Modern.az

Unudulan deputatlar: Heydər Əliyevin qiymətləndirdiyi KARDİOLOQ

Unudulan deputatlar: Heydər Əliyevin qiymətləndirdiyi KARDİOLOQ

Reportaj

10 Mart 2022, 17:57

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Vəsadət Əzizovdur. 

78 saylı Masallı kənd-Lənkəran seçki dairəsinin sabiq deputatı Vəsadət Əzizov 2000-2005-ci illərdə İkinci çağırış Milli Məclisin üzvü olub.

Vəsadət Əli oğlu Əzizov 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olub.

1972-ci ildə Qızılavar kənd orta məktəbini bitirib və həmin il Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra, 1978-79-cu illərdə Bakı şəhər 1 saylı Klinik xəstəxanasının bazasında 1 illik internatura kursu keçib və təyinatla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilib. V.Əzizov Naxçıvan şəhər xəstəxanasında əvvəlcə Qəbul şöbəsinin müdiri, sonralar Terapiya və Kardiologiya şöbələrində həkim-ordinator işləyib.

1983-cü ildə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər ixtisası üzrə aspiranturasına daxil olub. O, 1985-ci ildə Moskva şəhərindəki Ümumittifaq Kardioloji Elmi Mərkəzdə namizədlik və 1993-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib.

V.Əzizov 1994-1998-ci illərdə akademik C.Abdullayev adına Elmi-tədqiqat Kardiologiya institutunun direktoru vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilib və bu günə qədər həmin kafedraya rəhbərlik edir. Kafedranın professor-müəllim heyəti 32 nəfərdən ibarətdir.

O, kardiologiya sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarda və beynəlxlaq elmi jurnalların redaksiya heyətində təmsil olunur.

Alim 650-dən çox elmi əsərin, 24 dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə 450-dən artıq elmi məqaləsi işıq üzü görüb. Onun rəhbərliyi ilə 34 nəfər tibb üzrə elmləri doktoru və namizədlik diplomu alıb. 

Vəsadət Əzizov uzun illərdi nüfuzlu ürək həkimi kimi tanınır. Professoru tanıyanlar həm də onu yüksək əxlaqi keyfiyyətlərə malik, təvazökar və geniş dünyagörüşlü insan kimi xarakterizə edirlər.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan V.Əzizovun fəaliyyəti zamanında mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Məhz bu baxımdan onun parlament seçkilərinə qatılması təsadüfi olmayıb və deputatlığa namizədliyi YAP-dan verilməsə də, partiya sonra onu dəstəkləyib...

2000-2005-ci illərdə 78 saylı Masallı kənd - Lənkəran seçki dairəsini Milli Məclisdə təmsil edən V.Əzizov parlamentdə Sosial siyasət daimi komissiyasının üzvü olub. Eyni zamanda, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunda çalışıb.

Bir sıra qanunların ərsəyə gəlməsində yaxından iştirak edən sabiq deputat MDB ölkələri Parlamentlərarası Assambleyasının tibb sahəsində model qanunların hazırlanması üzrə işçi qrupuna rəhbərlik edib. Bu fəaliyyətinə görə o, həmin qurumun fəxri diplomuna layiq görülüb.

Masallı sakinləri deyirlər ki, V.Əzizovun 2000-2005-ci illərdəki deputatlıq fəaliyyəti seçicilərin yadından çıxmayıb. Onun seçicilərlə münasibətinin həmişə yüksək səviyyədə olduğunu xatılayırlar.

V.Əzizov deyir ki, hətta deputat olduğu vaxtlarda həkimlik peşəsindən ayrı qalmayıb. Vaxtilə seçicilərinə təkcə deputat kimi kömək etməyib, həm də onların həkimi olub.

Eks-deputat 2000-ci ildə seçkiyə üzvü olduğu partiyanın – YAP-ın qərarı ilə qatılmamışdı. Çünki o zaman adı partiyanın seçki siyahısında yox idi.


Sabiq deputatın Modern.az-a dedikləri:

“O zaman partiyamızın siyahısında olmayan üzvlərinin seçkiyə qatılmasına qadağa qoyulmamışdı. Mən seçkilərdə müstəqil namizəd olaraq iştirak etmişəm. Amma sonrakı proseslərdə partiya öz dəstəyini məndən əsirgəmədi”.

Eks-deputatın sözlərinə görə, 2000-ci ildə deputat seçiləndə artıq 25 ilin həkimi,  Kardiologiya İnstitutunun sabiq direktoru, Tibb Universitetinin kafedra müdiri olmaqla yanaşı, həm də Masallıda böyük bir nəslin nümayəndəsi kimi kimi kifayət qədər tanınırdı.
 

“Mənim deputatlıq fəaliyyətim seçicilərlə görüşlər, onların qayğılanını dinləmək və problemlərini araşdırmaqla yanaşı, həm də tibb sahəsində qanunların hazırlanması ilə bağlı olub. O vaxtlar şəkərli diabet, psixiatriya, talessemiya və hemofiliya xəstəlikləri, yod çatışmazlıqları ilə əlaqədar yaranan xəstəliklərin profilaktikası haqqında qanunlar və digər sənədlər tərəfimizdən hazırlanıb, parlamentə təqdim edildi. 
Sankt-Peterburqda MDB ölkələri Parlamentlərarası Assambleyası tərəfimizdən hazırlanan şəkərli diabet haqqında qanunu model qanun kimi qəbul etdi”.

2005-ci ildə İkinci çağırış Milli Məclisdəki səlahiyyət müddəti başa çatandan sonra V.Əzizovun növbəti seçkilərdə yenidən namizəd olacağı və qalib gələcəyi gözlənildirdi. Amma YAP yazıçı-jurnalist Elmira Axundovanı irəli verdi. Yuxarılarla "dil tapan" Elmira Axundova 78 saylı seçki dairəsini özü üçün "bron etməyi" bacardı.

Partiya bu dəfə də Vəsadət Əzizovu seçki siyahısına salmadı, üstəlik ötən seçkilərdə ona verdiyi dəstəyi Elmira Axundovaya yönəltdi. Nəticədə parlamentə Elmira Axundova mandat qazandı. Şübhəsiz ki, bu, professor V.Əzizovu incik salmaya bilməzdi.

Parlamentarlıq fəaliyyətini xatırlayan sabiq deputat o dönəmi artıq keçmiş sayır:

“Anam məni dünyaya gətirəndə, deputatlıq arzusu ilə gətirməmişdi. Ona görə də o dövr üçün darıxmağa dəyməz”. 


Maraqlıdır, 67 yaşlı V.Əzizov yenidən deputat olmaq istəyərmi?
 

“İstək və reallıq… İstək həmişə reallaşmır və reallaşmamalıdır. Bu həyatın qanunudur. Əks halda həyat mənasını itirər. Mən də bu reallığı qəbul edirəm. Bununla barışmaq lazımdır. Mən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının fəallarından biriyəm. Seçkilər zamanı partiya hansı qərarı qəbul edərsə, mən də həmin qərara müntəzirəm”.  

Dövlət başçısının 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə V.Əzizov "Əməkdar həkim" fəxri adına layiq görülüb.

V.Əzizov 2018-ci ildə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini dəstəkləmək məqsədilə keçirdiyi aksiyalarda fəal iştirak edib.




V.Əzizov deyir ki, bu gün gənclərin şəxsiyyət kimi formalaşması Tibb Universitetinin pedaqoqu olaraq onun diqqətdə saxladığı vacib məqamlardandır. Gənc nəslin təlim-tərbiyəsinə yaradıcı yanaşmaqla V.Əzizov pedaqoji fəaliyyətinin tələblərinə müasir dövrün çağırışları baxımından xüsusi həssaslıq göstərir.

Dünyada, o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkənlərin çoxalması da bir həkim kimi olaraq onu qayğılandırır:

“Bütün dünyada ürək xəstəlikləri geniş yayılıb. Ümumi ölümün yarısıdan çoxu məhz ürək xəstəlikləri hesabına baş verir. Bunun səbəbləri çoxdur: düzgün qidalanmamaq, qeyri-normal həyat tərzi, az hərəkətlilik, piylənmə, zərərli vərdişlər, ətraf mühit, ekologiya, stress və s. ilə bağlı problemlər...”.

Sabiq deputatın həyat yoldaşı da həkimdir. Xanımı Səidə Hacıyeva tibb üzrə elmlər doktorudur, Akademik Zərifə Əliyeva adına Elmi-tədqiqat Oftalmologiya Mərkəzində aparıcı elmi işçidir.

V.Əzizovun hər iki oğlu hüquqşünasdır. Onlar hazırda ABŞ-da yaşayır və ixtisasları üzrə özəl sahədə çalışırlar.

A.Qorxmaz

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 
Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…
Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI 
Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri - FOTOLAR 
Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR
Unudulan deputatlar: Heydər Əliyev məktəbinin yetirməsi, eks-Baş prokurorun əmisi… - FOTOLAR 
Unudulan deputatlar: Hicablı parlamentari, hacı xanım... - FOTOLAR
Unudulan deputatlar: “Jurnalistlərin dostu” seçilən, Etibar Məmmədovun əvvəlcə müavini, sonra rəqibi olan, Milli Məclisdən gülməcələr yazan PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevlə Həccə gedən, Rəsulzadəyə şeir yazan, böyrəkləri çıxarılan ŞAİR
Unudulan deputatlar: Musa Yaqubun şairlikdən Milli Məclisə gedən YOLU - FOTOLAR
Unudulan deputatlar: Elçibəyi təhqir edən, Putindən mükafat alan NAZİR OĞLU
Unudulan deputatlar: “Bizim Cəbiş müəllim”ə çəkilən, parlamentə seçilən, səhnədən erkən gedən AKTRİSA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu