Avqustun 26-da Laçın şəhəri günü tədbirlərinin keçirilməsi tariximizin ən yadda qalan hadisələrindən və ilklərindən biridir. İndiyədək bizdə şəhər günləri keçirilməyib. İşğaldan azad edilmiş şəhərlərimizin günləri cənab Prezident İlham Əliyevin fərmanı ilə təsis edilib. Hər şeydən əvvəl Laçın şəhərinin işğaldan azad edilməsi, Həkəri çayı üzərindəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması müharibədə qazandığımız qələbə qədər böyük tarixi əhəmiyyət daşıyır.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib.
O bildirib ki, bununla Azərbaycan məsələni tamamilə bitirdi. Şəhər günündə Dövlət başçımızın laçınlılarla görüşü xoş ovqat yaratdı. Toplantıda cənab Prezidentin çıxışı həm Ermənistana, həm də onları müdafiə edən dairələrə bir xəbərdarlıq oldu:
“Azərbaycan öz əraziləri daxilində süverən hüquqlarını özü həyata keçirir, kimsəyə özünün daxili işlərinə qarışmağa icazə vermir, belə halların qarşısı qətiyyətlə alınacaq və Azərbaycan bir qarış torpağını heç kimə verməyəcək”.
Musa Qasımlı, həmçinin əlavə edib ki, Laçında görülən işlər qürurverici, heyrətamiz və ibrətamizdir:
“Ona görə qürürvericidir ki, qısa müddət ərzində Azərbaycan böyük işlərə imza atdı. Heyrətamizdir ki, bir çox ölkə Azərbaycanın bu nümunəsindən istifadə edə bilər. İbrətamizdir ki, Azərbaycan xalqı, dövləri qurucudur. İnsanlar üçün dinc, normal, təhlükəsiz yaşayış təmin edə bilir. Laçında görülən işlər bir daha təsdiq edir ki, dövlətimizin aydın və konkret strategiyası var və o strategiya planlı şəkildə, mərhələlərlə həyata keçirilir”.