa çatdı.

Vladimir Timoşenko Milli Məclisin deputatı kimi həm Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu 1 ilə, həm də 1993-cü ildə Heydər Əliyevin iqtidara gəlişinə şahidlik etdi....

Nəhayət 1995-ci ilin noyabr ayında Azərbaycanın Milli Məclisinə ilk seçkilər keçirildi. Həmin seçkilərdə Bakının Nəsimi rayonundakı 27 saylı İkinci seçki dairəsindən deputatlığa namizəd olan general Timoşenko bu marafonda qalib gələrək mandat aldı.

O, I çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvü idi.


General 2000-ci ildə yenidən eyni seçki dairəsindən deputat seçildi. V.Timoşenko II çağırış Milli Məclisdə Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü kimi fəaliyyət göstərdi.


Deputatlığının növbəti 5 il ərzində o, mərhum prezident Heydər Əliyevin vəfat etməsinə (2003-cü il) və İlham Əliyevin yeni dövlət başçısı seçilməsinə şahid oldu.

Vladimir Timoşenko 2005-ci ildə deputatlıq səlahiyyətlərini başa vuraraq təqaüdə çıxıb.


V.Timoşenko ilə dost olan Əməkdar jurnalist Rəhman Orxan onu əslən ukraynalı, qəlbən isə azərbaycanlı adlandırır.

Rəhman Orxan deyir ki, 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı faciədən xeyli əvvəl SSRİ müdafiə naziri Dmitri Yazov Vladimir Timoşenkoya Rusiyadakı hərbi dairələrin birində prestijli yüksək vəzifə təklif etmişdi:

“Lakin Timoşenko bu təklifdən qəti imtina etmiş, həm özü, həm də övladları üçün sadəcə doğma ev yox, sözün həqiqi mənasında Vətən hesab etdiyi Azərbaycanda həmişəlik qalmağı qərara almışdı.

O, hələ daha əvvəl də Leninqrad Hərbi Dairəsində yüksək vəzifə vəd edən mərkəzin – Moskvanın təklifindən imtina edərək, o vaxt İttifaqın müdafiə naziri olan Yevgeni Şapoşnikova müraciətlə Azərbaycanda işləmək üçün ezam olunmasını istəmişdi.

Vladimir Vasilyeviçin öz tarixi vətəni Ukraynaya – Çernobıla qayıtması məsələsinə gəldikdə isə nə qədər istəsə də, bu artıq mümkün deyildi. Oraya qayıtmaq həddən artıq təhlükəli idi və yəqin ki, 100 ildən sonra da belə olacaqdır, çünki generalın ata yurdu olan doğma kəndi Çernobılın radiasiya zonasında yerləşir. Onun ata evində keçirdiyi qayğısız uşaqlıq və yeniyetməlik illəri həmişəlik təhlükəli zonada qalıb”.
 

V.Timoşenkonun özü uşaqlıq illəri ilə bağlı xatirələrində deyir:


“Hələ də gözlərimin önündədir, ailəmizdə həmişə qarşılıqlı hörmət və məhəbbət ab-havası hökm sürürdü. Atam heç vaxt anamın üstünə səsini qaldırmazdı. Anam bizim hamımız üçün əziz, sevimli insan idi. Ailəmiz mənim üçün ilk və ömürlük həyat məktəbi olmuşdur - mənəvi tərbiyə, humanizm və sevgi məktəbi. Xoşbəxtəm ki, həyat yoldaşım Qalina Mixaylovna da ailəmizin ən yaxşı ənənələrinə sadiq olmuş, oğlanlarımızı bu ruhda tərbiyə etmişdir”.


Əməkdar jurnalist Rəhman Orxanın sözlərinə görə, Vladimir Timoşenko fəaliyyəti boyu həmişə Azərbaycanın düşmənlərinin əsassız hücumlarına kəskin münasibət bildirib:

“O, həmişə bizimlədir, bizim adamdır, bizim generaldır. Belə olmasaydı, yüksək səviyyəli görüşlərdəki uca tribunalardan çıxışlarında “bizim ölkə”, “bizim Azərbaycan xalqı” sözlərini səmimiyyətlə deyə bilməzdi”.
 

Timoşenko ilə dostluq münasibətlərini bu gün də davam etdirən jurnalist deyir ki, əslən ukraynalı general Azərbaycana ürəkdən yanır və demək olar ki, azərbaycanlılarla çoxdan qaynayıb-qarışıb:
 

“Ermənistanın Azərbaycana qarşı açıq təcavüzündən, Qarabağ probleminin həllində keçmiş Sovet İttifaqının və Qərb ölkələrinin şərəfsiz mövqe tutmasından hiddətlənmiş general Timoşenko vaxtilə respublikadakı döyüş texnikasının buradan çıxarılaraq Rusiyaya aparılmasına hər vasitə ilə - özünün gələcək karyerasını və hətta həyatını da riskə məruz qoyaraq müqavimət göstərmişdi. O, bədnam 366-cı motoatıcı alayın Xankəndidən çıxarılmasını birincilər sırasında tələb etmiş, İrəvandan mütəmadi “mükafat” almaq müqabilində erməni daşnakların işğalçılıq ideyalarını dəstəkləyənlərə - Vilnüs hadisələrində “ad çıxarmış” qəddar general Açalov, xalqımızın qatı düşməni Starovoytova və başqalarına qarşı açıq mübarizə aparmışdı. Buna görə də təsadüfü deyildi ki, 1993-cü ildə “Moskovski komsomolets” qəzetində ermənilərin əli ilə təşkil edilmiş “General kim idi və indi kimdir?” sərlövhəli materialda Vladimir Timoşenko satqınlıqda, bir sıra başabəla “sərkərdə”lərdən fərqli olaraq, Ermənistanı deyil, Azərbaycanı dəstəkləməkdə ittiham edilirdi.


Rusiyada müəyyən dairələr 1 milyard dollar dəyərində ən müasir hərbi texnikanı Ermənistana müftə verəndə general Timoşenko məxsusi bu məsələ ilə əlaqədar iki dəfə Moskvada olmuş, orada çıxış edərək bu qanunsuz aksiyanı kəskin tənqid etmiş, Rusiyanın dövlət və hərbi strukturlarını inandırmağa çalışmışdı ki, işğalçı siyasət yeridən Ermənistanın hərbiləşdirilməsi yolverilməzdir. Bu hadisədən az sonra “Qolos Armenii” qəzetində dərc olunmuş “General Timoşenko kimin adından danışır?” sərlövhəli məqalədə Azərbaycan parlamentinin üzvünün ünvanına iyrənc hücumlar edilmişdi”.


2013-cü ildə “Rusiya-Ermənistan strateji və ictimai təşəbbüslərinə dəstək mərkəzi”nin russia-armenia.info saytında dərc edilən “Vladimir Timoşenko: qəhrəman yoxsa satqın?” adlı geniş məqalədə də o zaman 70 illik yubileyini qeyd edən generalın ünvanına hədyanlar yazılmışdı. Məqalədə Timoşenko SSRİ-nin varisi olan Rusiya ordusuna dönük çıxmaqda ittiham olunaraq, haqqında “O, faktiki olaraq ordusunu atıb Azərbaycan tərəfinə keçdi”, - deyə vurğulanmışdı.


Rəhman Orxan deyir ki, V.Timoşenko bir general və Milli Məclisin deputatı kimi Azərbaycan Milli Ordusunun yaradılmasında da fəal iştirak edib.


“Respublikamızın ən ağır günlərində general Timoşenko özü kimi Azərbaycanın təəssübünü çəkən Vladimir Malinovun təşəbbüsü ilə yaradılmış beynəlmiləl batalyonun formalaşmasında iştirak etmiş və Qarabağ cəbhəsində bir sıra uğurlu döyüş əməliyyatları aparmışdı. Bu beynəlmiləl batalyonun cəsur döyüşçülərindən biri öz vətəni Azərbaycanı alovlu məhəbbətlə sevən bakılı yəhudi, şəhid Milli Qəhrəman Albert Aqarunov idi...

…90-cı illərin əvvəlində Timoşenkonun Qarabağ münaqişəsinin tarixi və onun acı nəticələri haqqında Ukrayna televiziyası ilə açıq, cəsarətli çıxışı Kiyevin, bütün Ukraynanın sakinlərini son dərəcə heyrətləndirmişdi. Onlar Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında, Qarabağ müharibəsi və onun həqiqi səbəbləri barədə, erməni faşistlərin məkrli işğalçılıq məqsədləri və vəhşilikləri barədə həqiqəti ilk dəfə öz məşhur həmyerlilərinin dilindən eşitdilər. Bu çıxış o qədər güclü əks-səda doğurmuşdu ki, Ukrayna Dövlət televiziyası həmin çıxışı dəfələrlə təkrarən efirə verməli olmuşdu.


Azərbaycan ətrafında yaradılmış informasiya blokadasının aradan qaldırılması işinə general Timoşenkonun bir töhfəsi də ondan ibarətdir ki, o, keçmiş İttifaqın müxtəlif guşələrində yaşayan dostlarını vaxtaşırı respublikamıza dəvət edirdi”.
 


Jurnalistin sözlərinə görə, general Timoşenko vaxtilə Ukraynanın Azərbaycandakı səfiri işləmək təklifindən də imtina edərək, Milli Məclisin deputatı olmağı üstün tutub...

Azərbaycanı doğma vətəni kimi sevdiyini deyən general V.Timoşenkonun burada özünü çox rahat hiss etdiyini söyləyir:

“Rusiyanın, Ukraynanın müxtəlif yerlərində xidmət keçmişəm, amma heç bir yerdə Azərbaycandakı qədər rahat olmamışam. Bu yer möhtəşəm təbiəti ilə yanaşı, xalqın qeyri-adi xarakteri və gözəlliyilə cənnətdir”.

Vaxtilə Rusiyadan gələn vəzifə təkliflərindən imtina etdiyini xatırladan Timoşenko “Mənim üçün ən yüksək vəzifə Azərbaycan vətəndaşı olmaqdır” deyir.

Əvəllər hərbi ekspert kimi açıqlamalar verən general Timoşenko 44 günlük Vətən müharibəsindən hələ xeyli öncə demişdi: “Qarabağ problemi heç vaxt sülh yolu ilə həll edilməyəcək... Biz genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıyıq ki, torpaqlarımızı azad edək”.

Zaman istefada olan generalın proqnozlarını doğrultdu...


Sabiq deputat Vladimir Timoşenko hazırda ailəsilə birgə Bakıda yaşayır. Təqüdçü eks-deputat bəzən dəvət olunduğu rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edir.

Qeyd edək ki, generalın üç oğlu və bir qızı var. Böyük oğlu İqor atasının yolu ilə gedib. Ali Hərbi Məktəbi bitirib, hərbçidir – Ukrayna Ordusunun generalıdır. İkinci oğlu Oleq iqtisadçıdır, Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Onların hər ikisi hazırda Ukraynada yaşayır.

İqor və Oleq sabiq deputatın ilk həyat yoldaşı Qalina Mixaylovna ilə nikahından dünyaya gəlib. Qalina Mixaylovna çoxdan dünyasını dəyişib.

İlk həyat yoldaşının vəfatından illər keçəndən sonra yenidən evlənən Vladimir Timoşenkonun ikinci xanımından daha bir oğul və bir qız övladı doğulub. Maraqlıdır ki, general ikinci evlilikdən doğulan oğluna da İqor adı qoyub. Onun hazırda 16 yaşı var. Qızı Maşa isə 18 yaşındadır.


İkinci evliliyini nəzərdə tutaraq “Mən hələ də güc və enerji ilə doluyam” deyən Timoşenko zarafat etməyi, ürəkdən gülməyi, tost söyləməyi sevir:

“Tez-tez ziyafətlərdə dostlarımın xahişi ilə tamada rolunu ifa edirəm. Deyirlər ki, bu məndə pis alınmır. Tamadalıq zamanı vəziyyət imkan versə, bir-iki lətifə də deyə bilərəm. Yeri gəlmişkən, mənim lətifələrdən ibarət 4 mindən çox kolleksiyam var”.

Bu gün Bakıda yaşayan general Vladimir Timoşenkonun bir gözü gülsə də, bir gözü ağlayır... Bu da səbəbsiz deyil. Generalın gözü-qulağı tarixi vətəni Ukrayna ilə bağlı xəbərlərdədir.

Hələ Rusiyanın Ukraynada başladığı işğalçılıq müharibəsindən xeyli əvvəl Modern.az-a verdiyi müsahibədə o, tarixi vətəni ətrafında cərəyan edən hadisələrdən bərk narahat olduğunu bildirmiş, “mənim iki oğlum Kiyevdə, qardaşım Dnepropetrovskda, bacım Kiyev yaxınlığında yaşayır. Oradakı qohumlarım saysız-hesabsızdır” deyərək, ukraynalıların başına gətirilən müsibətlərə görə rəsmi Moskvanı lənətləmişdi.

“Putin özünü şortikdə gəzən küçə uşağı kimi aparır. O düşünür ki, Krımı Rusiyaya birləşdirməklə reytinqini qaldırıb. Bəs dünyada nə qazanıb? Bütün dünya ictimaiyyəti Putinə nifrət edir. O öz simasını bir daha göstərdi”,- deyə V.Timoşenko müsahibə zamanı Rusiya prezidentinə yönəlik qəzəbini ifadə etmişdi.

Milli Məclisin keçmiş üzvü, istefada olan general-mayor Vladimir Timoşenko bu ilin noyabrında 80 illik yubileyini qeyd edəcək. İndi onun ən böyük arzusu Ukraynanın müharibəni qələbə ilə başa vurmasıdır.


Əfqan Qafarlı

***
Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...

Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO

Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 

Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”

Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 

Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 

Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 

Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 

Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 

Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…

Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 

Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 

Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 

Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 

Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 

Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…

Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI 

Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri - FOTOLAR 

Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR

Unudulan deputatlar: Heydər Əliyev məktəbinin yetirməsi, eks-Baş prokurorun əmisi… - FOTOLAR 

Unudulan deputatlar: Hicablı parlamentari, hacı xanım... - FOTOLAR

Unudulan deputatlar: “Jurnalistlərin dostu” seçilən, Etibar Məmmədovun əvvəlcə müavini, sonra rəqibi olan, Milli Məclisdən gülməcələr yazan PROFESSOR 

Unudulan deputatlar: Heydər Əliyevlə Həccə gedən, Rəsulzadəyə şeir yazan, böyrəkləri çıxarılan ŞAİR

Unudulan deputatlar: Musa Yaqubun şairlikdən Milli Məclisə gedən YOLU - FOTOLAR

Unudulan deputatlar: Elçibəyi təhqir edən, Putindən mükafat alan NAZİR OĞLU

Unudulan deputatlar: “Bizim Cəbiş müəllim”ə çəkilən, parlamentə seçilən, səhnədən erkən gedən AKTRİSA

Unudulan deputatlar: Heydər Əliyevin qiymətləndirdiyi KARDİOLOQ

Unudulan deputatlar: Sərdar Cəlaloğlunu infarkt həddinə çatdıran, İsa Qəmbəri şoka salan, Etibar Məmmədova xəyal qırıqlığı yaşadan HÜQUQŞÜNAS

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü