Modern.az

İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında tərəfdaşlığın inkişafının əyani göstəricisidir

İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında tərəfdaşlığın inkişafının əyani göstəricisidir

Aktual

30 Aprel 2024, 14:10

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri kifayət qədər uğurlu oldu. Nəzərə almaq lazımdır ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank Valter Ştaynmayer və Kanslar Olaf Şoltsla görüşü zamanı Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyəti, əməkdaşlığın perspektivləri müzakirə edilib”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Səfər zamanı Cənubi Qafqazdakı vəziyyət haqqında da müzakirələr aparılıb, dövlətimizin Ermənistanla sülh sazişi imzalamaq barədə təşəbbüslə çıxış etdiyi vurğulanıb. Görüşlərdə COP29 mövzusuna da toxunulub. Almaniya tərəfi hesab edir ki, Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək. 


Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu” toplantısına dəvət olunması dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzununun göstəricisidir. Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələrə başlayıb. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat  təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya isə ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. 


“Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq”,-deyə Fatma Yıldırım vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi