“Bugünkü Putin-Ərdoğan görüşü çox güman ki, Qarabağ ətrafındakı vəziyyəti və onun nisbi həllini müzakirə edəcək”.
Modern.az-ın məlumatına görə, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib. O, erməni syasətçilərin bu görüşü narahatlıqla izləyəcəyini etiraf edib.
Abramyan bildirib ki, 44 günlük müharibədən sonra Türkiyə Qarabağ məsələsində kifayət qədər önə keçə bilib və hazırda da mümkün qədər təsirini artırmağa çalışır:
“Bu isə şübhəsiz bizim maraqlarımıza ziddir. Rusiya əsas diqqətini Ukrayna cəbhəsi istiqamətində cəmləyib, lakin o, Cənubi Qafqazda səylərini gücləndirməlidir, çünki əks halda hadisələr onun üçün gözlənilməz məcrada keçə bilər”.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla görüşü bu gün - sentyabrın 4-də Soçidə baş tutacaq. Verilən məlumatlara görə, danışıqların əsas mövzusu Rusiyanın iyulda iştirakını dayandırdığı "taxıl müqaviləsi"nin bərpası ilə bağlıdır. Putin və Ərdoğan Ukrayna və Suriyadakı hərbi münaqişələri, Rusiya qazının Türkiyə ərazisindən tranzitini və çox güman ki, Cənubi Qafqazdakı məsələləri də müzakirə edəcəklər.