Modern.az

Milli komandaya kim rəhbərlik edəcək: Rəşad Sadıqov, yoxsa...

Milli komandaya kim rəhbərlik edəcək: Rəşad Sadıqov, yoxsa...

İdman

2 Dekabr 2023, 09:48

De Byazi getdi, milli başsız qaldı. Azərbaycan milli komandası üçün baş məşqçi axtarışları davam edir. Mütəxəssislər yerli yoxsa xarici baş məşqçinin "milli futbol dərdinə dərman" olacağını müzakirə edir.

 

Bir çoxları yerli məşqçinin tərəfdarıdır. Yerli mütəxəssislərlərdən "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov millinin sükanı arxasına keçməyə hazır olduğunu bildirib. Başqa mütəxəssislərin də adı çəkilir.

 

Deputat Fazil Mustafa Modern.az-a açıqlamasında milliyə xarici mütəxəssisin gətirilməsinin tərəfdarı olduğunu deyib.

 

“Bu barədə hansı istiqamətdə qərar qəbul olunacağını söyləməyi doğru hesab etmirəm. Bununla bağlı müzakirələr aparılmalıdır. Mən yenə də xarici məşqçinin gəlməyinin tərəfdarıyam. Yerli məşqçiyə imkan verilməyəcək, bunu birmənalı şəkildə anlamaq lazımdır. Hərə bir tərəfədən bir sifariş, təyziq göstərəcək. 3-5 aydan sonra 2 matç uduzan kimi onu müxtəlif vasitələrlə nüfuzdan salıb, istefa verdirib yola salacaqlar. Xarici məşqçi olanda sabit 3-5 illik dönəm olur. Burada da yaxşı məşqçi tapmaq lazımdır. Bu, millinin xarüqələr yaradacağı anlamına gəlmir. Milliləşmiş oyunçuların heç biri o standartda cavab vermir. Yerli futbolçuların da yalnız bir neçəsi özünü təkmilləşdirə bilib. Amma digərlərinin də eyni tempi tutması çox çətindir. Milli çempionatın özü bu tələbə cavab verə biləcək səviyyədə deyil. Milli çempionat güclü olanda, komandanın özü də güclü olur. Xaricdən oyunçu milliləşdirə bilərsən, amma kimi milliləşdirəcəyin çox önəmlidir. Bu ortabab oyunçularla davam edəcəksə, elə milli oyunçunun yetişməsinə imkan vermək lazımdır. Məsələn, Bəhlul Mustafazadənin adını çəkə bilərəm. Neçə illərdir çox yüksək səviyyədə yetişib. Daha əvvəlki kimi səhvlərə yol vermir. Digər oyuncular da var. Problemlər az deyil. Rəşad Sadıqov Azərbaycan futbolunun çox dəyərli şəxslərindən biridir. Onun bir kapitan kimi böyük zəhməti var., böyük təcrübəsi var. Digər azərbaycanlı məşqçilər də var ki, onların arasından bir nəfəri seçmək olar. Amma bütülükdə milli çempionatı qaldırmaq lazımdır.”

 

İdman jurnalisti, televiziya aparıcısı Sənan Şərifzadənin fikrincə, milli komandada kökündən dəyişikliklər olmalıdır.

 

"Rəşad Sadıqov özü açıqlama verib ki, mən böyük məmnuniyyətlə milli komandanı çalışdıraram. Milli komanda hər bir məşqçi üçün arzudur. Azərbaycan milli komandasının bu il oyunu yoxdur. Növbəti oyun gələn ilin yaz aylarında keçiriləcək. O isə yoldaşlıq matçı olacaq. Seçmə mərhələdə oyun yoxdur. Milli komanda rəsmi oyununu təxminən 9 ay sonra keçirəcək. Mart ayında AFFA-da seçkilər olacaq. Rəhbərlik dəyişə də, dəyişməyə də bilər. Bu mənada milli komandaya məşqçi seçmək məsələsində diqqətli olmaq lazımdır. Ola bilər yeni gələn rəhbərlik başqa məşqçi ilə də işləmək istəyə bilər. Rəşad Sadıqovun milli komandaya namizəd göstərilməsi təsadüfi deyil. Ümumiyyətlə milli komandanın baş məşqçisi yaxşı məşqçi olmaqla yanaşı psixoloq xarakterli olmalıdır. Rəşad Sadıqov uzun illər Qarabağda kapitan olub. Azərkeşlər onu kapitan kimi xarakterini çox gözəl görüblər. Həm də o oynayan məşqçi rolunu oynayıb. Əgər Rəşad baş məşqçi postuna gətirilsə, komandaya uyğun özünəməxsus tələbləri olacaq. Milli komandaya gələcək baş məşqçi mütləq aşağı yaş qruplarının məşqçi heyətinə də nəzarət etməlidir. Ümumiyyətlə milli komandadan nəsə yaxşı nəticə gözləmək üçün aşağı yaş qrupunda olan komandalar yaxşı olmalıdır. Bizim aşağı yaş qrupunda olan komandaların nəticələri heç ürəkaçan deyil. Ona görə də bu gün biz milli komandadan nəticə tələb edəndə, bu möcüzə olur. Rəşad Sadıqovun bacarığına heç bir şübhəm yoxdur. Sadəcə olaraq, təkcə Rəşad yox, istənilən məşqçi milli komandaya gətirilsə, düşünürəm ki, ona bir qədər vaxt verilməlidir. Biz birbaşa olaraq nəticə gözləməli deyilik. Fikrimcə kökündən dəyişikliklər olmalıdır.”

Futbol mütəxəssisi, keçmiş futbolçu Şahin Diniyev bu barədə danışmağın hələ tez olduğunu bildirib.

 

“Konkret adlar haqqında danışmaq ümumiyyətlə etik normaya uyğun deyil. Bu dəqiqə konkret namizad yoxdur. Əgər AFFA tərəfindən namizədlər verilərsə, onda bunun haqqında nəsə danışmaq olar. Elə kim gəldi milliyə namizəd göstərirlər. Bu düzgün deyil. Gələcəkdə yəqin ki, komitə tərəfindən müəyyən namizədlər olacaq. Artıq bundan sonra onların ətrafında müzakirələr olacaq. O zaman həmin namizədlər haqqında hansının bizə uyğun olması barədə istər iş qabiliyyəti, istər mentaliteti olsun nəsə söz deyə bilərik. Bu günləri milli üçün çoxlarının adı çəkilir. Ona görə də konkret nəsə demək olmur.”

İsmayıl Bakuvi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi