Modern.az

“Deyilənə görə qadın əxlaqsız idi”-Hüquq müdafiəçisindən kişilərə sərt İTTİHAM

“Deyilənə görə qadın əxlaqsız idi”-Hüquq müdafiəçisindən kişilərə sərt İTTİHAM

Aktual

17 Sentyabr 2017, 14:46

İnternet əsrinin gətirdiyi gərginlik, qaçaqaçlar fonunda daha gündəm xəbərləri heç kimi heyrətləndirmir. Baş verən ən acı olaya belə uzağı bir neçə dəqiqə üzülüb, ardından qızğın müzakirələrə başlayırıq. Ərini baltalayan “qadınlar”, uşağına iynə batırıb öldürən “nənələr”, “bibilər”, qadının ağzını, dilini kəsən “kişilər”, atasının boynunu balta ilə vuran “övladlar”... Artıq bu cinayətlər günümüzün reallığıdır və hər gün bir az daha artmaqda davam edir. Bizsə olanı yazıb, bir-iki gün müzakirəsini edib, oturduğumuz yerdə kimlərəsə ölüm fərmanı verməkdən çəkinmədən məsələni bağlayırıq. Amma ailə münaqişəsi zəminində baş verən cinayətlərin hansı səbəblərdən artıdğı heç kimi maraqlamdırmır...

 

 

“Deyilənə görə qadın əxlaqsız idi...”

 

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, ailə-münaqişəsi zəminində baş verən cinayətlərin kökündə əksəriyyətin düşündüyü kimi heç də sosial-iqtisadi amillər durmur:

“Ümumi mənzərə ailə-münaqişəsi zəminində əxlaq məsələlərinin üstünlük təşkil etdiyini deməyə əsas verir. Bu sahəni tədqiq edən adam kimi oxuduğum xəbərlərdə iqtisadi durumları ağır olduğu üçün “kişi qadını bıçaqladı, ağzını, dilini kəsdi” xəbərlərinə rast gəlməmişəm. Rast gəldiyim bütün məqamlarda qadının əxlaqsız olduğu əsas gətirilib. Məsələnin araşdırılması zamanı zorakılıq, məcburi nikah halının olub-olmaması heç kimə maraqlı gəlməyib. Ancaq bir fikir səslənir “deyilənə görə, qadın əxlaqsız idi”.

Bizim sığınacaqda bir xanım var. Hansı ki, altı il bir yerdə yaşadığı şəxs tərəfindən övladının gözü qarşısında bıçaqlanıb. Təqsirkar bu məsələni daha çox əxlaq kontekstinə yönəldir. Qadının əxlaqsız olduğunu xüsusi vurğulayır, yaxud qadının özünə xəsarət yetirdiyinə dair şayiələr yayır. Hamıda da belə təsəvvür yaranır: “demək qadın əxlaqsız idi, əcəb edib vurub”. Cinayətin, faktın, cəza məsələsinin araşdırılmasında heç kim maraqlı deyil.

12 yaşlı qızın ögey atası tərəfindən zorlanması məsələsini götürək. İki azyaşlı qızın zorlanması ilə bağlı cəmiyyətdə bir dənə də olsun mesaj getmədi. Hamı subyekt olaraq ana və qızı əsas götürdü. Hamının məqsədi ana bətnindəki uşağı öldürməkdir. Guya uşaq doğulsa, əzab çəkəcək. Söhbət ondadır ki, 12 yaşlı uşağı zorlayan ögey ata lazımi cəzasını alarsa, qadına qarşı bu cür münasibət, zorakılıq halları da azalar. Azyaşlını zorlamağa cəhd edən şəxsə mesaj verilməlidir. O bilməldir ki, bu yola əl atarsa, onu nələr gözləyir. O bilməlidir ki, cəmiyyətin qınağına tuş gələcək, ciddi cəza alacaq. Bunu sosial-iqtisadi amillərlə əlaqələndirmək doğru deyil. Biz iqtisadi çətinliklər zamanı ailə üzvlərinin bir-birinə dəstək verdiyini görümüşük”.

 

“Bəzi kişilər qadın idarəçiliyini həzm edə bilmir”

 

M.Zeynalova bildirib ki, Azərbaycanda qadınlara qarşı cinsi qısnama başlayıb:

 

“Bu gün münasibətlərdə inamsızlıq. Şübhələr, böhtan görürük. Ola bilsin hansısa komitə, qurum qadınlara qarşı qısnama, sıxışdırılma faktının olmadığını deyəcək, amma var. Ola bilsin kimlərsə bunu şişirtmək istəmir, mən də şişirtmək istəmirəm. Amma reallığı deməliyəm. Məsələnin mahiyyəti odur ki, qanunvericiliyin yol verdiyi bütün hərəkətlərin fərqində olaraq qadına qarşı stereotiplər, qarayaxmalar, qısnamalar mövcuddur. Qadın təşkilatları bu istiqamətdə kampaniyalar təşkil etmir, hərəkətə keçmirlər. Hərə iki kəlmə açıqlama verir, şou yaradır, bununla da yekunlaşdırır. Filan xəbər yayıldı. Biri gedib anasını danışdıracaq, o biri gedib şəkil çəkdirəcək. Hansısa problemlə bağlı planlı gedişat, onun yekunlaşdırılması yoxdur ki, sonra o biri məsələyə keçsinlər. Ona görə də mən saytları, internet xəbər resurslarını qınamıram. O informasiyadan kimlər şou düzəldirsə, onların vicdanına qalmış bir şeydir. Amma unutmasınlar ki, bu şouluq deyil. Burada onlarla, yüzlərlə insanın taleyindən söhbət gedir. Bu məsələnin bir ucu həmin ziyalı qadınlara, təşkilat rəhbərlərinə də toxunacaq. Bu gün cürət edib 60-70 yaşlı qadını da zorlayırlar, ona da böhtan atırlar. Bu bizim mentalitetimizdə də, düşüncə tərzimizdə də yox idi. Qadına hörmət hissi var idi. Abır-həya edib qadının yanında hər şeyi danışmazdılar, indi ağzını açan gözünü yumur. Cəmiyyətimizin bəzi kişi üzvləri qadınların idarəçilikdə önə keçməsini həzm edə bilmir. Onu necəsə, hansısa üsullarla geri çəkməyə çalışır. Bunun da ən asan yolu qara yaxmaq, şər atmaqdır. İllərlə ölkə, cəmiyyət üçün əlindən gələni əsirgəməyən qadını bir kəlmə qarayaxma  ilə yox edə bilərlər. Heç kim də buna etiraz etmir. Əksinə digər qadınlar bu prosesdə aktiv iştirakçıya çevilirlər. Bir qadını yıxmaq üçün kişilərlə həmrəylik göstərmək, “Mən onun kimi deyiləm” fikirlərini yürütmək sadəcə biyabırçılıqdır. Danışdıqca adam dəli olur”.

 

“Hamı əlində balta hazır dayanıb”

 

Hüquq müdafiəçisi azərbaycanlı qadınların qorxu içində yaşadığını vurğulayır:

 

“Nə qədər azadlıq, sabitlik olsa da, bu gün Azərbaycanda hər bir qadın qorxu içindədir. Biri səsini çıxaran kimi, haqqını tələb edən kimi deyirlər əxlaqsızdır, həyasızdır, hamı əlində balta ona hücuma keçir. Sosial şəbəkələrdən sui-istifadə halları artıb. Kimsə məhkəməyə verə bilmir. Çünki bəzən görünən sübutlar olmur. Bu gün bir xanım sərbəst şəkildə axşam gəzintisinə çıxa bilməz. Çıxan kimi zorlayırlar, üstəlik boğub öldürürlər də. O gün bir qadının ağzını, dilini küçənin ortasında kəsdilər. Bir adam da yaxın durmadı ona. Hamı da bir ağızdan dedi ki, “qadın əxlaqsız olub”. Vəssalam! Bir insanın taleyinə bu cür sadə və qəddarcasına fərman verildi. Bu sıradan bir məsələ deyil. Bütün qadınlar belə məsələlərdə həmrəy olmalıdır, bir-birinə dəstək verməlidir. Təəssüf doğuran odur ki, belə hallar baş verən kimi, elə qadınlar özləri qarayxmağa başlayırlar. Yəni qoy kişilər desin ki, “bu əxlaqlıdır, mənim kimi düşünür”. Bəzi qadınlar o tip kişilərlə dost olmağa çalışır ki, sabah ona da qara yaxmasınlar. Hüquq-mühafizə orqanlarında bu hallardan sui-istifadə etmək istəyənlər var. Cinayətkara dəstək çıxaraq “hə namusuna görə eliyib” açıqlamasını verirlər. Adam deyər, “sən harda idin, ay binamus?” Qadının hərəkətlərində dəyişiklik varsa, günahkarı elə kişidir. Niyə bunu demək istəmirlər?! Bu gün kiməsə “əxlaqsız” damğası vurmaq çox asanlaşıb. Özü də bunu sinəsinə döyən, “mən kişiyəm” deyənlər edir.

Doğuş sayları azalır, məktəbə gedən qızların sayı azalır. Bunu gizlətməklə deyil. Valideynlər iqtisadi vəziyyətin pis olmasını əsas gətirir. Ölkənin ən ağır dövrləri olub uşaqlar məktəbdən qalmayıb. İndi belə yersiz bəhanələr nə deməkdir?! Sən köhnə paltarı ütüləyib uşağını məktəbə göndərə bilərsən. Guya biz necə getmişik, biz necə geyinmişik?! Bütün bunların kökünə baxanda qadına qarşı qısnamaların olduğunu görürük. Sadəcə cəmiyyətdəki qadınlar həmrəylik nümayiş etdirib problemi çözmək isətmir. Niyə? Çünki eqoları var. “Mən birinciyəm”, “bu fikri birinci mən açıqlamışam”, “bu məsələni ilk dəfə mən qaldırmışam” kimi absurd fikirləri əllərində bayraq edirlər. Burada birincilik yarışması gedir. “Bunu mən dedim, filankəslər arxamca gəldi” kimi bəsit düşüncələr adamı iyrəndirir. Sabahdan narahat deyillər. Bu, dövlətin işi də deyil. Bu, cəmiyyətin işidir. Cəmiyyət bir sıra məsələləri özü tənzimləməlidir. Adi məsələni sosial şəbəkədə müzakirəyə çıxarıb qınaq kampaniyası keçirirlər. Bəs qadına qarşı edilən zorakılığa niyə susurlar?!”

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?