Modern.az

Çoxmərtəbəli yaşayış kompleksində nöqsanlar aşkarlandı - FOTOLAR

Çoxmərtəbəli yaşayış kompleksində nöqsanlar aşkarlandı - FOTOLAR

Aktual

4 Avqust 2023, 12:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri paytaxtın Xətai rayonundakı Ceyhun Həsənov küçəsi, 4A ünvanında yerləşən “Xətai-7” MMC-yə məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə təşkil olunub.

 

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən edilib. Bundan başqa, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, qəza-işıqlandırma sisteminin olmadığı və elektrik təsərrüfatının “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı da müəyyənləşdirilib.

 

Həmin nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda, yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.

 

Diqqətə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların səmərəli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı