Ucar Rayon İcra Hakimiyyəti yüksək balla ali məktəblərə qəbul olunmuş abituriyentlərə verilən ucuz hədiyyələrlə bağlı tənqidləri cavablandılrıb.
İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, sosial şəbəkələrdə tənqid olunan hədiyyələri abituriyentlər üçün onlar almayıb.
“Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayonu üzrə Təhsil Sektorunun həmkarlar təşkilatı tərəfindən alınmış xatirə hədiyyələri təqdim edilib”, - İcra Hakimiyyətinin məsul şəxsi bildirib.
Xatırladaq ki, ötən həftə Ucarda bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
İcra başçısı Mənsur Məmmədovun da iştirak etdiyi tədbirdə 7 nəfər 600-dən yuxarı bal toplamış abituriyentə qiyməti isə 5 manat 80 qəpik olan hədiyyə bağışlanıb.
Nəticədə sosial şəbəkələrdə yüksək bal toplayan tələbələrə 6 manatlıq saat kimi ucuz hədiyyələr verilməsi istehzaya səbəb olub.