Tanınmış jurnalist Alya Yaqublu Müsavat Partiyasından istefa verib.
Modern.az xəbər verir ki, bu barədə jurnalist özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Alya Yaqublu siyasi mənsubiyyətinin jurnalist fəaliyyətinə mane olduğu üçün bu addımı atdığını bildirib.
“Bilənlər bilir, bilməyənlər üçün yazım ki, tənqid məsələsində mənimçün özgəsi-özümünkü ayrı-seçkiliyi olmayıb; o cümlədən Müsavat Partiyasına münasibətdə də.
Amma bundan xəbərsiz olan və ya olub da özünü bilməzliyə vuran bəzi siyasətçilər "Axşam söhbəti"ndəki müzakirələrimizdə mənim mövqeyimi partiya mənsubiyyətimlə əlaqələndirirlər.
Ona görə də (peşə fəaliyyətimdə yaratdığı diskomforta görə) bu mənsubiyyətə son verirəm”.
Alya Yaqublu “Toplum TV” internet televiziyasında "Axşam söhbəti" verilişinin aparıcısıdır. O, uzun illər idi ki, Müsavat Partiyasında təmsil olunurdu.
Alya Yaqublu əvvəllər “Yeni Müsavat”, “525-ci qəzet”, “Rezonans”, “Avropa” qəzetlərində işləyib, “Azadlıq” qəzetində köşələrlə çıxış edib, “İntibah” qəzetinin baş redaktoru olub.
Alya Yaqublu 2009-2014-cü illərdə “Mediaforum.az” saytında bir neçə layihəyə rəhbərlik edib.
O, Müsavat Partiyasının Divan üzvü, Qadınlar Birliyinin sədri olub. Alya Yaqublu Müsavat Partiyasının aparıcı funksionerlərindən olan Tofiq Yaqublunun bacısıdır.