Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər, o cümlədən Qusar rayonunun Bala Qusar kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib, yanğın zamanı 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.