Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də Ermənistanın davamlı təxribatlarına qarşı başlatdığı sülhə məcburetmə əməliyyatı 30 ilə yaxın davam edən işğala son qoydu və milli qürurumuzu yenidən dirçəltdi. Sentyabrın 27-dən başlayan Zəfər yürüşü Azərbaycan xalqının son 200 illik tarixinin ən şərəfli səhifəsi, gələcək nəsillərin qürur duyacağı müqəddəs səlnaməsidir.
Məlum olduğu kimi, 27 sentyabr Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin anım günü elan olunub və həmin dövrdən başlayaraq, Azərbaycan xalqı, dünya azərbaycanlıları və xalqımızla, onun müqəddəs, ədalətli mübarizəsində həmrəy olan hər kəs rəşadətli əsgər və zabitlərimizin xatirəsini böyük kədər və qürur hissi ilə anır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə müzəffər Ordumuzun şərəfli əsgər və zabitlərinin nümayiş etdirdikləri fədakarlıq, cəsarət və mərdlik xalqımızın öz torpağına, Vətəninə olan sonsuz sevgisinin ən parlaq nümunəsidir. Torpaqlarımın azadlığı uğrunda döyüşən, sağlamlığını itirən, şəhid olan qəhrəman oğullarımızın mütləq əksəriyyətinin müstəqil Azərbaycanda doğulmaları, Ulu Öndərin ideyaları ilə tərbiyə olunmaları, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi zaman kəsiyində bir Azərbaycan vətəndaşı, bir şəxsiyyət olaraq formalaşmaları bu illər ərzində yürüdülən siyasətin əsas hədəfinin ərazi bütövlüyümüzün təmin edilməsi olduğunu təsdiqləyən amillərdən biri kimi dəyərləndirilməlidir. Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə addım-addım böyük qələbəyə doğru addımlayaraq, bayrağımızın yenidən tarixi yurd yerlərimizdə dalğalanmasına nail oldu.
Anım gününün bu il fərqli bir anlamı var, şübhəsiz. 3 il öncə sentyabrdan başlayan yol, elə sentyabrda da tamamlandı, Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı hərbi xunta və qanunsuz hərbi birləşmələr ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycanın suveren hüquqları ölkənin bütün ərazilərində təmin olundu, milli iradə yenidən qalib gəldi, işıq qaranlıq, xeyir şər üzərində zəfər çaldı. Bu tarixi günlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızı qürurla, fəxrlə anır, əziz xatirələri qarşısında baş əyirik. Azərbaycan xalqı və dövləti öz şəhidlərinin xatirəsini əbədiyyətə qədər yaşadacaq, adlarını daim uca tutacaq, onların canlarını fəda etdikləri müqəddəs amallar uğrunda mübarizəsini davam etdirəcək, bayrağınızı Vətənin əlçatmaz yüksəkliklərində dalğalandıracaqdır.
Azər Kərimli
Milli Məclisin deputatı