Modern.az

Heydər Əliyev yolunun ən layiqli davamçısı

Heydər Əliyev yolunun ən layiqli davamçısı

Aktual

4 Avqust 2023, 08:36

Bu gün cənab İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsindən 20 il ötür. 2003-cü il avqustun 4-də Prezident Heydər Əliyevin fərmanı iləİlham Əliyevin respublikamızın Baş naziri təyin edilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Çünki İlham Əliyev bu təyinata qədər çalışdığı bütün vəzifələrdə mükəmməl fəaliyyət nümunəsi ortaya qoymuş, məsul olduğu hər bir sahədə mühüm uğurlara imza atmışdı.

 

İlham Əliyev cəmiyyətdə dərin hörmət və yüksək nüfuz qazanmışdı

 

2003-cü il avqustun 4-də Milli Məclis növbədənkənar sessiyasının iclasında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi məsələsinə baxdı. Öncə onu qeyd edim ki, Prezident Heydər Əliyevin bununla bağlı Milli Məclisə müraciəti respublikamızın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm bir hadisəsi idi.

 

Heydər Əliyev elə bir şəxsiyyət idi ki, onun istər sovet illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən atdığı hər bir addım, verdiyi bütün qərarlar birmənalı şəkildə dövlətin və xalqın milli mənafeyinə xidmət edib. Bu mənada Ulu Öndərin özü qədər inandığı möhtərəm İlham Əliyevin respublikamızın Baş naziri vəzifəsinə təyin olunmasına razılığın verilməsi barədə parlamentə ünvanladığı təqdimatın əsas qayəsini dövlətimizin və xalqımızın milli maraqlarının təmin olunması, qorunması təşkil edirdi.

 

Cənab İlham Əliyev bu təyinata qədər Milli Məclisin deputatı, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi Heydər Əliyevin inkişaf kursunun, siyasi xəttinin həyata keçirilməsində fəal iştirak etmiş, Ulu Öndərin müəyyən etdiyi milli prioritetlərin reallaşmasına özünün dəyərli töhfələrini vermişdi. İlham Əliyevin Avropa Şurasında həyata keçirdiyi fəaliyyət vətənə və dövlətə xidmətin ən möhtəşəm nümunələrindən idi və Milli Məclisdəki deputatlar bundan hədsiz qürur hissi keçirirdilər.

 

Bütün bunlar cənab İlham Əliyevə cəmiyyətimizdə dərin hörmət və yüksək nüfuz qazandırmışdı. Ona görə İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin Milli Məclisə müraciəti cəmiyətimiz tərəfindən alqışlarla qarşılanmışdı.

 

Yüksək intellektə və mənəvi keyfiyyətlərə malik cəsarətli siyasətçi

 

Parlamentin 4 avqust 2003-cü il tarixli iclası olduqca yüksək atmosferdə keçdi və çıxış edən bütün deputatlar möhtərəm İlham Əliyevin barəsində çox dəyərli fikirlər söylədilər. Mənim üçün olduqca qürurvericidir ki, parlamentin həmin tarixi iclasında çıxış etmək imkanım oldu. Həmin çıxışımda demişdim: "Cəmiyyətin siyasi fəallığı seçkilər ərəfəsində artır və özünün ən yüksək həddinə çatır. Bugünkü sessiyamız məhz belə bir dövrdə çağırılmışdır və bu iclasda xalqımızın böyük oğlu, möhtərəm Prezidentimiz Heydər Əliyev şəxsiyyətinin, müdrikliyinin yeni bir nümunəsini gördük. Parlamentimizə edilən müraciət çox önəmli bir sənəddir və hesab edirəm ki, Azərbaycan tarixində bunun çox böyük tarixi, siyasi və iqtisadi əhəmiyyəti vardır.

 

Son vaxtlar biz partiyamızın çağırışı ilə yerlərdə oluruq. Mən özüm 7 rayonda olmuşam və cəmiyyətdə birmənalı şəkildə belə fikir var ki, Heydər Əliyev siyasəti daimidir. Yeni Azərbaycan Partiyasının xətti qəbul olunur, İlham Əliyev xalq arasında böyük nüfuza və xüsusi hörmətə malikdir.

 

İlham müəllim Azərbaycan cəmiyyətində özünə çoxdan yer tutmuşdur. Biz hələ 1980-ci illərdə fəxr edirdik ki, dünyanın ən şöhrətli bir tədris ocağında - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda gənc alim kimi İlham müəllim dərs deyir. Biz ilk dəfə olaraq siyasət aləmində İlham Əliyevin cəsarətini yanvar hadisələri vaxtı səfirliyə gedərkən gördük. Oraya hər kəs cürət edib getməzdi.

 

Biz bu gün bir daha təsdiq etməliyik ki, ölkəmizin iqtisadiyyatının əsasını təşkil edən neft siyasətində İlham müəllimin xidmətləri danılmazdır. Bütün investisiyaların cəlb olunması bilavasitə onun xətti ilə gedir.Mən sosial siyasətlə məşğulam. Bu gün Azərbaycanda sosial siyasətin üstün istiqamətlərindən biri idmandır. Həm beynəlxalq aləmdə, həm də Azərbaycanda idman hərəkatı xalqın sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir.

 

Açıq demək istəyirəm ki, biz beynəlxalq təşkilatlarda tez-tez görüşürük. İlham müəllimin Avropa Şurasında apardığı siyasət beynəlxalq miqyaslı fəaliyyətə sanki canlanma gətirmişdir. Deyə bilərəm ki, bu gün bu, narkomaniya ilə mübarizədə, mədəniyyət abidələrinin qorunmasında, beynəlxalq münasibətlərin hər hansı qolunda öz əksini tapır.

 

Bir məsələni də qeyd etmək istərdim. Biz 8 ildir ki, hörmətli İlham müəllimlə deputat həmkarıyıq. Xoşbəxtlikdən, 5 il mən onunla yanaşı oturmuşam və bu gün fəxr edir və böyük inamla demək istəyirəm ki, onda yüksək intellekt və ağıl, yüksək mənəvi keyfiyyətlər vardır. O, bütün hərəkətlərində sivil rəhbər nümunəsi göstərir. Onda hay-küysüz, yüksək işgüzarlıq vardır. Bu gün bizdə bir iş görüb min dəfə danışan adamlar mövcuddur. İlham müəllim demokratik düşüncə tərzinə malikdir, cəsarətli siyasətçidir. Biz bunu Avropa Şurasında görürük. Bu gün xalq məhz belə bir rəhbər istəyir, belə bir liderə xalqın ehtiyacı vardır. Belə lideri də möhtərəm Prezidentimiz, bizim müdrik rəhbərimiz Heydər Əliyev bu gün parlamentə təqdim etmişdir. Sevindirici haldır ki, parlamentimiz birmənalı olaraq bu namizədi qəbul edir, onu, həmçinin xalqımız qəbul edir. Bütün məsuliyyətimlə deyirəm ki, xalq da onu alqışlarla qəbul edəcəkdir və bizim möhtərəm Prezidentimizə dua edəcəkdir.

 

Əziz İlham müəllim, sizi təbrik edirik, namizədliyinizi müdafiə edirik, sizə uğurlar arzu edirik. Demək istəyirəm ki, biz həm YAP üzvü, həm də böyük bir bölgənin nümayəndəsi olaraq sizin arxanızda duracağıq və bütün fəaliyyətinizdə sizə yardımçı olacağıq".

 

Xalqın arzularının ifadəsinə çevrilən tarixi qərar

 

İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin parlamentə müraciəti həm də dövlətçiliyimizin daha da qüdrətlənməsini, Azərbaycanın inkişafını, vətəndaşların yüksək sosial rifahını düşünən insanların arzularının bariz ifadəsi idi. Parlamentin həmin növbədənkənar sessiyasının iclasında çıxış edənlər də məhz bu arzuları dilə gətirdilər, seçicilərinin düşüncələrini, baxışlarını Milli Məclisdə səsləndirdilər.

 

Milli Məclisin 4 avqust 2003-cü il tarixli iclasında həm YAP üzvü olan, həm müstəqil şəkildə seçilən deputatlar söz demək istəyirdilər. Lakin çıxış edənlər elə parlamentin mütləq əksəriyyətinin demək istədiklərini söylədilər. Hər kəsin yekdil fikri bundan ibarət oldu ki, cənab İlham Əliyev həm şəxsi keyfiyyətlərinə, həm də keçdiyi həyat yoluna görə bu gün Baş nazir olmağa kifayət qədər hazır olan bir dövlət adamıdır və ona görə Prezident Heydər Əliyev çox müdrik bir qərar qəbul edərək, İlham Əliyevi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə tövsiyə edibdir.Çıxışlarda həmçinin Heydər Əliyevin başlatdığı inkişaf yolunun onun davamçıları tərəfindən irəliyə aparılacağı, cənab İlham Əliyevin isə Heydər Əliyev yolunun ən layiqli davamçısı olduğu vurğulandı.

 

Mötəbər tribunadan qətiyyət nümayişi

 

Baş nazir təyin olunmasından sonra gələn təbrik məktubları İlham Əliyevə beynəlxalq miqyasda olan yüksək siyasi ehtiramdan xəbər verirdi. Baş nazir İlham Əliyevin 2003-cü il sentyabrın 25-də BMT Baş Məclisinin 58-ci sessiyasında çıxışı isə dünya siyasi gündəminin əsas hadisələrindən biri oldu. Belə ki, Baş nazir kimi ilk dəfə bu mötəbər çıxışında İlham Əliyev İraqda baş verən terror hadisələri fonunda BMT-nin fəaliyyətindəki çatışmazlıqlara diqqət çəkdi, bu qurumda islahatların zəruriliyini böyük cəsarətlə bəyan etdi, Azərbaycanın Təhlükəsizlik Şurası üzvlərinin genişlənməsi ideyasını dəstəklədiyini qeyd etdi. "İndi artıq aydındır ki, mövcud BMT mexanizmləri zamanın tələbinə cavab vermir, bununla bağlı Birləşmiş Millətlər Təşkilatında islahat vacib məsələyə çevrilmişdir. Təhlükəsizlik Şurasının da islahatına ehtiyac vardır, orada da həm bu günün reallıqları, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır", - deyə İlham Əliyev bildirmişdi.

 

Azərbaycanın da terrora məruz qaldığını, amma ölkəmizin illərdir ki, terrorizmə qarşı təkbaşına savaşdığını deyən İlham Əliyev onu da bildirmişdi ki, terrorizmi törədən səbəblərin, eləcə də onun yayılması üçün münbit şərait yaradan amillərin kökü kəsilməsə, terrorizmə qarşı mübarizədə uğur heç vaxt mümkün olmayacaqdır. Zaman İlham Əliyevin bu sözlərində həqiqətin nə qədər böyük olduğunu sübuta yetirir. Eyni zamanda bu günlərdə Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana qaçmaq istəyən Vaqif Xaçaturyan adlı terrorçunun hərbçilərimiz tərəfindən yaxalanması da göstərir ki, Azərbaycan terrorla təkbaşına mübarizə aparır və istədiyinə nail olur.

 

Möhtəşəm və qürurverici inkişaf yolu

 

Aradan ötən 20 ildə respublikamızda baş verən bütün prozitiv dəyişikliklər, o cümlədən sosial-iqtisadi inkişaf sahəsində əldə edilən möhtəşəm uğurlar, Azərbaycanın regionda və dünyada söz sahibi olan dövlətə çevrilməsi möhtərəm İlham Əliyevin Heydər Əliyev yolunun ən layiqli davamçısı olduğunu göstərir.

 

2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevin ilk gündən başlatdığı sosial-iqtisadi islahatlar respublikamızda tarixdə görünməmiş inkişafı reallığa çevirib. Ən əsası bu inkişaf məhdud sfera ilə məhdudlaşmayaraq cəmiyyət həyatının bütün sahələrini əhatə edib. Elə buna görə 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də xalqımız Prezident İlham Əliyevin ətrafında səfərbər olub və Heydər Əliyevin ideyalarının davam etdirilməsinə səs verib.

 

Ötən 20 ildə Azərbaycanın keçdiyi yüksəliş və inkişaf yolu, həqiqətən, möhtəşəm və qürurvericidir. İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün dünyada müstəqil və qətiyyətli siyasət yürüdən dövlət kimi tanınır. Bu bir reallıqdır ki, regional və qlobal səviyyədə Azərbayanla hesablaşır, respublikamızın mövqeyini qəbul edirlər. Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin bu sahədə yürütdüyü qətiyyətli siyasət gətirdiyi iqtisadi dividendlərlə yanaşı, Azərbaycanı regionda və dünyada söz sahibinə, nüfuzlu dövlətə çevirib. Təsadüfi deyil ki, bu gün Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin üçdə biri ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

 

20 ilin əsas uğurları kimi iqtisadiyyatımızda 3 dəfə artıma nail olunmasını, əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yüksəlməsini, Azərbaycanın kosmik ölkələr klubuna üzv qəbul edilməsini, əhalinin məşğulluğunun təmin edilməsini, dövlət-vətəndaş münasibətlərində ən mükəmməl mexanizmlərin tətbiq olunmasını, xoşagəlməz və neqativ hallara qarşı effektiv mübarizə aparılmasını misal göstərə bilərik. Hansı ki, bütün bunlar nəticə etibarilə cəmiyyətimizdə xoş ab-havanı, vətəndaş məmnunluğunu, insanların hakimiyyətə etimadının daha da yüksəlməsini təmin edən amillər kimi özünü göstərir.

 

İlham Əliyevin Azərbaycana rəhbərliyinin ən böyük nailiyyəti isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Vətən müharibəsindəki qələbə həm də bütün dövlətçilik salnaməmizin ən böyük hadisəsi, bu qələbəni təmin edən İlham Əliyev isə müasir tariximizin müzəffər sərkərdəsidir.

 

Bütövlükdə Azərbaycanın hər bir uğuru, müstəqillik tariximizin hər bir pozitiv hadisəsi Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin, Ulu Öndərin ideyalarının layiqincə reallaşdırılmasının təcəssümüdür. Torpaqlarımızın azad edilməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri göstərir ki, Heydər Əliyevin arzuları həyata vəsiqə alır. Ötən 20 ilin reallıqları fonunda isə Prezident İlham Əliyevin yürütdüyü siyasətin konturları aydındır və bu, Azərbaycanda həyatın bütün sahələrində yeni uğurlara nail olacağımızı əminliklə və qətiyyətlə söyləməyə əsas verir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı