Yay aylarında həm paytaxtda, həm regionlarda kirayə mənzil bazarında qiymətlərdə ciddi dəyişiklik olur. Bunun əsas səbəbləri bir çox insanın istirahət üçün paytaxtı tərk etməsi, tələbələrin yay tətili üçün regionlara qayıtması və sairdir.
Adətən yay aylarında Bakıda kirayə qiymətlərində nisbətən ucuzluq müşahidə edilirdi. Ancaq bu dəfə vəziyyət fərqlidir. Həm sosial şəbəkələrdə, həm də elan saytlarında kirayə mənzillərin qiymətinin əvvəlki illərlə müqayisədə artdığını müşahidə edə bilərik.
Hazırda kirayə mənzil bazarında vəziyyət necədir?
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Modern.az-a açıqlamasında kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə edildiyini deyib.
“Hazırda Bakı şəhərində kirayə mənzil bazarında qiymətlər yüksək olaraq qalır. Ümumi olaraq təklifin sayı 871-dən 875-ə qədər artıb. Ay ərzində təklifin həcmində 0,46% , il ərzində isə 11,04% artım var. Təkliflərin az da olsa artımına baxmayaraq, qiymətlərdə azalma müşahidə edilmir. Əgər ötən ay mənzilin orta aylıq kirayə qiyməti 851 manat idisə, indi bu rəqəm 843 manata düşüb. Ay ərzində cəmi 0,94% azalma var. Amma ötən ilin eyni dövrü ilə müqayisədə 14,07% artım var. Kirayə mənzillərin 1 kv.metrinin dəyərində ay ərzində 0,21% artım qeydə alınıb”.

Ekspert, həmçinin qiymətlərdə olan artımın mənzillərin otaq sayı, şəraitləri ilə əlaqəli olduğunu vurğulayıb.
“Seqmentlər üzrə də kirayəyə mənzil bazarında qiymətlərdə azalama, keçən illə müqayisədə isə artım var. Otaq sayından asılı olaraq qiymətlər müxtəlif cür dəyişir. İl ərzində ikiotaqlı mənzillərdə 11, 91%, üçotaqlı mənzillərdə 10, 68%, çoxotaqlı mənzillərdə 23,92%, ən çox isə birotaqlılarda 31,46% artım olub. Ay ərzində ucuz mənzillərdə 1,15% artım olub. Yəni ucuz mənzillərdən orta aylıq qiyməti 436 manatdan 441 manata qədər artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 39,56% artım var. Amma bahalı mənzillərdə 1,72% azalma, ötən ilin eyni dövrünə nisbətən isə artım var. Kirayə mənzil bazarında regionlarda da ay ərzində 5,17% azalma var, amma ötən ilin eyni dövrü ilə müqayisədə 7,31% artım müşahidə edilib”.
Jalə Rövşən