Modern.az

138 yaşlı Üzeyir bəy 105 il əvvəl belə yazırdı: Yaşamaq istəyirik!

138 yaşlı Üzeyir bəy 105 il əvvəl belə yazırdı: Yaşamaq istəyirik!

Aktual

18 Sentyabr 2023, 12:20

Sentyabrın 18-də Azərbaycan xalqının dahi övladı, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. O, 18 sentyabr 1885-ci ildə Ağcabədidə anadan olub, 1948-ci ildə vəfat edib.

 

Modern.az bu münasibətlə onun 1918-ci ilin dekabrın 5-də "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycan Parlamanı" sərlövhəli məqaləsini təqdim edir:

 

Bu günlərdə Milli Parlamanımız açılasıdır. Bu işdə biz bir qədər gecikdik. Parlamanımızı bir qədər gec açdıq. Lakin bunun səbəblərindən sərfnəzər edib də, “gec olması, heç olmamasından yaxşıdır” zərbülməsəli ilə mütəsəlli olaraq [tǝsǝlli taparaq] bugünkü gündən danışaq.

 

Bu ilk Parlamanımızın əzaları [üzvləri] seçki üsulu ilə deyil “kooptasiya”, yəni kənardan səlahiyyətli şəxsləri cəlb etmək təriqi [üsulu] ilə yığıldı. Əgər bu iş, keçirdiyimiz xariqüladə [qeyri-adi, fövqəladə] bir zamanda icra olunmayıb da sülh və asayiş vaxtında olsa idi – böyük bir qüsur, hətta günah ədd [hesab] edilərək, hər bir tərəfdən şiddətli etiraza səbəb olardı: Necə ola bilər ki, Millət Məclisi hesab edilən böyük bir şuranın əzalarını millət əfradı [millətin fərdləri, xalq]seçməyib də, “kooptasiya” təriqi ilə çağırsınlar? Lakin, təkrar söyləyirik ki, keçirdiyimiz günlərin xariqüladə olması bir çox işləri də xariqüladə bir surətdə icraya məcburiyyət hasil etdirir. Onsuz da gecikmişik; bir də vaxtımızı seçki əməliyyatı ilə keçirmək istəsəydik, Parlamanımızı bu günlərdə deyil, bəlkə bir neçə ay bundan sonra görərdik. Halbuki, bugünkü günləri Parlamansız keçirmək, istiqlaliyyətimizin təyid [tǝsdiq] və bəqası [qalıcı olması] nöqteyinəzərindən heç bir vəch ilə caiz deyildir, hətta bir dərəcəyə qədər qorxuludur da.

 

Bəs, bir tərəfdən zəmanəmizin xariqüladəliyini, digər tərəfdən əhalimizin Parlaman əzası seçməkdə bir o qədər də hazır olmamasını və bu tərəfdən də Cümhuriyyətimizin bu gün Parlamana son dərəcə möhtac qaldığını nəzəri-əhəmiyyətə alıb və bir də qonşu cümhuriyyətlərimizin də həmin bu təriq ilə parlaman açdıqlarını yada salıb, bu gün açılası olan Parlamanımızı həqiqətən səlahiyyətdar və sahibi-ixtiyar bir Millət Məclisi deyə tələqqi [qǝbul] etməyi özümüzə fərz [vacib] bilməliyik.

 

Eşitdiyimizə görə, paytaxtımızda mövcud olan bir taqım qeyri-müsəlman cəmiyyətləri, yəni hökumət içində hökumət düzəltmək niyyətində olanları, Parlamanımızda iştirak etmək istəməmişdirlər. Bu hərəkət – Azərbaycan Cümhuriyyətinin təbəəsi, vətən övladı olmaq istəməməkdir; daha artıq – Azərbaycan Cümhuriyyətinin mövcud olduğunu inkar etməkdir. Ondan da artıq – Azərbaycan türklərinin azad və asudəliyinə qarşı böyük bir etirazdır...

 

Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəməyir. Qulaqlar var ki, lal edilmiş bir dilin, bir millət dilinin bu gün açılıb da söz söyləməsini eşitmək istəməyir. Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün hakim deyil, yalnız müstəqil və azad olmasını qəbul etmək istəməyir.

 

Varsın, olsun! Nə edək? Azərbaycan türklərini müstəqil və azad görmək istəməyənlər ya gərək bizi zorla təkrar qul və əsir etsinlər, ya buna gücləri çatmazsa, “tən qəzaya verib” əmri-vaqe [fakt] qarşısında ixtiyarisükut etsinlər [susmağı seçsinlǝr] və ya buna da vicdanlarını razı edə bilməsələr, vətən deyib Azərbaycan torpağından çıxıb getsinlər. Bu üç təklifdən hansı birini qəbul etmək istəsələr, sahibi-ixtiyardırlar. Ancaq bunu dürüst bilməlidirlər ki, biz Azərbaycan türkləri zorla, güclə də olsa, əsarət zəncirini təkrar boynumuza salmaq istəməyəcəyik. Bu fǝqǝrǝni [maddǝni; şǝrti] həmişə nəzərdə tutub, işlərinin səlahına baxsınlar [işlǝrinǝ yarayanı, özlǝri üçün uyğun olanı seçsinlǝr].

 

O ki qaldı bizə – biz bu cürə hərəkətlərdən mütəəssir olmamalıyıq; biz öz işimizdə olmalıyıq. Milli Parlamanımızı, Milli Şuramızı açaq – Allahdan mədəd, bizdən hərəkət deyib, kamali-ciddiyyət ilə işə başlayaq. Artıq-əskik sözlərə qulaq asmayaq.

 

Bəli, bu günlərdə Milli Parlamanımız açılasıdır. Deməli, Azərbaycan istiqlalı təmin edilmiş olmasa da, təkmil ediləcək [tǝkmillǝşǝcǝk] və Cümhuriyyətimiz siyasi bir vahid olmaq üzrə mükəmməl bir surətə girəcəkdir. Bunun özü də böyük bir ürək təskinliyidir; siyasətcə əzim [böyük] bir əhəmiyyəti haiz olan [daşıyan] və mənəviyyatca da həm bizlərə, həm sairlərinə dərin bir təsir bəxş edən böyük bir əmrdir.

 

Nə tövr olursa olsun, Parlamanımızın vücudu – ehtiyacatımıza müvafiq gələn qanunlar düzməkdən əlavə – Cümhuriyyətimizin həm daxilən və həm xaricən ciddi bir surətdə görünməyinə səbəb olacaqdır; böylə ki, bu gün bizi vücud hesab etmək istəməyənlər dəxi vücudumuzun var olduğunu, Milli Şuramızdan çıxan səslərlə iqrar [tǝsdiq] və etirafa məcbur qalacaqlar; kar qulaqlar da bu səsi eşidəcək, kor gözlər də bizi görəcəkdir ki:

 

Filhəqiqə [həqiqətən], Milli Şuramızın ən ilk vəzifəsi bu olmalıdır.

 

– Qışqırsın! Fəryad etsin!

 

Və elə qışqırsın ki, bu fəryadın əkssədası Avropanı da keçib, Atlantik dəryayi-ümmanından [okeanından] da atlayıb, Vilsonların guşü huşunu [qulağını; diqqǝtini] fəryad gələn yerə cəlb etsin!

 

Bu fəryad nədən ibarət olmalıdır?

 

Yalnız bu iki kəlmədən: – Yaşamaq istəyirik!

 

Bu fəryad kifayətdir ki, Milli Parlamanımız ən əvvəl bununla məşğul olub da, bu yoldakı vəzifəsini haqqı ilə ifa edərsə, yəni yaşamaq haqqına, istiqlal qabiliyyətinə malik bir millət olduğumuzu isbat edərsə, əminəm ki, bunun nəticəsi ətrafımızı çevirmiş, həyat və azadlığımıza qarşı diş qıcamış olan düşmənlərimiz üzərində təsirsiz qalmaz; bəlkə onlara: “Çəkil geri!” – deyib də acıqlananlar da olar.

 

Bu halda daxili işlərimizi düzəltmək, lazımi islahat yeritmək, millətin zəif bədəninə qüvvət verǝn dərmanlara təvəssül etmək [müraciǝt etmǝk, ǝl atmaq] işləri asan vəchlə icra oluna bilər: Camaatımız ənvayi-müsibətlərdən [növ-növ müsibǝtlǝrdǝn] darıxmaz; hökumətimiz öz işlərində karıxmaz, Parlamanımızın özü də böyük və müqəddəs vəzifəsini bir növ asudəliklə ifaya qadir olub, millətlər müqəddəratı həll olunacaq günədək bir çox lazım əmrləri [işlǝri] və vacib işləri pişəzvǝqt [qabaqcadan] yerinə yetirməklə böyük bir vəzifəmizi ifa etmiş olarıq.

 

Allah müvəffəq buyursun.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı