İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova övladı ilə görüşmək istəsə də, buna nail ola bilməyib.
Bu barədə Modern.az-a D.Əsgərova özü məlumat verib.
Onun sözlərinə görə, bu gün Fərid məhkəmədə son çıxışını etməli idi, lakin məhkəmə iclasının olub-olmaması haqda İran tərəfi ailəyə xəbər verməyib.
"Bu gün sonuncu gündür. İran tərəfindən məlumat ala bilmədim. Sabah onlarda iş günü deyil. Bilmirəm, necə olacaq. Oğlumla srağagün danışmışam. Çox narahatam. Azərbaycan Xarici İşlər Nazirliyi məsələdən xəbərdardır. Lakin Fəridə heç bir hüquqi yardım göstərilmir. Məhkəmənin dəqiq vaxtını da bilmirik. Son söz hazırlamaq üçün ona vaxt verilmişdi. Vəkil tapa bilmədik. İranda vəkil yüksək məbləğdə pul istədiyi üçün onunla anlaşa bilmədik. Fərid demək olar ki, taleyin ümidinə buraxılıb. Onunla görüşməyimiz problemdir. Avqust ayında görüşmək istəyirdim, alınmadı”, - D.Əsgərova vurğulayıb.
Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızla görüşmək üçün Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Jalə Rövşən