“Qardaş Türkiyə Respublikasında səfir kimi fəaliyyətimi başa vurarkən, ilk növbədə mənə bu yüksək və məsuliyyətli missiyanı etibar etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Ali etimadı doğrultmaq üçün bütün gücüm və məsuliyyət hissimlə çalışmağa səy göstərdim. Bu missiyanı digər bir qardaş ölkəmizdə - Özbəkistanda davam etdirəcəyimdən isə xüsusi məmnunluq duyuram”.
Modern.az-ın məlumatına görə, bunu iyulun 24-də Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Özbəkistana göndərilən Rəşad Məmmədov bildirib.
“Qardaş Türkiyədə keçirdiyim illər mənim üçün təkcə diplomatik fəaliyyət dövrü deyil, həm də ömrümün ən şərəfli və unudulmaz səhifələrindən biri oldu. “Bir millət, iki dövlət” fəlsəfəsinin gündəlik həyatda necə yaşandığını görmək, Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə əlimdən gəldiyi qədər töhfə vermək mənim üçün böyük qürur mənbəyidir.
Bu müddət ərzində qardaşlıq münasibətini əsirgəməyən Prezident, Zati-aliləri cənab Rəcəb Tayyip Ərdoğana, birlikdə çalışdığımız Türkiyə Respublikasının dövlət rəsmilərinə, diplomatik korpusun nümayəndələrinə, media mənsublarına, elm, mədəniyyət və iş dünyasının təmsilçilərinə, eləcə də hər zaman dəstəyini hiss etdiyim qardaş Türkiyə xalqına səmimi təşəkkürümü bildirirəm”, - diplomat vurğulayıb.
R.Məmmədov eyni zamanda, Türkiyədə yaşayan və fəaliyyət göstərən soydaşlarımıza minnətdarlıq edib:
“Onların dövlətimizə bağlılığı, həmrəyliyi və sevgisi hər zaman bizə əlavə güc verib.
Diplomatik missiyalar başa çatsa da, dostluqlar, qardaşlıq və Vətənə xidmət məsuliyyəti əbədi olaraq qalır”.