Modern.az

Rektorları universitetlərin müəllimləri seçəcək?

Rektorları universitetlərin müəllimləri seçəcək?

Təhsil

12 Avqust 2025, 09:08

Azərbaycan Milli Məclisinin qarşıdan gələn növbəti sessiyasında gündəmdə olacaq mühüm qanun layihələrindən biri “Ali təhsil haqqında” sənəddir.

Layihədə universitetlərin muxtariyyətinin artırılması, həmçinin rektorların təyinat və seçilmə mexanizmlərinin dəyişdirilməsi nəzərdə tutulur. 

Modern.az müvafiq dəyişikliklərin təhsil sisteminə təsirini öyrənmək üçün bu sahə üzrə ekspertlərlə həmsöhbət olub. 


Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, “Ali təhsil haqqında” yeni qanun layihəsində universitetlərə muxtariyyətin verilməsi və rektorların seçilmə – təyinat mexanizminin dəyişdirilməsi Azərbaycanın ali təhsil sistemində mühüm dönüş nöqtəsinə çevrilə bilər.

Ekspertin sözlərinə görə, maliyyə, akademik, təşkilati və inzibati muxtariyyətin verilməsi bir sıra müsbət nəticələr doğura bilər:

“Bu halda tədrisin inkişaf səviyyəsi müəyyən qədər yüksələcək. Universitetlər öz proqramlarını əmək bazarının tələblərinə uyğun şəkildə yeniləyə biləcək, elmi tədqiqatlara stimul yaranacaq. Muxtariyyəti olan ali məktəblər daha çox qrant cəlb etmək, tədqiqat aparmaq və öz proqramlarına uyğun tədris modeli ilə idarəetmə sistemi qurmaq imkanına malik olacaq. Resurslardan daha səmərəli istifadə etməklə özəl sektorla əməkdaşlıq imkanları da genişlənəcək.”

Lakin Rizvan Fikrətoğlu bu prosesdə müəyyən risklərin də mövcud olduğunu vurğulayıb:

“Bacarıqsız rəhbərlik və şəffaf olmayan qərarlar mənfi nəticələr doğura bilər. Region universitetləri maliyyə və resurs çatışmazlığı səbəbindən geri qala bilər. Həddindən artıq muxtariyyət isə əmək bazarına uyğun olmayan və tələbatdan kənar ixtisasların yaranmasına gətirib çıxara bilər.”

Rektorların seçilməsi və ya təyinat mexanizminin dəyişdirilməsinə də toxunan ekspert, bu prosesin demokratikləşmə baxımından önəmli addım ola biləcəyini qeyd edib:

“Seçkilər universitetlərdə şəffaflıq və hesabatlılığı artıra, siyasi təsirlərdən uzaq rəhbərliyin formalaşmasına şərait yarada bilər. Lakin seçkilərin manipulyasiya riski də mövcuddur. Bəzən rektor real idarəçilik bacarığına görə deyil, populist çıxışlarına görə seçilə bilər. Eləcə də seçilmiş rəhbər dövlətin təhsil strategiyasına uyğun olmayan biri ola bilər.”

Rizvan Fikrətoğlu hesab edir ki, əgər bu dəyişikliklər düzgün hüquqi çərçivədə, şəffaf və mərhələli şəkildə həyata keçirilərsə, ölkədə ali təhsil müəssisələri arasında rəqabət artar, innovasiya sürətlənər və daha çevik idarəetmə mexanizmi formalaşar.

Ramin Nurəliyev də düşünür ki, rektorların akademik heyət tərəfindən seçilməsi universitetlərin inkişafına təkan verə bilər:

“İnkişaf etmiş ölkələrin əksəriyyətində, o cümlədən qardaş Türkiyədə bu sistem tətbiq olunur. Azərbaycanda da bu modelin tətbiqi ali təhsil müəssisələri üçün üstünlüklər yaradacaq. Çünki rəhbər şəxslər universitetləri ya inkişaf etdirə, ya da tənəzzülə uğrada bilər. Bu səbəbdən rəhbərliyin seçilməsinin həmin ali təhsil müəssisəsinin akademik heyəti tərəfindən həyata keçirilməsi daha məqsədəuyğundur”.

Ekspertin sözlərinə görə, böyük ehtimalla təqdim olunacaq model belə olacaq:

“Akademik heyət müəyyən sayda namizədi seçəcək, həmin şəxslər Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq və Prezident də üç nəfər arasından birini rektor vəzifəsinə təyin edəcək. Bu halda uğur ehtimalı daha yüksəkdir”.

R.Nurəliyev hesab edir ki, işi bilən, akademik heyətə qayğı göstərən və universitetin inkişafı istiqamətində addımlar atan şəxslərin rektorluğa layiq görülməsi, onların müəllim-professor heyəti tərəfindən seçilərək Prezidentə təqdim olunması daha doğru yanaşmadır:

“Belə bir proses universitetlərin daha dinamik inkişafına, idarəetmədə şəffaflığın artmasına və akademik mühitin möhkəmlənməsinə səbəb ola bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza