Modern.az

Azərbaycan İrandakı səfirliyini bərpa edir?

Azərbaycan İrandakı səfirliyini bərpa edir?

2 Dekabr 2023, 15:00

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian son zamanlar azərbaycanlı həmkarı ilə telefon danışıqlarını intensivləşdirib. Telefon danışıqlarında ikitərəfli münasibətlər və digər mövzular müzakirə olunur. Müşahidəçilər deyir ki, Azərbaycan və İran arasında münasibətlərdə istiləşmə görünür.

 

27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

 

Azərbaycan-İran münasibətlərinin normallaşdığını demək mümkündürmü? Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edə bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa İranla münasibətlərdə soyuqluğun Azərbaycandan qaynaqlanmadığını vurğulayıb:

 

“Bütün hallarda İranla münasibətlərdə soyuqluq bizdən qaynaqlanmır. Biz bu məsələlərdə qonşu ölkələrin hamısı ilə həssas davranırq. Qonşularımızın heç biri ilə problem yaşamaq istəmirik. Təəssüf ki, bizə qarşı müəyyən addımlar atılır. Bu da öz mənfin nəticəsini doğurur”.

 

Deputat söyləyib ki, Azərbaycan normal qonşuluq münasibnətlərinin qurulmasında maraqlıdır:

 

“Belə addımların atılması hər halda bizim üçün də önəmlidir. Çünki bütövlükdə qonşu ölkələrin hamısı ilə normal münasibətlərin olması, eyni zamanda sabitliyin daha qalıcı olması, təhlükəsizlik baxımdan vacib olduğu aydındır. Bunu hamı anlayır İranda da bunu anlasalar, məncə belə bir problem olmaz”.

 

Politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan-İran münasibətləri indi də, bundan sonra da enişli-yoxuşlu olacaq:

 

“Çünki tərəflər arasında bəzi məqamlarda ziddiyyətlər var. Ziddiyyətlər tarixi, coğrafi, eləcə də daxili və xarici siyasətlə bağlıdır. Əslində bunlar çox həssas və kövrək məqamlardır. Mövcud hadisələrə indiki vaxtla baxmaq ən rasional addım olacaq. Mövcud hadisələrə yanaşarkən suveren, müstəqil dövlət reallıqlarını mütləq şəkildə nəzərə almaq lazımdır. İrandakı hakimiyyət dairələri indi, yaxud gələcəkdə bunu nəzərə almayacaqlarsa,nəticədə, ziddiyətlər dərinləşəcək".

 

Z.Məmmədov Azərbaycanın İrandakı səfirliyinin bərpa olub-olmayacağından da danışıb:

 

"Azərbaycanın İrandakı səfirliyinin bərpa edilməsində səfirliyə hücum edən şəxsin və onun arxasında olan qüvvələrin ifşa olunması olduqca vacibdir. İran kimi dövlətdə həmin şəxs və onun kimilərinin tapılması əslində çətin deyil. Çünki İran dövləti ölkə daxilindəki vəziyyətdən tam agahdır. Belə olan halda həmin şəxs barədə çoxdan qərar verilməliydi. Görünən odur ki, Tehran tərəfi də nəyisə gözləyir. Hər halda bizim üçün əsas meyar, məqsəd həqiqətin tez bir zamanda reallaşmasından ibarət olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı