Sabiq baş nazir Pənah Hüseyn özünün sosial media hesabında tələbə vaxtı tutduğu gündəlikdən bir hissə paylaşıb.
Modern.az xəbər verir ki, o, gündəliyin həmin vərəqinin 1976 və ya 1977-ci ildə yazıldığını bildirib.
Gündəliyin mətnini təqdim edirik:
Dərnəyin məşğələsi çox maraqlı keçdi. Zeynal adlı 3-cü kurs tələbəsinin məruzəsi çox, dərnəkdəkilərin fikri maraq doğurdu. 4-cü kursdan Etibar bütün məsələlərə başqa cür yanaşdı.
Belə ki, onun fikrincə Rus-İran müharibəsi yox, rus-Azərbaycan müharibəsi olub. Çünki şah azərbaycanlı idi, qoşun Azərbaycanda təşkil olunub, hərbi əməliyyatlar da Azərbaycan ərazisində aparılıb...
“...Rusiya qoşunları tərəfində vuruşan azərbaycanlılar milli xainlərdir!
... Rusiyaya meyl edən xanlar siyasi uzaqgörənlik yox, siyasi korluq göstərmiş, Həştərxan, Sibir, Krım, Ukrayna hakimlərinin şəxsində öz talelərini başa düşə bilməmişlər.
...Xanlar Azərbaycanda “başlanmış” mərkəzləşmə meylindən qorxaraq, Rusiyanın ağuşuna atılmışdır”.
Olduqca maraqlı, diqqəti cəlb edən, təqdirəlayiq mühakimələrdir. Belə müstəqil düşünə bilənlər çox azdır. Çoxları, hətta bəzi əlaçı tarixçilər də belə hesab edirlər ki, məs. Trotski qarşısına məqsəd qoymuşdu ki, SSRİ-də sosializmi devirib, kapitalizmi bərpa etsin. Çox səthi düşüncəyə malik olan belələrinə aydın deyil ki, Trotski özünü marksizmə, kommunizm işinə, Lenin və ya Stalindən az sadiq hesab etmirdi. Trotskiyə onun nəyi istəyib istəməməsinə görə yox, onun ideyalarının, taktiki ideyalarının..."
Pənah Hüseyn deyib ki, mətndə adı çəkilən şəxslərdən biri Etibar Məmmədov, digəri isə Zeynal Nağdəliyevdir.
Qeyd edək ki, Z.Nağdəliyev hazırda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, E.Məmmədov isə Milli Azadlıq Hərəkatının liderlərindən biri, hazırda AMİP-in fəxri sədridir.
