İtaliyada gecə klubundan çıxan içkili gənclər üçün pulsuz taksi xidməti göstəriləcək.
Modern.az BBC-yə istinadən xəbər verir ki, İtaliya hökuməti tərəfindən həyata keçirilən layihənin məqsədi qəzaların sayını azaltmaqdır.
Baş nazirin müavini və nəqliyyat naziri Matteo Salvininin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində gecə klublarını tərk edənlərin spirti içki qəbul edib-etmədiyi yoxlanılacaq, içkili olan şəxslər pulsuz taksi ilə təmin ediləcək.
Pulsuz taksi xidməti keçən həftənin sonunda altı gecə klubunda sınaqdan keçirilib. Sınaq prosesinin sentyabrın ortalarına qədər davam edəcəyi, bundan sonra əldə edilən məlumatların qiymətləndiriləcəyi və layihənin gələcəyinin müəyyənləşdirilməsi planlaşdırılır.
Lakin layihə bir çox şəxs tərəfindən tənqidlə qarşılanıb. Tənqidçilər deyir ki, layihə gəncləri pulsuz taksi xidmətindən yararlanmaq üçün daha çox içki qəbul etməyə sövq edəcək.