Həftəsonu ABŞ və İranın Azərbaycana yeni diplomatlar göndərməsi, ölkə miqyasında qızılcanın yayılmağa davam etməsi ilə yeni ölüm və yoluxma faktlarının artması, İsrail və Fələstin qarşıdurmasının atəşkəsdən sonrakı mərhələsinin start götürməsi, sabiq ABŞ və Pakistan liderləri ilə bağlı hüquqi prosesin aktivləşməsi, yeni planetin kəşf olunması, hava şəraiti ilə əlaqədar dünyanın bir sıra aeroportlarında problemlərin yaranması və DİM-in keçirdiyi imtahanlarla yadda qaldı.
Modern.az 2-3 dekabr tarixlərini əhatə edən icmalını təqdim edir:
İsrail və HƏMAS arasındakı qarşıdurma davam etməkdədir. Toqquşmalar hava zərbələri baxımından Livana da keçib. Bundan başqa, İsrail Qəzzada 400-dən artıq hədəfə zərbələr endirib. Netanyahudan tapşırıq: HƏMAS liderlərini öldürün. Qəzzanın cənubundakı sakinləri təxliyə edin! - İsraildən çağırış. “Hizbullah” İsrailin radar stansiyasını vurub. İsrail qoşunları Qəzza zolağının cənub hissəsində aktiv döyüş əməliyyatlarına başlayıb. Əməliyyatlar anklavın şimal hissəsində olduğu kimi intensivliklə aparılacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus isə Qəzzaya humanitar yardımların atəşkəs dövründə olduğu kimi bərpa olunmasına çağırıb və bölgədə zorakılığın dayandırılmasının vacibliyini vurğulayıb.
Astronomlar yeni planet kəşf ediblər. “Google” şirkəti isə “Gmail” elektron poçtunda mövcud olan, lakin iki ildir ki, bir dəfə də olsa istifadə edilməyən hesabları silib.
Ağdərə rayonunun yaradılması ilə bağlı məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix açıqlanıb. Parlamentin 5 dekabr tarixli iclasının gündəliyinə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi daxil edilib. Qeyd edək ki, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.
İcbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqi daha 1 il təxirə salındı. Bununla bağlı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) Milli Məclisin 5 dekabrda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınır.
ABŞ-nin keçmiş prezidenti Donald Trampın toxunulmazlığı ləğv edilib. Vaşinqton Apellyasiya Məhkəməsi Donald Trampı Kapitoliyə hücum işi ilə bağlı toxunulmazlıq hüququndan məhrum edib. Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Trampın tərəfdarları Kapitoliyə hücum edərək Konqresin işini bir neçə saatlıq dayandırmışdılar.
"Kanal13"ün aparıcısı Rüfət Muradlı saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilib. Qeyd edək ki, bundan əvvəl “Kanal13″ün rəhbəri Əziz Orucov da saxlanılmışdı. Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Pakistanda keçmiş baş nazir İmran Xanın məhkəməsi açıq şəkildə davam etdirilib. Məlumata görə, proses siyasətçinin saxlandığı həbsxanada keçirilir. "Dinləmələr İslamabaddakı federal məhkəmə kompleksinə köçürüldü, lakin sonradan bu qərar hakimiyyətin iğtişaşlar ehtimalı ilə bağlı narahatlığına görə ləğv edildi", - deyə məlumatda qeyd olunub.
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.
ABŞ-nin yeni təyin olunmuş səfiri Mark Libby Bakıya gəlib. “Azərbaycana təyin olunmuş səfir Mark Libby - xoş gəlmisiniz! Biz ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirmək, regionda davamlı və uzunmüddətli sülhə doğru çalışmaq üçün işə başlamağı səbirsizliklə gözləyirik” – deyə səfirlik bəyan edib. İran isə Naxçıvana yeni baş konsul təyin edib.
Almaniya Ukraynaya yeni hərbi yardım paketini təhvil verib. Buraya müxtəlif növ nəqliyyat vasitələri, mərmilər və dron əleyhinə sistemlər daxildir.
Qobustanda daha bir uşaq qızılcadan dünyasını dəyişib. Baxışlı Elmir Elbrus oğlu iki yaşında qızılcadan vəfat edib. Atası Elbrus Baxışov bildirib ki, evdə digər iki övladı da qızılca olub, onlar sağalsa da, qızılcaya yoluxmuş balaca Elmiri xilas etmək olmayıb. “Uşağı polikilinikaya müayinəyə aparmışdım. Həkim nə təyin etmişdisə edirdik. Dekabrın 8-də iki yaşını qeyd edəcəkdik, amma balam tələf oldu”, - atası deyib. Bundan başqa, Qaxda da qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.
2024-cü ildə GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək.
Yeni İlin əsas simvolu hesab olunan və hər il ənənəvi olaraq Nyu-Yorkda ucaldılan dünyanın ən böyük Milad ağacı işıqlandırılıb. Rokfeller mərkəzində quraşdırılan nəhəng Küknar ağacı bu il 50 mindən çox rəngli led işıqla işıqlandırılıb. Ağacın zirvəsinə üç milyon “Swarovski” kristalı ilə örtülmüş 900 funtluq ulduz qoyulub.
Avropanın bir neçə hava limanı qar fırtınası ilə əlaqədar reysləri ya ertələyib, ya da gecikdirib. Təbiət hadisəsi həmçinin Almaniya, Avstriya, İsveçrə və Çexiyada ictimai nəqliyyatın işində əngəllər yaradıb. Münhen hava limanında Avstriyanın "Bairline" aviaşirkətinə məxsus biznes təyyarəsi qarın üzərində arxa gövdəsinə tərəf aşıb. Moskva aeroportlarında da 40-dan çox reys ləğv edilib.
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib. Həmçinin Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib.
Türkiyə-Ermənistan sərhədindəki sərhəd-buraxılış məntəqəsi istismara hazırdır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq mümkündür: