Modern.az

Əhliman Əmiraslanov kimdir?

Əhliman Əmiraslanov kimdir?

15 May 2017, 19:46

Mahir Qabiloğlu


Dövlətimiz müstəqildir. Yarandığı gündən atılan ilk addımlardan biri də bu oldu ki, bir qrup azərbaycanlı gənc ali təhsil almaq üçün Türkiyəyə göndərildi. Bu gözəl ənənə sonrakı illərdə də davam etdirildi. Özü də el dilində desək – havayı. Oxuyub, yüksək biliklərə yiyələndikdən sonra nə etməliydi onlar? Əlbəttə ki, diplomunu alıb, geri qayıdıb yeni, dünya səviyyəsinə uyğun  iqtisadiyyat, menecment, bankçılıq, marketinq, səhiyyə, təhsil ənənələrinin əsasını öz müstəqil respublikalarında – onları böyüdüb-başa çatdıran, xaricdə ali təhsil verən Azərbaycanda – tətbiq etməliydilər. Görəsən hamısı qayıtdımı? Dövlətin təhsilə qoyduğu kapital öz bəhrəsini verdimi? Yəqin statistika var. Mənfi və yaxud da müsbət fikir söyləyib bu işə kölgə salmaq və ya məddahlıq etmək istəməzdim. Amma bir şey qıcıqlandırır məni. Xaricə oxumağa gedən uşaqlara valideynlərin verdiyi öyüd-nəsihət: “Bala, get! Yolun açıq olsun. Yaxşı oxu. Orda pis oxumaq məsələsi yoxdur. Tapşırılmaq, pul-mul da keçmir. Oxu, təhsilini başa vur. Sonra da qayıtma. Qal orda. Nəbadə qayıdasan a... Azərbaycanda...” Və üç nöqtə. Bu durğu işarəsini elə-belə qoymadım. Çünki bu cümlənin sonrasını və nöqtəsini yaxşı bilirsiniz. Yox, deyəsən sizdə sual yarandı: “Mahir müəllim, bəs tibb sahəsindəki uzmanlar? Axı, indi hamı onların üstünə qaçır?! Deyilənə görə “uzman” xaricdə təhsil alıb gələnə deyirlər. Buna görə də çox savadlıdırlar”. Düzdür. Bəs onda havayı təhsil alan hansı uzmanın qəbuluna resepşında pul ödəməmiş düşə bilmisiniz?


HAŞİYƏ:
İkinci Dünya müharibəsi ərəfəsində faşist Almaniyasında yəhudilərə qarşı repressiyalar başlananda ayıq tərpənənlər canlarını götürüb xaricə qaçırlar. Xüsusilə də Türkiyə ərazisinə. Onların arasında alimlər, yüksək ixtisaslı mütəxəssislər də olub. Biri hamınıza lap yaxşı tanışdır – Albert Eynşteyn. Türkiyə dövləti bu beyin axınından səmərəli bəhrələnərək, onlara sığınacaq verir, məktəb və universitetlərə işə götürürlər. Bu da acınacaqlı vəziyyətdə olan, ali təhsilli kadrların çatışmadığı Türkiyə təhsilinin tənəzzüldən inkişafa keçməsinə təkan verir. Bu yəhudi müəllimlər içində bəxti gətirməyən isə gələcəyin Nobel mükafatçısı Albert Eynşteyn olur. Demə yaxşı alim olmaq yaxşı müəllim olmaq sayılmır. Dərs deməyi bacarmayan Eynşteyn məcbur olub Türkiyədən ABŞ-a mühacirət edir. (SON)

90-cı illərdə Türkiyəyə ali təhsil almaq üçün təkcə gənclərimiz gedirdimi?  Əsla. Yəqin bilirsiniz ki, aclıqdan, özbaşınalıqlardan, müharibədən, elmə-təhsilə pul ayrılmamağından, verilən cüzi maaşların aylarla gecikdirilməsindən bezən nə qədər kəlləli insan – alimlər, yazıçılar, rejissorlar, musiqiçilər, bir sözlə say-seçmə insanlar – xaricə getdi?! Hamısı da Türkiyənin müxtəlif ali və orta təhsil müəssisələrinə bəh-bəhlə işə götürülürdülər. Özü də 2-3 illik müqaviləylə. Ki, birdən darıxıb qaçarlar. Bunun qısa adı belədir: “Beyin axını”. Gedənlərə el dilində “qaranquş” dedilər, qalanlara isə “sərçə”. Famil Mehdinin “Dilən, professor, dilən” adlı məşhur şeiri də elə bu fərasəti olmayan “sərçə”lərə həsr olunmuşdu.

Belə bir dövrdə – keçmiş SSRİ, sonralar müstəqil Rusiya Federasiyası miqyasında həkimlik, alimlik şöhrətinin pikində olan,  27 yaşında Moskvada aspiranturaya girərək 30-40 yaşları arasında elmlər namizədi, elmlər doktoru elmi dərəcələrinə,  professor adına, “Lenin mükafatı”ndan sonra SSRİ boyda dövlətin 2-ci ali mükafatı sayılan SSRİ Dövlət mükafatına layiq görülmüş bir elm xadiminin, loğmanın, müəllimin Azərbaycana qayıtmasını  anlamaq çox çətindir. Axı, nə idi çatışmayan? Nə qədər vətənpərvər olmalısan, damarlarında Azərbaycan qanı nə dərəcədə coşub-qaynaya ki, hər şeyi atıb, nəinki təhsil və səhiyyəsi, bütün sahələri bərbad vəziyyətdə, müharibə gedən, parçalanmaqda olan bir məmləkətə dönəsən. Mən dönərdimmi, sən dönərdinmi, Siz dönərdinizmi? İnanmıram. Çünki xaricə oxumağa gedən uşaqlarımıza “Get. Amma nəbadə qayıdasan a... bir iş tap qal orda. Bacarsan, lap evlən də...” xeyir-duası verən Mirzə Ələkbər Sabirin təbiriycə desək, köhnə müsəlmanlarıq.



HAŞİYƏ:
Dünya şöhrətli Türk alimi İhsan Doğramacının AzTV-yə verdiyi müsahibəsində bir məqamı yaddan çıxara bilmirəm. Çünki, bu bizim ən yeni tariximizdir. Özəl universiteti olan alim, ali təhsil ocağında Azərbaycandan gələn musiqiçilərdən ibarət orkestr təşkil etdiyini bildirdi. Onlar üçün  xüsusi olaraq xarici dil dərsləri keçirildiyini söylədi. (SON)

Dünya şöhrətli alim, professor, doktor İhsan Doğramacı hələ o vaxt o şəxsin bu addımını gözəl xarakterizə edib:Əhliman müəllim dünya miqyasında tanınan çox böyük alimdir. O, 20 il Moskvada çalışdığı dövrdə onkologiya sahəsində çox böyük şöhrət qazanıb. Lakin onun Moskvada çalışdığı uğurlu fəaliyyətindən sonra Bakıya – Azərbaycana qayıtması onun öz xalqına, vətəninə bağlılığının təntənəsinə çevrildi. Belə vətənpərvərlik alqışa layiqdir”.

  

Yəqin ki, bu yazımın qəhrəmanını tanıdınız – 1992-ci ildə yenidən Azərbaycana qayıdıb, Dövlət Tibb İnstitutuna rektor təyin olunan Əhliman Əmiraslanov. Titullarını niyə yazmadım? Çünki Əhliman müəllimin 50 illik elmi və həkimlik fəaliyyəti iki hissədən ibarətdir – Moskva və Bakı hissəsi. Mən də şərti olaraq yazımı iki yerə bölməyə qərar verdim. Hələ 1974-cü ildəyəm. Əhliman doktorun isə 27 yaşı var. Azərbaycandan sıravi həkim kimi Moskvaya –aspiranturaya gedən Əhliman Əmiraslanov bəs 1992-ci ildə Vətənə qayıdanda kim idi? Gəlin qısa bioqrafik məlumatdakı ardıcıllığı, sürətli inkişafı diqqətlə izləyək:


“Ə.T.Əmiraslanov 1974-cü il oktyabrın 1-də SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzi (ÜOEM) nəzdində aspiranturaya daxil olub. 1977-ci ildə aspiranturada təhsil vaxtı hələ başa çatmamış, vaxtından əvvəl, «Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası» mövzusunda namizədlik dissertasiyası müdafiə edib və  tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.


Adətən, keçmiş Sovetlər İttifaqı dövründə müttəfiq respublikalardan Moskvanın təhsil və elm mərkəzlərində aspiranturanı bitirən mütəxəssislər dissertasiya müdafiə edib, elmi dərəcə aldıqdan sonra öz respublikalarına qayıtmalı idilər. Lakin Ə.Əmiraslanov ÜOEM-in baş direktoru akademik, Sosialist Əməyi Qəhrəmanı N.N.Bloxinin və elmi rəhbəri, akademik N.N.Trapeznikovun təkidli təklifi ilə həmin mərkəzdə saxlanılıb. Beləliklə, Əhliman Əmiraslanov 24 noyabr 1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-inin ümumi onkologiya şöbəsində kiçik elmi işçi, baş elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. Bu dövrlərdə çoxlu  mürəkkəb cərrahiyyə əməliyyatları, o cümlədən dünyanın yalnız bir neçə məşhur klinikalarında icra olunan və SSRİ miqyasında ilk dəfə Azərbaycan alimi Ə.T.Əmiraslanov tərəfindən həyata keçirilən «Rotasion plastika» operasiyası böyük məharətlə yerinə yetirilib və ümidverici göstəricilər əldə edilib. Gənc alim elmi axtarışlarını uğurla davam etdirərək 1984-cü ildə, 36 yaşında ikən, «Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları» mövzusunda doktorluq dissertasiyası müdafiə edib və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.


Sümük sarkomasının bütün incəliklərini dünya mətbuatında geniş şərh edən və Beynəlxalq elmi yığıncaqlarda sanballı çıxışları ilə fərqlənən alimin adı, tezliklə, nəinki keçmiş  Sovetlər İttifaqının ayrı-ayrı respublikalarında, eləcə də dünyanın hər yerində tanınır və şöhrətlənir.



Ə.T.Əmiraslanov 1979-1985-ci illər ərzində Moskvada apardığı səmərəli elmi-tədqiqat işlərinə görə ardıcıl olaraq SSRİ TEA-nın ÜOEM-inin rəhbərliyi tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Həmin illər ərzində ümumi onkologiya şöbəsində «Sümük şişlərinin müalicə metodlarının təkmilləşdirilməsi» mövzusu üzrə cavabdehlik ona tapşırılıb. Gənc Azərbaycan alimi  iyirminci yüzilliyin 70-80-ci illərində «Dayaq – hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi» üzrə Ümumittifaq Məktəbinə rəhbərlik edib və dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalları ilə təltif edilib.

 
Ə.T.Əmiraslanovun «Uşaq, yeniyetmə və yaşlılarda osteogen sarkomanın kompleks müalicə metodu» adlı işləməsi SSRİ Səhiyyə Nazirinin 1162 saylı əmri ilə 1983-cü il 3 oktyabr tarixində tibb elminin səhiyyə praktikasında qazanılan mühüm nailiyyətlərin tətbiqinin Ümumittifaq perspektiv planına daxil edilib.


1985-ci ildə Ə.T.Əmiraslanovun məhsuldar fəaliyyəti «Sümük sarkomaları» adlı monoqrafiyada öz əksini tapıb və bu orijinal monoqrafiyaya görə o, SSRİ Tibb Elmləri Akademiyasının 5 ildə bir dəfə təqdim edilən «Akademik N.N.Petrov adına» mükafatı və medalı ilə təltif edilib.

 
 Dünyada tanınan və layiqli nüfuz qazanan alim 1986-cı ildə elm və texnika sahəsi üzrə «Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi» haqqındakı silsilə elmi-texnoloji işlərinə görə SSRİ Dövlət Mükafatına layiq görülüb.


1987-ci il iyunun 18-də Ə.T.Əmiraslanov ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilib. 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilib və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışıb.


Akademik Ə.T.Əmiraslanov Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzində praktiki işlə bərabər böyük elmi-təşkilati işlərlə də məşğul olub. Moskvada işlədiyi müddətdə 12 tibb elmləri namizədi və 5 tibb elmləri doktorunun yetişməsinə bilavasitə rəhbərlik edib.


1991-ci ildə yüksək ixtisaslı tibb kadrları hazırlığındakı, eləcə də tibb elminin və səhiyyənin inkişafındakı xidmətlərinə görə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib”.

 



Bu qədər. 45 yaşlı bir Azərbaycan aliminin keçdiyi 17 illik bir yola kiçik ekskursiya. Yazılarımda tərcümeyi-hallara çox da yer ayırmıram. Yazı manerama uyğun deyil. Amma bir nəticəni əsaslandırmağım üçün bu qısa xatırlatma mənə lazım idi. Fikirləşirəm ki, bəs növbəti addım nə olacaqdı? Növbəti fəth ediləcək zirvə hansı idi? Yəqin ki, SSRİ Elmlər Akademiyasının Müxbir üzvü, daha sonra isə Həqiqi üzvülük. Qarşıda yalnız fəth edilməyən bu iki zirvə qalırdı .



Səhv etmirəmsə, SSRİ EA-nın tarixində Azərbaycan alimləri arasından cəmi üç nəfər müxbir üzv seçilib. Həqiqi üzv isə yoxumuzdur. Səhiyyə sahəsində SSRİ Dövlət Mükafatına layiq görülənimiz də çox deyil. Səhv etmirəmsə cəmi iki nəfərdir. Mustafa bəy Topçubaşov (1943-cü il – “Stalin mükafatı”. Əvvəllər belə adlanırdı) və Əhliman Əmiraslanov. İndi deyəcəksiniz ki, Mahir falçılıq edir. Gələcəyi söyləmək iqtidarında deyil, keçmişə “proqnoz” verib, heyfslənir. Yox. Əsla. Bu fikrə gəlməzdim. Əgər Əhliman müəllimin bir vaxtlar çalışdığı, Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin baş direktoru, akademik Nikolay Nikolayeviç Trapeznikovun müsahibəsini oxumasaydım:
Çox şadam ki, mənim Əhliman Əmiraslanov kimi bir tələbəm var. Arxayınam və şərəf duyuram ki, istənilən anda o məni Onkoloji Elmi Mərkəzin baş direktoru vəzifəsində əvəz edə bilər.

Ə.Əmiraslanovun onkologiya elmi sahəsində əldə etdiyi nəticələrin böyük əksəriyyəti SSRİ-də ilk dəfə əldə edilən son dərəcə yeni elmi nəticələrdir. Bu nəticələr xarici ölkə alimlərinin həmin sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da onları tamamlayır”.

 


HAŞİYƏ:
Uşaq bağçasında bizə “Turp” nağılını tez-tez danışırdılar. Hətta səhnəcik də göstərirdik. Turpu çıxarmağa gələn hər yeni köməkdən sonra bu sözlər təkrar olunurdu: “Turpu dartdılar, dartdılar, çıxara bilmədilər”. Sonda – sonuncu köməkdən sonra isə inkar təsdiqə çevrilirdi: “Turpu,  dartdılar, dartdılar və çıxardılar”. Biz balacalar bu yerdə əl çalır, sevinirdik. Bu nağıl “güc birlikdədir” misalının uşaqlara aşılanmasında ilk tərbiyəvi əyani vasitələrdən biri idi. Yaxud da, quyuya düşən nağıl qəhrəmanına kömək üçün ora ip atarlar və dartıb çıxararlar, dardan qurtararlar. (SON)


Mən bu cür nağılların ruhunda böyümüşəm. Əhliman müəllimin tərcümeyi-halında onun qeyri-adi istedadını kəşf edib yol göstərən ustadlarının – professor Arif Abbasov, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Bloxin, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Trapeznikov – adlarını görəndə təsirləndim. Düzü paxıllıq etdim. Fikirləşdim ki, görəsən gələcəkdə öz tərcümeyi-halımda mən kimlərin adını çəkəcəyəm? Şair Qabil “Xeyirxahlıq” şeirində bu barədə gözəl deyib:


Döyülməklə ucalmamış bircə nəfər,

Söyülməklə açmamışdır kimsə qanad.

Axtar, dolan, qapazaltı dahi gostər!

Hələ inkar – kəşf etməmiş bir istedad.

 


Əl yetirib qaldıranda – qalxar adam,

Cövhərində vüsət olan – pərvazlanar.

Belə işi görə bilməz alçaq adam –

Alçaqların zirvələrdə nə işi var.


Amma “Turp” nağılını elə-belə misal çəkmədim. Məqsədim var.


HAŞİYƏ:
Əvvəllər rayon İcra Hakimiyyəti başçıları eyni zamanda YAP rayon təşkilatının sədrləriydilər. İli yadımdan çıxıb. Yeni qərar çıxarıldı ki, eyni adam iki vəzifəni daşıya bilməz. Və İcra başçılarını seçim qarşısında qoydular. Hamısı İcra başçısı kimi qalmağa üstünlük verdilər. Bir nəfərdən başqa. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ərizəsini yazıb, YAP təşkilat sədri kimi qalmaq istəyini Prezident Heydər Əliyevə bildirdi. Cavab gözləmədən kabinetini tərk etdi. (SON)

 



2015-ci il seçkilərindən sonra deputat olan rektorlar da dilemma qarşısında qalmışdılar. O cümlədən 23 il bir universitetə rəhbərlik edib, təhsil ocağını yenidən qurub ayağa qaldıran  akademik Əhliman Əmiraslanov. O isə yüksək vəzifəni yox, deputatlığı seçdi. Əlavə şərhə ehtiyac görmürəm.

 


HAŞİYƏ:
Bu yaxında Baş redaktoru olduğum 10may.az saytında atamın arxivindən bir video paylaşdım. Ümummilli lider Heydər Əliyev orda öz qiymətli fikirlərini bölüşür. Vəzifəli adamların dissertasiya müdafiə etmək, alim, akademik olmaq istəklərini “sovet dövründən qalan xəstəlik” adlandırır. İndinin özündə də nə qədər vəzifəli adamın adı (müəllim kimi) ali məktəblərdə ştatda gedir. Içərilərində kafedra müdiri olan da var. Amma bir çoxu heç auditoriyaya da girmir. Bu şərəfli vəzifəni kafedranın digər müəllimləri həyata keçirirlər. (SON)

 


Əhliman müəllimin əsas titul və daşıdığı vəzifələrini saydım. Amma sayı çoxdur. Hələ kitablarını, elmi əsərlərini demirəm. Qeyd eləmək istəməzdim. Kim istəsə internetdən tapıb oxuyar. Amma bir önəmli məsələ var ki, Əhliman müəllim həkim xalatını, cərrah bıçağını, müəllim sənətini bütün bu vəzifələrdən həmişə üstün tutub.

 


“İMKANSIZLIQ”, YOXSA SƏNƏTİNİN  “FƏHLƏSİ” ƏHLİMAN

 

    
 Əhliman müəllim Qərbi Azərbaycanın Göyçə Mahalının Basarkeçər rayonunun Zod kəndində, ziyalı ailəsində anadan olub. Atası Tapdıq Əmiraslanov orta məktəb direktoru, Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun maarif şöbə müdiri vəzifələrində çalışıb, bütün qüvvə və bacarığını elin savadlanmasına, maariflənməsinə sərf edib, «Əməkdar müəllim» fəxri adına layiq görülüb. Bir dostumun verdiyi məlumata görə həmin məktəbin 100-dən çox məzunu professor kimi yüksək alimlik səviyyəsinə yüksəliblər.


Amma akademikin tərcümeyi-halındakı bir ştrix mənim diqqətimi xüsusilə çəkdi. “1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək elə həmin ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutda təhsil alarkən fitri istetadı, yüksək erudisiyası ilə fərqlənən gənc Ə.T.Əmiraslanov onkologiya sahəsinə daha çox meyl göstərib və 1969-cu ildə, hələ tələbə ikən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb”.


Əhliman müəllim imkanlı ailədən olmasına baxmayaraq həkimliyin “fəhləliyindən” başlayıb və bu pillələri yavaş-yavaş qalxıb. Günortalar oxuyub, axşamlar işləyib. Bu boyda yükə yalnız öz gələcək sənətini dəlicəsinə sevən fanatiklər dözə bilərdilər. Əhliman müəllim səhiyyə müəssisəsində çalışan bütün təbəqələri gözəl bilir, gözəl duyur. Çünki özü də nəvaxtsa onlardan biri olub. Ancaq belə şəxslər gözəl təşkilatçılıq qabiliyyətinə malik ola bilərlər.



Onun bu xidmətləri həm sovet, həm də Azərbaycanın müstəqillik dövründə yüksək qiymətləndirilib və bu gün də yüksək qiymətləndirilir. Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Əhliman müəllimin 23 illik rektorluğu dövründə dəfələrlə bu təhsil ocağına baş çəkib, yeni tədris korpuslarının açılışında, yubiley mərasimində iştirak ediblər. Əhliman Əmiraslanov 2000-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeniylə təltif olunub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. AMEA-nın Biologiya və Tibb elmləri bölməsinin akademik-katibidir.  2010, 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. Milli Məclisin Səhiyyə komitəsinin sədridir. YAP-ın üzvüdür. Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının direktorudur.


Bununla yanaşı alimin bir çox beynəlxalq uğuru da olub. O, Rusiya Tibb Elmləri Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının və Polşa Elmlər akademiyasının həqiqi üzvü, Ümumdünya  Onkoloqlar və Ortoped Travmatoloqlar Assosiasiyasının, Ümumdünya Tibb Akademiyasının, Avropa Bərpa cərrahlığı Assosiasiyasının, Amerika Klinik Onkologiya Cəmiyyətinin üzvüdür.

 


HAŞİYƏ:
Nərimanov rayon Ticarət və İctimai İaşə idarəsində işləyirdim. Uzun müddət ictimai iaşə sahəsində çalışmış otaq yoldaşım Mina xanım mənə qəribə bir sual verdi:

–        Mahir, restoran və kafenin müdiri hansı sənətin sahibi olmalıdır?

–        Əsas sənət deyil. Pullu adam olmalısan ki, belə bir obyekt alasan, ya tikdirəsən. Sonra da işçi yığıb başlayasan fəaliyyətə. Özün də olasan müdir, – deyə cavab verdim. Mina xanım gülərək:

–        Yox, ay Mahir, düz tapmadın. İctimai-iaşə obyektinin başçısı aşbaz olmalıdır.

–        Niyə?

–        Çünki aşbaz restoranda əsas adamdır. Bir də gördün şıltaqlığına salıb, sahibi yerində oturtmaq üçün tətil elan elədi. Ya xəstələndi işə gəlmədi. Bax onda restoranın işi dayanmasın deyə SAHİB-AŞBAZ qolunu çırmalayıb, önlük taxıb keçməlidir mətbəxə. Ta yeni aşbaz tapana qədər. (SON)

 


İndi deyəcəksiniz ki, bu nə haşiyədir? Qabil hələ 1969-cu ildə “Səhv düşəndə yerimiz” şeirində bunu deyib də... Sənin izahına nə lüzum? Yox. Məncə xırdalamaq lazımdır. Varlı-hallılar özəl tibb müəssisəsi, təhsil ocaqları... açanda susuruq. Hansısa ixtisasca müəllim olan biri balaca otaq götürüb repititorluq edəndə,  həkim olan biri klinika yaradanda, lap adi stomotoloq xırda bir diş kabineti açan kimi başının üstünü alırıq ki, “olmaz. De görüm sən bunu hansı pula açmısan?” Həəə... İndi misalı çəkə bilərəm: “Səhv düşəndə yerimiz”.


“AMİ”


Hamımız Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu qısaca belə adlandırırdıq – AMİ (Азербайджанский Медицинский Университет).  1988-1990-cı illərdə həyat yoldaşım bu təhsil ocağında oxuyurdu. Ona görə də korpusların, xəstəxanaların hamısını yaxşı tanıyırdım. 1992-ci ildə Əhliman müəllim bu təhsil ocağına rektor təyin olundu. Sonra adı dəyişdirildi. Universitetə çevrildi. Bəs bu yalnız zahiri dəyişiklik idimi?


Səməd Vurğun küçəsində yaşayıram. Tibb Universitetinin bu küçədə tikilən iki möhtəşəm təhsil-tədris kompleksinin yanından hər gün keçirəm. Bir illik internanın uzun müddətli rezidenturayla əvəz olunduğunu da bilirəm. Keçmiş Baş redaktorum Allahverdi Məmmədovun bir sözü vardı: “Şəxsi tərifləmə, onun gördüyü işləri təsvir elə. Bu özü elə tərifdir də...”

 

SON


Yuxarıda “Turp” nağılını misal çəkdim. Bu nağıllar dünyasında böyüdüyümü, tərbiyə aldığımı qeyd etdim. Amma onda, böyüklər öz aralarında başqa “nağıllar” da danışırdılar. Amma gec-gec, çox təsadüfi hallarda. Mən də ağzımı açıb qulaq asırdım. Heç mənasını da anlamıram.


HAŞİYƏ:
Günlərin bir günü bir jurnalisti Cəhənnəmə ezam edirlər ki, reportaj hazırlasın. O da gəlib görür ki, bir qır tiyanıdır. Yanında da bir nəfər oturub. Əlində də toppuz. Soruşur ki, sən kimsən. O da cavab verir ki, bax bu qır tiyanıdır. Günahı olanları da ora atıb,  əzab veririk. Onda jurnalist sual verir ki, bəs o əlindəki toppuz nədir? Tiyanbaşı cavab verir ki, bəs kimsə tiyandan çıxıb qaçmaq istəsə, bu toppuzla başından vururam düşür içinə.

      Bu an jurnalist görür ki, bəs tiyanın o tərəfindən bir nəfər çıxmaq istəyir. Tez tiyanbaşını xəbərdar edir. O da:

–Xeyri yoxdur. O gürcüdür. Ha başından vur. Aşağıda olanlar təkan verib əvvəl-axır onu çıxaracaqlar yuxarı. O da onların əlindən tutub, dartıb çıxaracaq. Mənim yorulub əldən düşməyə halım yoxdur.


Birdən tiyanın o biri başından başqası çıxmağa cəhd edir.

 –Buna da toppuz təsir etməyəcək. Ermənidir. Aşağıdakı ermənilər təkan verib çıxaracaq. Sonra da özləri qurtulacaqlar.


Bu dəm elə jurnalist dayanan yerdən bir nəfər tiyandan çıxmağa cəhd göstərir.
Tiyanbaşı yenə də eyninə almır. Heç toppuzu qaldırmır da...

–Jurnalist, bu da azərbaycanlıdır. İstəsə də çıxa bilməyəcək. O biri azərbaycanlılar ayağından dartıb təzədən tiyana basacaqlar. (SON)

 


İndi  51 yaşım var. İndi bu cür nağılları danışmırlar. İndi nağıllara ehtiyac da yoxdur. Sadəcə, seyrçiyə, şahidlərə çevrilmişik. Özü də bir çox qəzet, sayt səhifələrində. Özü də ki, hər gün, hər an. Artıq dəb halını alıb. Görürəm ki, o vaxt “əlindən tut dart. Xilas elə, kömək elə” sözünün mənasını mənə düzgün izah etməyiblər. Mirzə Ələkbər Sabirin yana-yana təsvir etdiyi “müsəlman”larda bu tamam başqa bir anlam verirmiş: “Yaxşı işlərə, nailiyyətlərə sevinmə, fəxr etmə. İrəli gedənin, nailiyyət qazananın ətəyindən dart, yıx. Elə et ki, bir də özünə gəlməsin. Ya da ki, çamur at, arxasıyca daş at”.

İndi Əhliman müəllim bu sözləri oxuyub, başını bulayacaq. Və deyəcək ki, “ay Mahir, narahat olma. Heç qorxusu yoxdur”. Bilirəm, Əhliman müəllim. Qarğa qartala daş atanda qayıdıb özünə dəyər.

 

2017

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir