Modern.az

Ermənistan danışıqlarda səmimi olmalıdır - Deputat

Ermənistan danışıqlarda səmimi olmalıdır - Deputat

Aktual

4 Avqust 2023, 11:28

"Ermənistan rəhbərliyinin açıqlamaları göstərir ki, İrəvan əslində sülh prosesində maraqlı deyil".


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov son günlər yuxarı Qarabağ ətrafında cərəyan edən hadisələri şərh edərkən deyib.

“Ermənistan imitasiya ilə məşğuldur. Nikol Paşinyan hökuməti bir sıra açıqlamalarda guya sülhdə maraqlı tərəf olduğunu iddia edir, lakin Ermənistanın atdığı addımlar, əməli hərəkətlərinin heç biri sülhə töhfə vermir.

Bir yandan nisbətən müsbət açıqlamalar verilir, digər tərəfdən Laçın yolu ilə bağlı, o cümlədən Qarabağdakı ermənilərin durumu haqqında həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər.

Bu da iki ölkə arasında etimadın yaranmasına çox ciddi mənfi təsir göstərir. Beynəlxalq hüquqa əsasən, sözügedən bölgələr Azərbaycanın suveren əraziləridir. Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır”, - deputat vqeyd edib.

C.Məmədov Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibədə Ermənistandakı ermənilərə önəmli mesaj verdiyini vurğulayıb

“Cənab Prezident bir daha xatırlatdı ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır”.


Qarabağdakı ermənilərin durumuna toxunan millət vəkili deyib ki, onlar ya reinteqrasiya olmalı, ya da prezidentimizin qeyd etdiyi kimi əraziləri tərk etməlidirlər.

“Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqları təmin edilməklə onlar Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir.

Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşündə tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması və sərhədlərin müəyyənləşməsi məsələsində razılıq olduğunu təsdiqləsə də, Laçın yolu ilə bağlı əsassız iddiaları da gündəmə daşıdı. Yenə Qarabağda ermənilərin "blokodasından" və "böhrandan" söz açaraq hər zamankı kimi rəsmi Bakını ittiham etdi.

Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.

Paşinyan anlamalıdır ki, həqiqəti əks etdirməyən açıqlamalar prosesə ancaq mənfi təsir göstərir, münasibətləri kəskinləşdirir. Əfsuslar ki, bu, artıq ənənə halını alıb”.


Deputat bildirib ki, Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalı, danışıqlarda səmimi olmalı, nəticənin əldə olunması üçün ortaya konkret mövqe qoymalıdır:

“Ziddiyyətli açıqlamalar verməklə irəliyə doğru yol qət etmək mümkün olmayacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı