Bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələrinə görə Vətən müharibəsi şəhidi polkovnik-leytenant, rabitəçi Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Bakı Dövlət Universitetinə, oğlu Əlihəsən Orucov isə Memarlıq və İnşaat Universitetinə qəbul olunublar.
Modern.az xəbər verir ki, sentyabrın 7-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində şəhidimizin tələbə adını qazanmış ailə üzvləri ilə görüş keçirilib, onlara hədiyyələr təqdim edilib.
Xatırladaq ki, şəhid xanımı Nigar Ağamalıyeva Bakı Dövlət Universitetinin filologiya ixtisasına, oğlu Əlihəsən Orucov Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye mühəndisliyi ixtisasına qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, Nail Orucov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.