Modern.az

Bu il 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib

Bu il 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib

21 İyul 2017, 20:26

"Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin dəfələrlə artmasına səbəb olub. Cari ilin birinci yarısında icrası təmin edilən işlərin sayı 54% artaraq 288 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.304 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1.608 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 161 şəxs barəsində cinayət işi başlanılıb. Həmçinin, 6.320 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərin üzərindən əvvəllər qoyulmuş belə məhdudiyyət götürülüb". Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə vurğulanıb.

Qeyd olunub ki, icra xidmətində mövcud olan kəskin iş yükü məhkəmələrdə baxılan işlərlə mütənasib olduğundan bu sahədə işin səmərəli təşkili üzrə tədbirlər görülüb, ötən ilin sonunda "İcra haqqında" Qanuna dəyişikliklər edilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb. İcra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib.

Bununla yanaşı, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün "Elektron icra" sisteminin yaradılması üzrə əməli tədbirlər görülür. Artıq cari ilin əvvəlindən bütün icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatı bu sistem vasitəsilə aparılır. Elektron sistemin tətbiqi icra hərəkətlərinin mütəşəkkil və dürüst təmin olunmasına, elektron sənəd dövriyyəsinin təşkilinə, prosessual müddətlərə nəzarət olunmasına geniş imkanlar yaradıb.

Müşavirədə dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası çərçivəsində icra xidməti tərəfindən yerli icra hakimiyyəti orqanları ilə səmərəli qarşılıqlı fəaliyyət qurularaq ictimai işlər cəzasının icra ediləcəyi yerlərin siyahılarının müəyyən edilməsi ilə bağlı konkret addımların atıldığı, bu cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasının, habelə məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi bildirilib.

Bununla yanaşı, fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə cari ilin birinci yarısında xidmətin 20 əməkdaşının intizam məsuliyyətinə cəlb olunduğu, o cümlədən 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verildiyi, 7 nəfərin isə tutduğu vəzifədən azad edildiyi vurğulanıb, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.

Müşavirəyə yekun vuran ədliyyə nazirinin müavini Vilayət Zahirov xidmətin işinin dövlət başçısının tələbləri səviyyəsində qurulmasını, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunmasını, vətəndaş məmnunluğunun yüksəldilməsini, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyini vurğulayıb, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması ilə bağlı və s. konkret tapşırıqlar verib.

Sonra tədbir azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası, probasiya institutunun tətbiqi mövzusunda seminar-məşğələ ilə davam edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir