Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Yüksəliş Partiyasının (AYP) sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlara aydınlıq gətirilib.
Qurumdan Modern.az-a bildirilib ki, Anar Əsədli barəsində tətbiq olunan qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə etdikləri şikayətdir.
"Belə ki, Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib. Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır", - deyə açıqlamada qeyd olunub.
***
16:16
Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.
Modern.az xəbər verir ki, bu barədə Anar Əsədli özünün "Facebook" hesabında məlumat yayıb.
"Bu gün Ankaraya səfərim var idi və qanunsuz olaraq ölkədən çıxışıma Daxili Işlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb.
Əgər bu anlaşılmazlıq qısa zamanda ortadan qaldırılmasa, o zaman xalqımıza, media nümayəndələrinə və beynəlxalq ictumaiyyətə geniş məlumat veriləcək. Mən hələ də ümid edirəm ki, bu kiçik bir məmur yanlışlığıdır", A.Əsədli bildirib.
Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham ediblər.