Modern.az

Savaşçı xanımlar: Şəhid Qaratelin HEKAYƏSİ...

Savaşçı xanımlar: Şəhid Qaratelin HEKAYƏSİ...

Reportaj

30 Aprel 2024, 08:56

Azərbaycan xanımları hər sahədə özlərini sübut ediblər, o cümlədən də hərb meydanında. Birinci və İkinci Qarabağ müharibəsində fəal iştirak edən, döyüşərkən şəhidlik zirvəsinə ucalan, yaralanan onlarla qızlarımız-qadınlarımız olub. Onlar həm döyüşüblər, həm yaralı əsgərimizə tibbi yardım göstəriblər, həm də ağır vəziyyətdə olan hərbçilərin daşınmasına kömək ediblər. Savaşçı xanımlarımız vətənpərvərliyi, fədakarlığı, mərdliyi, millətinə və  torpağına hədsiz sevgisi ilə hər birimizə örənəkdirlər.

Modern.az saytı xanım şəhidləri daha geniş şəkildə tanıtmaq məqsədilə yeni layihəyə start verir: Savaşçı xanımlar.

Layihəmizə Birinci Qarabağ müharibəsinin şəhidi Qaratel Hacımahmudovadan başlayırıq.

Qaratel barəsində qardaşı Hümbət İsmayılovla həmsöhbət olduq.

Arayış: Qaratel Şəmi qızı Hacımahmudova 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açıb. 1962-ci ildə Aşağı Əskipara kənd orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1965-ci ildə oranı bitirdikdən sonra 1970-ci ilə qədər Gəncə şəhərindəki ticarət mərkəzində işləyib. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Əmtəəşünaslıq fakültəsində qiyabi təhsil alıb. 1976-cı ildən 1991-ci ilədək Elmlər Akademiyasının Ceyrançöldə fəaliyyət göstərən Azərbaycan Neft Kəşfiyyatı İdarəsində laborant işləyib.
Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadıq Hərəkatının fəal üzvlərindən olub.

1992-cı ildə kiçik qardaşı Hümbət Hacımahmudov Qaratelə döyüşmək üçün Qarabağa gedəcəyini deyir. O, qardaşına doğma kəndləri Aşağı Əskiparada da müharibə getdiyini xatırladaraq, ora getməyi məsləhət görür. Ancaq Hümbət Qarabağa yollanır. Qaratel isə öz kəndlərinə gedir və könüllü özünümüdafiə dəstəsinə qoşulur. O, döyüşçülərin yeməyini bişirir, paltarını yuyurdu.
14 iyun 1992-ci ildə düşmənlə qeyri-bərabər döyüşdə Qaratel də mühasirəyə düşür və savaşır. O, düşmən əlinə sağ keçməmək üçün özünü güllə ilə vurur. 26 iyun 1992-ci ildə Qaratel Hacımahmudovanın meyiti döyüşçü yoldaşlarının cəsədləri ilə birlikdə düşməndən geri alınıb.
Qaratel Hacımahmudova 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şair Məmməd İlqarın qəhrəman xanımın xatirəsinə “Qaratel” poeması yazıb.
 



- Hümbət bəy, Qaratel xanımla sonuncu görüşünüz nə vaxt olmuşdu?


- Qaratel cəbhədə olanda mən də döyüşlərdə iştirak edidim. O, Qazaxa getmişdi, mən isə Qarabağa bölgəsinə. 1992-ci ildə Qaratelin şəhid olduğunu Qarabağda döyüşlərdə olan zaman eşitdim.
Onunla sonuncu dəfə 1992-ci il martın 6-da keçmiş Ali Sovetin qarşısında görüşmüşdüm.
Ayaz Mütəllibov prezident postundan istefa verdiyi günün ertəsi idi.
Qaratel məndən soruşdu fikrin nədir? Cavab verdim ki, Qarabağa döyüşməyə gedəcəm. Dedi ki, axı biz tərəfdə də müharibə gedir. Niyə öz rayonumuza yollanmırsan?
- Qazaxda intensiv atışmalar olmur, həm də bizim kəndimiz dövlət sərhədindədir, inanmıram ermənilər oradan hücüma keçsinlər. Mən Qarabağ bölgəsinə getmək istəyirəm, - Qaratelə belə söylədim.
Sonra ayrıldıq və bir daha görüşə bilmədik.
 

- Bəs necə oldu ki, Qaratel xanım da cəbhəyə getdi?


- O, Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. O zaman Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti fəaliyyət göstərirdi. Qaratel də cəmiyyətin aktiv üzvlərindən idi. O, 20 Yanvar hadisələri zamanı da çox aktiv olmuşdu. Bacım çox vətənpərvər, torpağına, millətinə bağlı bir xanım idi. Düşmənə sonsuz nifrət bəsləyirdi. Sovetlər dövründə bizim kəndin yaylaqları ermənilərə verilmişdi. Qaratel bununla barışa bilmirdi. Müharibəyə gedən ərəfələrdə o, Ağstafada Neft kəşfiyyatı idarəsində lobarant işləyirdi.
Vətənə, torpağa bağlılığı, düşmənə nifrəti Qarateli cəbhənin Qazax istiqamətinə apardı.


- Qaratel xanımın necə şəhid olduğu barədə bir neçə məlumat var:  Bəzi mənbələr yazır ki, o, əsir düşməmək üçün zəhər içib, digər mənbələrdə özünü gülələdiyi və ya dağdan atdığı qeyd edilir.



- Qaratel şəhid olarkən onun yanında heç kəs olmayıb. Sonuncu dəfə posta silah-sursat aparıb. Həmin vaxt Taqım komandiri Yaşar Qasımov görüb ki, vəziyyət ağırdır, Qarateli geri qaytarmaq istəyib. Amma ermənilər onları mühasirəyə alıbmış. Döyüş yoldaşları deyirlər ki, Qaratelin üstündə həmişə qumbara, paltarının yaxalığında isə zəhər olardı. O dar məqamda əsir düşməmək üçün onları hər zaman üzərində gəzdirirdi.
İyunun 14-də mühasirəyə düşən zaman Qaratel düşmənlə döyüşmüşdü. Ermənilər onun cəsədini şəhid döyüşçülərimiz Alı Alıyev, Mərdan Əsgərov, Şəmistan Əmiraslanovun meyitləri lə birgə götürüb aparmışdılar. 
İyunun 26-da onun və digər şəhidlərimizin cəsədləri erməni girovlarla dəyişdirildi. Qaratelin  cənazəsini gətirməyə mən getmişdim, ayağından yaralanmışdı. Yarası əl dəsmalı ilə sarınmışdı. İkinci güllə isə boğazından dəymişdi. Ehtimal edirəm ki, ilk dəfə ayağından yaralanıb, yarasını da özü sarıyıb, sonra da əsir düşməmək üçün gülləni öz boğazından vurub.
Zəhərlənmə olmamışdı. Çünki zəhər içən adamın meyiti başqa cür olur.
Sonralar bizim ermənilərlə görüşümüz oldu, mən onlara dedim ki, “siz kişilikdən dəm vurursunuz, amma qadını güllələmisiniz”...
Ermənilər dedilər ki, “onu tuta bilmədik, biz çatanda artıq ölmüşdü”.
Qaratelin məzarı Bakıda Şəhidlər xiyabanındadır. 


- Qaratel xanımın adını əbədiləşdirmək üçün hansı işlər görülüb?
 

- Ona “Milli Qəhrəman” adının verilməsi üçün təqdimat göndərilmişdi, təəssüf ki, buna baxılmadı.
Qaratel “Azərbaycan bayrağı” ordeni ilə təltif olundu. Eyni zamanda, Qazaxda orta məktəblərdən biri Qaratel Hacımahmudovanın adını daşıyır.
Mədəniyyət Nazirlyinin sifarişi ilə “Yaddaş” studiyası Qaratelin vəfatının 25-ci ildönümü ilə əlaqədar sənədli film çəkib.




- Hümbət bəy, təəssüf ki, Qaratel xanım heç ailə həyatı da qurmamışdı ki, ondan bir yadigar qalsın...

- Qaratel çox vətənpərvər xanım idi, bu onun qanında vardı. Bizim böyük qardaşımız Məhəmməd rəhmətə getmişdi, onun 3 övladı qalmışdı. Qaratel də özünü onlara fəda edir, onları böyüdürdü, çalışırdı ki, korluq çəkməsinlər. Rəhmətlik qardaşımı çox istəyirdi. Mən onlardan çox kiçiyəm.

Qaratel istiqanlı qız idi. Biz birlikdə böyümüşük, məni unuversitetə o aparıb. Böyük bacı kimi üzərimdə əziyyəti çox olub. Hər zaman işdən gələndə dərslərimlə maraqlanırdı. Vay o günə ki, qiymətlərim “4” olardı.


- Bu günlərdə doğulduğunuz Aşağı Əskipara kəndi 30 illik işğaldan azad olunub. Necə təsəvvür edirsiniz, Qaratel xanım sağ olsaydı, hansə hissləri keçirərdi?
 

- Qaratel də, mən də döyüşlərə torpaqlarımızı qorumaq üçün getmişdik. Vətənə, torpağa bağlı adamlar belə şad xəbəri eşidəndə nə edə bilər? Mən bu xəbəri soyuqqanlılıqla qəbul etdim. Qaratel xanım yəqin ki, sevindiyindən ağlayar, tez bir zamanda doğma kəndimizə qovuşmaq həsrətilə alışıb-yanardı...
 

- Yenidən kəndinizə qayıtmaq istəyirsinizmi?
 

- Əlbəttə...
 


- Qaratel xanımın adı ailədə kiməsə verilib?

 

- Ailədə heç kimə verilməyib, amma Sabirabaddan olan İkinci Qarabağ müharibəsi qazisi Sənan qardaşımız zəng etdi ki, qızı olub, adını Qaratel qoymaq istəyir. Biz o körpənin adqoyma mərasimində iştirak etdik. Çox eşitmişəm ki, digər yerlərdə də övladına Qaratel adı verənlər var.

Sonda onu qeyd edim ki, mən 1992-ci ildə kəndimizə gedəndə Qaratelin həyətimizdə əkdiyi gül-çiçəkdən dərib Bakıya gətirdim, onun Şəhidlər xiyabanındakı məzarının üstünə düzdüm.
Şükür Allaha, torpaqlarımız artıq düşmən işğalından azad olunub. Şəhidlərimizin qanı yerdə qalmadı, çəkilən əziyyətlər itmədi.
Ermənilər qonşuluğa yarayan millət deyil. Həmişə bizə arxadan zərbə vurmağa, xainlik etməyə çalışıblar, torpaqlarımız göz dikiblər. 44 günlük müharibə onlara dərs olmadı. Hələ də içlərində revanşist əhval-ruhiyyə ilə yaşayanlar çioxdur. İndi Paşinyan onları başa salmağa çalışır. Heç olmasa aralarında bir nəfər başa düşənləri var.


 

Xəyalə Bayramqızı

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusunda dərc olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi